Avropa Oyunları Azərbaycanın potensialını nümayiş etdirəcək”

 

“Bakının inkişafı, abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır”

 

“Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq olmuşdur. Müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Bizim strategiyamız dəyişməz olaraq qalır. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, millidini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır”.

Prezident İlham Əliyev bu fikirləri martın 19-da Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, məhz taleyimiz öz əlimizdə olduğu halda xalqımız böyük zirvələrə çata bilər və müstəqil Azərbaycanın uğurlu inkişafı bunun göstəricisidir: “Biz müstəqilliyimizi qoruyuruq, qoruyacağıq və ildən-ilə müstəqilliyimiz möhkəmlənir. Bizim xarici siyasətimiz tam müstəqildir, milli maraqlara söykənir. Bölgədə gedən proseslərdə Azərbaycanın təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq. Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, o gün uzaqda deyil”.

Prezident qeyd edib ki, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, böyük sosial layihələr icra edilir: “İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artmışdır. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Azərbaycan dünyada çox önəmli enerji təchizatçısı kimi öz rolunu oynayır”.

Bu il regionların sosial-iqtisadi inkişafı üzrə növbəti Dövlət Proqramının qəbul edildiyini deyən ölkə başçısı vurğulayıb ki, qalan sosialiqtisadi məsələlər 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da 2016-cı ilə qədər tam şəkildə icra edilməli və paytaxtda sosial infrastruktur problemi, iqtisadi problem qalmamalıdır: “Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu Bakı sakinləri, digər bölgələrdən gələn qonaqlar görürlər, xarici qonaqlar bunu qeyd edirlər. Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız vardır. Yeni infrastruktur layihələrinin icra edilməsi, şəhər nəqliyyatı ilə bağlı böyük planlarımız vardır. Artıq onların bir hissəsi icra edilir. Bakının ən cəlbedici yerlərindən biri olan milli parkımız, bulvarımız gözəlləşir, abadlaşır, bulvarın ənənəvi hissəsi ən yüksək səviyyədə təmir edilmişdir. Bayraq Meydanından Bibiheybət istiqamətinə gedən bulvar tikilir, ümid edirəm ki, ilin sonuna qədər o hissə də ictimaiyyət üçün açıq olacaqdır. Orada yeni şəhərciklər - “Bakı Art Cityadlanan incəsənət şəhərciyi, idman şəhərciyi yaradılır. O hissə bir ildən sonra şəhərimizin ən gözəl yerlərindən birinə çevriləcəkdir. Bulvarın əks istiqamətində işlər aparılır, “ şəhər bulvarı” tikilir. Bu ilin sonuna qədər o istiqamətdə də əlavə 2 kilometr bulvar, avtomobil yolu, parklar salınacaqdır. Beləliklə, bulvarın uzunluğu şəhər”dən Bibiheybətə qədər uzanacaqdır. Bu da təqribən 16 kilometr məsafədir. Xalça Muzeyi yaxın zamanlarda istifadəyə veriləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni, möhtəşəm binası tikilir, bu yaxınlarda istifadəyə veriləcəkdir. Bir sözlə, Bakının inkişafı, abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır”.

Prezident vurğulayıb ki, bu gün paytaxtda həyata keçirilən infrastruktur, abadlıq işləri ilə yanaşı, gələn il Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına böyük hazırlıq gedir: “Bu oyunlar Azərbaycanı bir daha dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edəcək, Azərbaycanın potensialını nümayiş etdirəcək, xalqımızın istedadını göstərəcəkdir. Biz bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Əminəm ki, biz buna nail olacağıq”.

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 2.