Azərbaycanın Novruz şənlikləri “Euronews” telekanalında

 

“Euronews” telekanalı Azərbaycanda Novruz bayramından geniş reportaj təqdim edib. Süjetdə ölkəmizdə Novruzun yazın ilk günündə qeyd olunduğu bildirilib.

Reportajda diqqətə çatdırılıb ki, Novruz alovu Atəşgahdan götürülür. Bu ibadətgah qədimdə zərdüştlüyün mərkəzlərindən biri olub. Od bu bayramın əsas rəmzlərindəndir. Qədimdən indiyədək baharın gəlişini təbiətin oyanışı kimi bayram edirlər.

Qeyd edilib ki, Novruz bayramı ərəfəsində həm də idman yarışları keçirilir. Meydana toplaşan pəhləvanlar məharətlərini nümayiş etdirirlər.

Novruzda süfrələr şirniyyatlarla zəngin olur. Şəkərbura, paxlava, badambura, qoğal bayram xonçalarının bəzəyidir.

Fala baxma da Novruzun adətlərindədir. Cavan qızlar üzük, su falları ilə gələcək talelərini öyrənməyə çalışırlar. Novruza ən çox sevinənlər isə uşaqlardır, axı bu bayram onlara bol sevinc bəxş edir.

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 3.