Ölkəmiz
Daşkənddə Novruz şənliklərində
təmsil olunub
Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, eləcə də bu ölkənin Beynəlmiləl Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti keçirilib.
Daşkəndin “Türküstan” konsert sarayında gerçəkləşən bayram tədbirində çıxış edən ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev iki xalqın ortaq bayramı olan Novruz haqqında söhbət açıb. Qeyd olunub ki, 2010-cu ildə Azərbaycan və Özbəkistanın da yaxından iştirakı ilə BMT Baş Məclisi 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev bildirib ki, Novruz Azərbaycanda olduğu kimi, Özbəkistanda da ən əziz bayramdır və yüksək səviyyədə qeyd olunur: “Şadam ki, bizi həm də Novruz bayramı birləşdirir”.
Çıxışlardan sonra bayram konserti
təqdim olunub. Konsertdə ölkəmizi
“Aypara” qrupu təmsil edib. VII beynəlxalq “Avrasiya səsləri” festivalının
qalibləri - Ədalət
Behbudov (tar), Pərviz
Fərhadov (kamança)
və II respublika muğam müsabiqəsinin
qalibi, xanəndə Aytən Məhərrəmova,
habelə “Muğam televiziya müsabiqəsi -
2007”nin laureatı, xanəndə
Vüsal Zamanovun xalq mahnılarımızı,
muğam və təsniflərimizi yüksək
ustalıqla ifaları
alqışlarla qarşılanıb.
Özbəkistan tərəfdən, Bakıda
keçirilmiş beynəlxalq
muğam festivalının
qaliblərindən Yulduz
Turdiyeva və “Nixol” mükafatı laureatı, tanınmış
müğənni İsroil
Saidumarov, Rəna Əzizova Azərbaycan və özbək mahnılarını oxuyub,
İlham Abdullayev sazda qədim el havalarını ifa
edib. Aytən Məhərrəmova, Vüsal
Zamanov və Yulduz Turdiyevanın birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi”ni isə
iştirakçılar ayaq
üstə alqışlayıb.
“Türküstan” konsert
sarayının foyesində
Azərbaycan mədəniyyəti,
Novruz adət-ənənələri,
ölkəmizin turizm potensialı, muğam sənəti ilə bağlı kitablardan ibarət sərgi, rəsm və xalçalarımız, milli
məişət əşyaları,
qədim musiqi alətlərimiz, suvenirlər
nümayiş etdirilib. İştirakçılar bayram şirniyyatları - paxlava, şəkərbura
və qoğala qonaq edilib. Sərgidə Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin nəzdindəki
“Azərbaycan qızları”
rəqs ansamblının
üzvləri milli rəqslərimizi ifa ediblər.
Azərbaycan musiqiçiləri Səmərqənd
şəhərində də Novruz
bayramı münasibətilə konsert
veriblər.
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 4.