Mədəniyyət
ocaqlarının Novruz buketi
Qışı geridə qoyan yurdumuza yeni nəfəs, təzəlik, təravət gətirən bahar gəlir. Yazın gəlişinin, təbiətin oyanışının və ümumilikdə yenilənən həyatın bayramı olan Novruzda zövqümüz də təzələnir, ruhumuz dincəlir. Bu mənada qarşıdakı istirahət günlərində bayram əhvalımızın daha rəngarəng olması, özəlliklə məktəblilərin yaz tətilinin daha mənalı keçməsi üçün mədəniyyət ocaqları - teatr və konsert müəssisələri də maraqlı şənliklər, bayram tədbirləri hazırlayıblar. Bayram günlərində hər bir valideyn övladının maraq dairəsində və özünün maddi imkanları çərçivəsində əyləncə tapa bilər. Bunun üçün sadəcə afişaları izləmək yetərlidir.
“Toppuş
bacı” ilə Novruz şənliyi
Paytaxtın ən möhtəşəm konsert salonlarından olan Heydər Əliyev Sarayı maraqlı bayram proqramı hazırlayıb. Martın 22-23-də respublikanın Əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə “Baharın nağılı” adlı yeni və maraqlı bayram proqramı təqdim olunacaq. Novruzun sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak etdiyi musiqili tamaşada uşaqları bir çox başqa sürprizlər də gözləyir.
“Maşa
və Ayı” yenə bizimlədir
Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşası ilə yenə paytaxtımızın qonağı olacaq. Öncəki səfərlərdə olduğu kimi, bu dəfə də kollektivin qastrol səfəri böyük ajiotajla gözlənilir. “Multi-Pulti dünyası” teatrının “Maşa və Ayı. Novruz sərgüzəştləri” adlı yeni səhnə təqdimatı balaca tamaşaçılara əsl Novruz hədiyyəsi olacaq. Uşaqlar sevimli personajları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını martın 18-dən 23-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər.
Onu da qeyd edək ki, “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb, MDB məkanında rəsmi tərəfdaşlıq hüququna malikdir. Tamaşa məxsusi olaraq Azərbaycan seyrçiləri üçün “Maşa və Ayı” cizgi filmi və Novruz motivləri əsasında hazırlanıb.
Hadisələr bayram ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə yanaşı, Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edir. Səhnə əsəri Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada Azərbaycan və gürcü aktyorları çıxış edəcək. Balaca tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər gözləyir.
Keçəlin kələyi
Bir neçə günlük tətil həyəcanından Akademik Milli Dram Teatrının yaradıcı kollektivi də geri qalmayıb. Balacaları şənləndirmək istəyən kollektiv onlar üçün Novruzun personajları Kosa və Keçəlin təqdimatında maraqlı şənlik tərtib edib. Bayram tətili günlərini əhatə edəcək proqrama tamaşalardan parçalar, uşaqlarla maraqlı oyunlar, viktorinalar daxil edilib.
“Qırmızı
papaq” hazırlanıb
Azyaşlı tamaşaçılar üçün hər zaman maraqlı sürprizlər hazırlayan Dövlət Gənc Tamaşaçılar Teatrında isə Novruz tətili münasibətilə yeni tamaşa hazırlanıb. Rus dramaturqu Yevgeni Şvartsın “Qırmızı papaq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Bəstəkar Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssam Elşən Sərxanoğlu, səhnə əsərini ruscadan tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor köməkçisi Sona Mustafayevadır.
Səhnə əsəri Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edir.
Maraqlı və fərqli yozumu olan tamaşada Əməkdar artist Almaz Mustafayeva, aktyorlar Məsumə Babayeva, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Xalidə Əliməmmədova, Günel Məmmədova, Səbinə Məmmədova və başqaları iştirak edirlər. Tamaşa məktəblilərin yaz tətili günlərində, martın 25-dək nümayiş etdiriləcək.
“Xəzərdə
Novruz”
Novruz münasibətilə maraqlı yeniliklərdən birinə də Dövlət Rus Dram Teatrı imza atıb. Kollektiv müasir texnologiya, işıq effektləri ilə fərqli bir nümunə ərsəyə gətirib. “Xəzərdə Novruz” adlı tamaşa məktəblilərin yaz tətili günlərində (martın 24-dək) nümayiş olunacaq. Səhnə əsərində cizgi filmi qəhrəmanlarının sərgüzəştləri bir çələngdə təqdim ediləcək.
