Cenevrədə
“Beynəlxalq Novruz Günü”
Martın 25-də BMT-nin Cenevrə şəhərində yerləşən bölməsinin baş qərargahının binasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyənin daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilib. Tədbir BMT Baş Assambleyasının 2010-cu ildə 21 martın “Beynəlxalq Novruz Günü” kimi qeyd olunması ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq gerçəkləşib.
Mərasimdə çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru M.Moller Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd edib. O, tədbirin təşkilində iştirak etmiş 9 ölkənin daimi nümayəndəliklərinin bu addımını mədəni əməkdaşlığın əyani nümunəsi kimi səciyyələndirib.
Tədbirdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş diplomatik korpusun üzvləri, Cenevrə şəhərinin rəsmiləri, diasporumuzun nümayəndələri iştirak ediblər.
İştirakçılar Novruz bayramı
münasibətilə Azərbaycan daimi nümayəndəliyi
tərəfindən təqdim edilmiş şirniyyatları və
milli mətbəx nümunələrini dadıb, ölkəmizin
tarixi, mədəniyyəti və incəsənəti ilə
bağlı müxtəlif fotoşəkil və materiallardan
ibarət sərgiyə baxıblar.
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 4.