Unudulmaz aktyorun yubiley gecəsi

 

Martın 14-də Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illiyinə həsr edilmiş gecə keçirildi.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə dəstəyi ilə təşkil edilmişdi. İştirakçılar əvvəlcə unudulmaz aktyorun sənət yoluna həsr edilmiş fotosərgi ilə tanış oldular.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev mərasimi açaraq Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən sənətkarın 100 illik yubileyinin qeyd edildiyini bildirdi.

Gecədə kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, rejissor Ayaz Salayev, aktrisa Tamara Gözəlova çıxış edərək Lütfəli Abdullayevin sənəti və yaratdığı obrazlar, yaradıcılıq axtarışları haqqında danışdılar. Bildirildi ki, sənətkar Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində bənzərsiz obrazlar qalereyası yaratmaqla yanaşı, həm də populyar kino aktyoru idi. Kinoda ilkson dərəcə uğurlu işi 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filmində Vəli rolu olub. Bu filmin yaradıcı heyətinin digər üzvləri ilə birgə 1946-cı ildə Dövlət mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?”da Zülümov, “Ulduzda Məhəmməd, “Qəribə əhvalat”da Kefçilov kimi yaddaqalan rollar yaradıb.

Bildirildi ki, Lütfəli Abdullayev Dövlət Musiqili Komediya Teatrının səhnəsində bir çox tamaşalarda - “Beş manatlıq gəlin”də Möhsün, “Toy kimindir”də Qoşun, “Durnada Dursuns. unudulmaz rollara imza atıb. Yumordan məharətlə istifadə etmək, komik vəziyyətləri realist planda tamaşaçılara çatdırmaq onun yaradıcılığı üçün səciyyəvi idi.

Tədbirdə aktyorun qızı Gülnarə Abdullayeva tərəfindən lentə alınan, sənətkara həsr edilən “İkinci ömür” adlı sənədli film nümayiş etdirildi.

Sonda Gülnarə Abdullayeva çıxış edərək ailəsi adından atasının sənətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə və gecənin təşkilatçılarına minnətdarlığını bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 4.