“Azərbaycan
muğamları” kitabının təqdimatı
Martın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında qurumun katibi, Xalq artisti, professor Ramiz Zöhrabovun “Azərbaycan muğamları” kitabının təqdimatı oldu. Tədbiri Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva açaraq bildirdi ki, görkəmli musiqişünas alimin kitabında Azərbaycan xalqının musiqi irsində muğamların yeri, bədii dəyəri, səciyyəvi cəhətləri araşdırılıb.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Ramiz Zöhrabovun elmi-pedaqoji və ictimai fəaliyyətindən danışdı. Bildirildi ki, alim “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Azərbaycan muğamının nəzəri problemləri”, “Bəstəkarlarımızın portreti”, “Azərbaycan modal musiqisi” və s. dəyərli kitab və dərsliklərin müəllifidir. Ramiz Zöhrabov həmçinin xalq çalğı alətləri orkestri üçün “Bayram lövhələri”, “Uşaq səhnələri”, “Ərdəbil lövhələri” süitalarının, instrumental pyeslərin müəllifidir.
AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova bildirdi ki, Ramiz Zöhrabovun çoxşaxəli fəaliyyət sahələrinin biri digərini həmişə tamamlayıb. Uzun illər şifahi ənənəli musiqimizi, folklor nümunələrini və bəstəkar yaradıcılığını araşdıran alim, eyni zamanda öz bilikləri və çoxillik təcrübəsini yetişməkdə olan gənc musiqiçilərlə bölüşüb, dərsliklər müəllifi kimi musiqi təhsilində uğurla çalışıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, ABİ-nin katibləri - Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova və digər çıxış edənlər musiqişünas alimin çoxşaxəli yaradıcılığından söz açdılar.
Tədbirdə həmçinin gənc musiqişünas Leyla Zöhrabovanın “Ramiz Zöhrabov: görkəmli musiqişünas alim” kitabı təqdim olundu. Ramiz Zöhrabov haqqında videoçarx nümayiş etdirildi. Sonda incəsənət ustalarının ifasında bəstəkar tərəfindən nota salınmış “Segah” təsnifi və “Heyratı” zərbi-muğamı ifa olundu.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 10.