Kukla Teatrının bayram
repertuarı
Uşaqların sevimli məkanlarından olan A.Şaiq adına Dövlət Kukla Teatrı da yaz tətili günlərində maraqlı repertuar müəyyənləşdirib. Martın 19-dan 27-dək xüsusi proqramda balacalara “Göyçək Fatma”, “Ələddin”, “Qoçaq Əhməd” (rus dilində), “Məlikməmməd”, “Nağıl haqqında nağıl” (rus dilində), “Cırtdan”, “Karlson” (rus dilində), “Zınqırovlu pişik”, “Göysaqqal” (rus dilində) tamaşaları təqdim ediləcək. Keçəl və Kosanın sürprizləri, nağıl qəhrəmanlarının sehrli dünyasına səyahət də kuklaçıların vədidir.
Pantomima həvəskarları isə...
Əslində hərəkətlərin dilə gəldiyi bu sənət üslublu tamaşalar böyüklərlə yanaşı, uşaqların da marağına səbəb olur. Azərbaycan Dövlət Pantomima Teatrı da bayram günlərində repertuarını uşaq auditoriyasına hesablayıb. Martın 19-dən 26-dək pantomimasevərlər “Tıq-tıq xanım”, “Pantomima buketi”, “Dejavü”, “Məlikməmməd” kimi nümunələri izləmək imkanı qazanacaqlar.
“Baharın 117
anı”
Bayram günlərinin maraqlı məkanlarından biri də Bakı Dövlət Sirkidir. Bu dəfə Rusiya və Ukraynadan paytaxtımıza möhtəşəm sirk proqramı gətirilib. “Baharın 117 anı” adlı proqramda şirlərin və pələnglərin çıxışı təqdim olunacaq, mahir atçapanlar qrupu tamaşaçılara unudulmaz anlar yaşadacaq. Lama, oxlu kirpi, meymunlar, ümumilikdə 111 adda heyvan və quşların iştirak etdiyi böyük attraksionlar olacaq, hava nömrələri göstəriləcək. Proqram çərçivəsində klounlar qrupunun da çıxışı nəzərdə tutulur. Hər nömrəsi iki saat çəkəcək proqram martın 30-dək davam edəcək.
Sumqayıt və
Gəncədə bayram proqramı
Paytaxtla yanaşı, digər şəhərlərimizdə də teatr və konsert müəssisələri Novruza xüsusi hazırlıq görüblər. Sumqayıt Dövlət Musiqili Dram Teatrının “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında hazırladığı bayram şənliyi martın 18-dən etibarən nümayiş etdirilir.
Gəncədə isə Dövlət Kukla Teatrının kollektivi Novruz bayramında fidan balalar üçün yeni tamaşa hazırlayıb. Martın 22-dən 30-dək nümayiş etdiriləcək “Novruz sevincləri” adlı səhnə əsərində bayramın adət-ənənələrindən bəhs olunur. Tamaşada əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktyorlar Mahirə Hüseynova və başqaları rol alıb.
Cəbhə
bölgəsində Novruz
Füzuli Dövlət Dram Teatrında Novruzun gəlişi ilə əlaqədar “Könlüm bahar istəyir” adlı bayram şənliyi hazırlanıb. Yaradıcı heyət ilaxır çərşənbə günlərində kəndlərdə, yeni salınmış qəsəbələrdə ictimaiyyət qarşısında konsert proqramı ilə çıxış edir.
Dədə Qorqudun xeyir-duası ilə başlanan bayram şənliklərində Kosa ilə Keçəlin zarafatları, Bahar qızın təbrikləri hər kəsdə yüksək əhval yaradır.
* * *
Bütövlükdə ölkəmizin mədəniyyət ocaqları bu bayram günlərində sizlərin ruhunu oxşamaq, könlünü xoş etmək üçün böyük zəhmət çəkib, imkanlarını səfərbər ediblər. Odur ki, bu gözəl baharın qoxusunu teatr və konsert müəssisələrinin parıltılı səhnələrindən də duymağa çalışın.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 5.