Novruzda çeşidli
turlar
Təklif olunan səyahət paketləri əksər
bölgələri əhatə edir
Qədim mədəni irsimizin zəngin ənənələrini yaşadan Novruz yurdumuza qədəm qoyur. Bir çoxlarını qarşıdakı bir həftəlik istirahəti harada və necə keçirmək düşündürür. Kimi bayram günlərini evində, kimi regionlarımızdakı istirahət məkanlarında, kimi də xarici ölkələrdə qeyd etmək niyyətindədir. Turizm şirkətləri səyahət həvəsində olanlara maraqlı turlar təklif edir.
Bölgələrə
səfər etmək istəyənlər üçün
Səyahət təklifləri içərisində diqqəti cəlb edən istiqamətlərdən biri Zaqatala-Balakən-Siqnaxi-Tbilisi turudur. “Turizm.az” şirkəti tərəfindən təşkil edilən turun qiyməti 219 manatdır. 22-25 mart tarixlərində reallaşdırılacaq tur zamanı iştirakçıları müxtəlif əyləncələr gözləyir. Şirkətin daxili turizm departamentinin müdiri Sahib Ənsərovun dediyinə görə, turu sifariş edənlər çoxdur. Tur iştirakçıları iki əsr tarixi olan Zaqatala qalası, Balakən tarix-diyarşünaslıq muzeyi, rayon ərazisində yerləşən «Cümə» məscidi ilə tanış olacaq, Siqnaxi və Tbilisi şəhərini müxtəlif ekskursiya proqramları üzrə gəzəcək, habelə Şəkinin tarix-mədəniyyət abidələri haqqında məlumat ala biləcəklər.
Şirkət 20-21 mart tarixlərində Oğuz-Şəki istiqamətində daha bir tur təşkil edəcək. 95 manat qiyməti olan paketə hoteldə gecələmə, nəqliyyat, Oğuz və Şəki şəhərinə ekskursiyalar, əyləncəli oyunlar daxildir. Tur zamanı çəkilən şəkillər iştirakçılara pulsuz veriləcək. 24-25 martda Lənkərana da tur təşkil ediləcək. 77 manat qiyməti olan tur iştirakçıları Lənkəran şəhərinin tarixi, mədəniyyəti ilə tanış olacaq, cənub bölgəsinin mətbəxindən ləzzət alacaqlar.
Yerli turlardan əlavə, şirkət xaricə, o cümlədən Misirin Şarm əl-Şeyx şəhərinə, İstanbula, Tailanda turpaketlər təqdim edir.
Avropa və Asiya
ölkələri daha populyardır
Novruz tətilini xarici ölkələrdə keçirmək istəyənlərin də seçim imkanları genişdir. «Xəzər travel» bayram münasibətilə çeşidli xidmətlər təklif edir. Şirkətin direktoru Abbasqulu Məmmədovun sözlərinə görə, bu il ənənəvi Türkiyə və Dubay istiqamətlərindən əlavə, Asiya ölkələrinə, o cümlədən Tailand, Sinqapur, Malayziyanı seçənlər də çoxdur. Şirkət ölkədaxili turlar da təşkil edir. Təklif edilən turlardan daha çox sifariş olunanı isə Qəbələ, Quba, Qusar və Lənkəran istiqamətinədir. Turlar zamanı iştirakçılar üçün yerli hotellər də müxtəlif şənliklər, əyləncələr hazırlayıblar.
«İmprotex travel» Novruz münasibətilə Şri-Lankaya və İspaniyanın Barselona şəhərinə turlar təşkil edir. Şirkətin direktor müavini Yelena Xramsovanın sözlərinə görə, müxtəlif qitələrdə yerləşən bu iki istiqamətin özünəməxsus özəllikləri var. “Şirkətimizin mütəxəssisləri Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını maksimum genişləndirməyə çalışırlar. Turpaketlərə gediş və qayıdış biletləri, 3, 4 və 5 ulduzlu hotellərdə gecələmə, qidalanma, sığorta və şəhər boyu müxtəlif ekskursiyalar daxildir».
«VIP Travel» şirkəti isə bayramla əlaqədar Şri-Lanka, Barselona, Paris, Roma, Praqaya turlar təşkil edir.
«Ok-Tours» şirkətinin bayram turları da genişdir. Gəncə-Mingəçevir istiqamətində reallaşdırılan «River Side» turu 99 manatdan başlayır. 22-23 mart tarixlərində reallaşacaq
tur zamanı iştirakçıları müxtəlif
idman növləri üzrə yarışlarda
iştirak, Mingəçevir
və Gəncə şəhərinə ekskursiyalar,
Kür çayı boyunca gəmi ilə səyahət, balıq ovu və digər əyləncələr gözləyir.
