Dünya teatr bayramı
Əlamətdar gündə “Bizim
teatr” festivalına
start verildi
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edildi. Əslində,
ümumilikdə teatr,
onun yaranma tarixi və missiyasına nəzər saldıqda bir mənzərə aydın
olur: teatr hər bir xalqın
özünüifadə vasitəsidir.
Deməli, teatrın yaranma
məkanı və zamanından asılı olmayaraq o hamının, dünyada mövcud bütün sivilizasiyaların
ünsiyyət vasitəsidir.
Elə buna görə də onun meydana
gəlişi xüsusi
bir günlə beynəlxalq miqyasda qeyd olunmaqdadır.
1948-ci ildən teatr
ictimaiyyəti rəsmi
olaraq UNESCO-nun himayəsi
altında Beynəlxalq
Teatr İnstitutunda birləşməyə başladı. Beynəlxalq
Teatr İnstitutunun
1961-ci il martın 27-də Vyanada gerçəkləşən IX konqresi isə dünya sənət təqviminə əlamətdar
bir gün bəxş etdi. 27 mart Beynəlxalq Teatr Günü elan edildi.
Bu gün bütün dünyada “Teatr xalqlar arasında əməkdaşlıq və
sülhün qorunması
vasitəsidir” devizi ilə keçirilir və hər il bu münasibətlə nüfuzlu
sənət xadimləri
dünya ictimaiyyətinə
müraciət edirlər.
Bu ənənənin əsasını isə fransalı yazıçı
Jan Kokto 1962-ci ildə
qoyub.
Beynəlxalq Teatr Günü
hər il
Azərbaycanda da qeyd edilir. Azərbaycan
Teatr Xadimləri İttifaqının təşkilati
dəstəyi, Bakı
Uşaq Teatrının
təşəbbüsü ilə reallaşan “Bizim teatr” festivalı
da artıq ikinci ildir ki,
bu əlamətdar gündə açılır.
Festivalın məqsədi hər
bir aktyorun diqqət mərkəzində
olmasına şərait
yaratmaq, onlara öz bacarıqlarını
nümayiş etdirmək
üçün meydan
vermək, Azərbaycanda
festival ənənəsinin genişlənməsinə vasitəçi
olmaqdır.
Budəfəki festivala Türkiyə, Gürcüstan və İrandan teatr kollektivləri qatılıb. Festivalla
bağlı Qız qalasının yanında gerçəkləşən mərasimdə
Azərbaycan Teatr Xadimləri İttifaqı
sədrinin müavini,
Xalq artisti Rafiq Əliyev və Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan çıxış edərək
iştirakçılara Beynəlxalq
Teatr Günü münasibətilə təbriklərini
çatdırdılar.
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət
göstərən “Günay”
teatr studiyası kollektivinin ifasında milli rəqslər nümayiş olundu.
Həmin gün Teatr Xadimləri İttifaqının
tamaşa zalında “Bizim teatr” festivalı
çərçivəsində tamaşaların nümayişi
başlandı.
Tamaşaların nümayişindən əvvəl
Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Azər Paşa Nemətov çıxış
edərək iştirakçıları
salamladı. Bildirildi ki, festivalda
Azərbaycanı Bakı
Uşaq Teatrı təmsil edir. Festivalda iştirak üçün
janr məhdudiyyəti
qoyulmayıb.
Qeyd edildi ki, martın 29-dək davam edəcək festivalın bütün tamaşaları Azərbaycan
Teatr Xadimləri İttifaqının səhnəsində
və foyesində nümayiş olunacaq.
Tədbirdə Türkiyənin Eksanat Teatrının direktoru Erhan Kaya və
Gürcüstanın Berikebi
Teatrının rejissoru
Revaz Bainazişvili festivala dəvət olunduqlarına görə
təşəkkürlərini bildirdilər. Onlar festivalda pantomima
janrında hazırlanmış
tamaşa ilə çıxış edəcəklərini
diqqətə çatdırdılar.
Sonra tamaşalar
nümayiş olundu. İlk olaraq
Bakı Uşaq Teatrının hazırladığı
“Apokalipsis” monotamaşası
təqdim edildi. Gün ərzində Türkiyənin
Eksanat Teatrının
kollektivinin ifasında
bir, Bakı Uşaq Teatrının ifasında isə daha 2 tamaşa nümayiş etdirildi.
Həmidə
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 5.