Jurnalistlərə Novruz hədiyyəsi

 

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin məqsəd və məramından danışıb, Azərbaycan dövlətinin dəstəyi ilə mətbuatın inkişafı istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına xüsusi qayğı göstərdiyini faktlarla diqqətə çatdırıb. Qeyd edilib ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış Fondun da əsas məqsədi milli jurnalistikamızın inkişafına kömək göstərməkdir. Jurnalistlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Mətbu orqanlara layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır.

Çıxışlardan sonra qaliblərə mükafatlar təqdim olunub. 10 istiqamət üzrə keçirilən müsabiqəyə 96 yazı təqdim edilib. Yazılar 9 müstəqil ekspert tərəfindən qiymətləndirilib. Hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Qaliblər arasında “Mədəniyyət” qəzetinin redaktoru Vüqar Əliyev də var. Bundan əlavə, 10 iştirakçı həvəsləndirici mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 10.