Ailəvi istirahət edənlər
üçün 5 yaşına
qədər uşaqlara
səfər pulsuzdur.
«Şahdağa» qış mövsümünün
son turu
«Millennium» şirkəti müştərilərinə Novruzla
bağlı yerli istirahət məkanlarımıza
turlar təklif edir. Şirkətin daxili
turizm şöbəsinin
əməkdaşı Əfqan
Şahquliyevin dediyinə
görə, bu il Qəbələ,
Mingəçevir-Şəki istiqamətində turlar təşkil edilib. İstirahət məkanlarında Novruzun personajları Keçəl və Kosanın iştirakı ilə şənliklərin
keçirilməsi nəzərdə
tutulur. Şirkətin təşkil etdiyi
populyar turlardan biri də «Şahdağ»
Qış-Yay Turizm Kompleksinədir. Builki qış
mövsümünün sonuncu
turunun qiyməti 29 manatdır.
Şirkət Novruz günlərində Türkiyəyə, Dubaya,
Avropanın və Asiyanın müxtəlif ölkələrinə də
turlar təklif edir. Xarici turlar üzrə menecer Jalə Nuriyevanın sözlərinə görə,
bu il
xarici ölkələrə
turpaketlərin qiymətində
artım var. Bu isə
aviabiletlərin qiymətinin
nisbətən qalxması
ilə bağlıdır.
«Dərviş travel»in
təklifləri də
rəngarəngdir. Şirkətin baş direktoru Nadir Nadirovun sözlərinə
görə, Novruz bayramı münasibətilə
ölkəmizin Quba, Qəbələ, Şəki
və Masallı rayonlarına müxtəlif
turlar təşkil edilib. 2 və
3 günlük səfər
müddəti turistlərin
istəyinə uyğun
olaraq artırıla da bilər. Qiymətlər ötən illə
müqayisədə demək
olar ki, dəyişməyib. 90-140 manat arasında olan qiymətə nəqliyyat xərci, hoteldə qalma və səhər yeməyi daxildir. Turistlərin
yerləşəcəyi bəzi
hotellərdə bayram
şənlikləri təşkil
olunacaq. Amma şənliyin
qiyməti turpaketə
daxil deyil.
Şirkətin Türkiyə, Dubay, Tailand, Malayziya və Avropa ölkələrinə də
turları var. Novruz ərəfəsində bu
ölkələrə turların
qiymətləri qalxıb. Adıçəkilən ölkələrdə 3, 4 və
5 ulduzlu hotellərdə
bir həftəlik səfər qiymətləri
800-1000 manat arasında
dəyişir. Baş direktor
bir məqamı da vurğuladı ki, hazırda Dubayda dincəlmək eyni şərtlərlə
Avropa ölkələrində
istirahətlə demək
olar ki, eyni qiymətə başa gəlir. Ona görə də müştərilər daha
çox Avropa ölkələrini seçirlər.
“Tərəkəmə
çərşənbəsi”
“Heritage travel” şirkəti və “Miras” İctimai Birliyi Azərbaycanda ilk dəfə
olaraq «Tərəkəmə
çərşənbəsi» turu təşkil edib. İştirakçılar Ağsu rayonunun
Gəgəli kəndində
İlaxır çərşənbə
mərasimində iştirak
ediblər. Tura qatılanlar
«Tərəkəmə çərşənbəsi»ni kənd evlərində qədim adət-ənənəyə uyğun
keçiriblər. Tonqal qalanıb,
yumurta döyüşdürülüb.
Adətə görə kənd
sakinləri niyyət edir, axşamdan səhərə qədər
oyaq qalır, “çillə çıxarırlar”.
Tura qatılanlar da yeri sakinlərlə
birgə bu adət-ənənəyə şahid
olublar. Bundan əlavə, iştirakçılar
kənd sakinləri ilə birlikdə qurşaq atıb, müxtəlif oyunlar oynayıblar. Turun ikinci
günü (19 mart) isə
dan yeri ağaranda “Tərəkəmə
çərşənbəsi” mərasimi ilə yadda qalacaq. Səfər iştirakçıları
Orta əsr Ağsu şəhərindəki
Cümə məscidi,
su anbarları, yaşayış evləri
və qızıl dəfinəsinin tapıldığı
buzxana ilə də tanış
olublar.
* * *
Beləliklə, Novruzu harada və necə qeyd etmək məsələsində rəngarəng imkanlar, çeşidli səfər turları var. Ən əsası isə odur ki, bu bayramı könül xoşluğu, yüksək əhvalla yaşayaq. Bayramınız mübarək!
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 9.