Novruz bayramına sənət töhfəsi
Bakı Salsa Festivalı
Novruz bayramı günləri paytaxtımızda müxtəlif incəsənət tədbirləri ilə yadda qaldı. Belə tədbirlərdən biri - “Badi-Kubə Salsa” məktəbinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Hyundai Auto Azərbaycan” şirkətinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Novruz Salsa Festivalı da şəhərimizə təşrif buyuran qonaqlara və paytaxt sakinlərinə əsl bayram ab-havası, yaz təravəti bəxş etdi. Martın 21-dən 23-ə qədər davam edən tədbir Dövlət Bayrağı Meydanı ilə üzbəüz yerləşən istirahət məkanlarının birində təşkil olunmuşdu. Biz də tədbiri işıqlandırmaq məqsədilə üz tutduq festivalın keçirildiyi məkana.
Latın Amerikası rəqslərinin
həvəskarları bir arada
Zala daxil olanda özümüzü sanki hansısa Latın Amerikası ölkəsində hiss etdik. Musiqi sədaları altında dünyanın müxtəlif yerlərindən gəlmiş gənc cütlüklər sərbəst proqram şəklində öz rəqslərini ifa edirdilər. Burada hər kəsin ortaq dilinin, ünsiyyət vasitəsinin salsa rəqsləri olduğu parlayan gözlərdən hiss olunurdu. Bir qədər davam edən sərbəst proqram daha sonra öz yerini Fransadan gəlmiş Terri və Sesilin ustad dərslərinə verdi. Gənclərə bu rəqsin sirlərini öyrədən təlimçilər öz dərs proqramını daha çətin icra olunan hərəkətlər üzərində qurmuşdular. Gənc rəqqaslar isə göstərilən hərəkətləri həvəslə təkrar etməyə çalışır, bütöv rəqs formasında icra etməyə səy göstərirdilər. Biz isə təlimçilərlə gəncləri baş-başa qoyub respublikanın Əməkdar artisti, “Badi-Kubə Salsa” məktəbinin yaradıcısı, eyni zamanda müəllimi Sənan Hüseynli ilə söhbətləşdik. Özü haqqında məlumat verən müsahibim festival və digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşdü.
Salsa improvizasiya rəqsidir
- Öncə onu deyim ki, 23 il Azərbaycan Dövlət Rəqs Ansamblında çalışmışam. Fəaliyyətim əsasən milli rəqslərlə bağlı olsa da, bununla kifayətlənmək istəmədim, Latın Amerikası rəqslərini öyrənməyə başladım. Türkiyədə, ABŞ-da, Meksikada dərslər aldım. 2001-ci ildə ilk dəfə Azərbaycanda “Badi-Kubə Salsa” məktəbinin əsasını qoydum. Bal və salon rəqsləri kimi tanınan salsa sosial rəqs olduğundan ictimaiyyət tərəfindən böyük marağa səbəb oldu. Əsasən həvəskarlar üçün nəzərdə tutulan rəqslərə peşəkar rəqqaslar da müraciət etməyə başladı. Artan marağı nəzərə alaraq biz də fəaliyyətimizi genişləndirməyə çalışdıq, öz komandamızla dünyanın müxtəlif ölkələrində təşkil olunan festivallara, müsabiqələrə qatıldıq, Azərbaycanda yarışlar keçirdik. İndiyə kimi iki dəfə ölkə, bir dəfə Bakı çempionatı təşkil etmişik. Beynəlxalq dərəcəli təlimçi və hakim kimi bir çox ölkələrdə təşkil olunan yarışlara, festivallara tələbələrimlə birgə qatılıram. Bizim ifa etdiyimiz salsa rəqsləri bir çox yönləri ilə tamaşaçıların diqqətini çəkir. Buna səbəb isə qurduğumuz rəqslərdə milli rəqs elementlərimizdən istifadə etməyimizdir. Hətta beynəlxalq dərəcəli hakimlər, təlimçilər bu istiqamətin davam etdirilməsini, daha da təkmilləşdirilməsini arzu etdiklərini bildirirlər. Təbii ki, bütün bunlar da bir müəllim və rəqqas kimi məni çox sevindirir.
- Fransalı təlimçilərin ustad dərslərini bir qədər müşahidə etmək imkanımız oldu. Sadə tamaşaçıda Latın Amerikası rəqslərinin bir-birini təkrarladığı təəssüratı yaranır. Salsa bir rəqs kimi nə ilə fərqlənir?
- Ümumiyyətlə, Latın Amerikası rəqsləri iki yerə bölünür, bal və sosial rəqslər. Salsa ikinciyə aiddir və Meksikanın, Kubanın, bir çox Cənubi Amerika ölkələrinin folklor rəqsləri hesab olunur. Həm bal, həm də sosial rəqslərdə bir çox oxşarlıqlar olsa da, əsas fərq ondan ibarətdir ki, salsada rəqs qabaqcadan qurulmur, rəqqaslar hansısa hərəkətlərin ardıcıllığını əzbərləmirlər. Bu bir növ cütlüklərin improvizasiya rəqsləridir. Onlar necə hiss edirlərsə, bir-birini necə qavrayırlarsa elə də rəqs edirlər. Bu isə o deməkdir ki, tərəf-müqabillər bir-birilərini nə qədər yaxşı başa düşürlərsə, rəqs də bir o qədər mükəmməl alınır, baxımlı olur. Bu rəqsdə aparıcı tərəf kişidir. O, xanımın rəqs imkanlarına bələd olmalı və onu yönləndirməyi bacarmalıdır. Bu baxımdan rəqsin gözəlliyi, ahəngliyi kişidən və onun xanımı necə yönləndirməsindən asılıdır. Xanım da öz növbəsində müəyyən peşəkarlığa sahibdirsə, o zaman mükəmməl rəqsin ortaya çıxacağı şübhəsizdir.
- Gələk Bakı
Novruz Salsa Festivalına. Bu ideya necə yarandı və qarşınıza qoyduğunuz məqsədə
nail ola bildinizmi?
- Biz əslində Bakıda beynəlxalq salsa festivalının
keçirilməsini çoxdan
istəyirdik. Dünyanın bir çox ölkələrində qatıldığımız
hər festivalda bu fikir ağlımızdan
keçirdi. Ancaq müəyyən
səbəblərdən bu
arzunu reallaşdıra
bilmirdik. Nəhayət,
bu il
belə bir ideya ilə çıxış etdik.
İstədik ki, bu
festival həm şəhərimizin
adını daşısın,
həm də Novruzla əlaqəli olsun. Daha bir məqsədimiz isə dünya salsa həvəskarlarını, təlimçiləri
paytaxtımızla tanış etmək,
bu gözəllikləri
onlara da göstərmək idi. Məkan olaraq Dövlət Bayrağı Meydanının
ətrafını seçməyimiz
də təsadüfi deyil. Müxtəlif ölkələrdən dəvət olunmuş
salsa həvəskarları dünyanın
ən hündür bayrağının ətrafında
toplaşdılar, Novruz
tonqalına, buradakı
bayram ab-havasına bələd oldular. Sağ olsunlar, Mədəniyyət və
Turizm Nazirliyi, eyni zamanda “Hyundai Auto Azərbaycan” şirkəti
təşkilati məsələlərdə
bizə kifayət qədər yardımçı
oldu. Biz də
çalışdıq ki,
festivalın proqramı
zəngin olsun. Bu məqsədlə Bakıya həm salsa həvəskarlarını, həm
də tanınmış
təlimçiləri dəvət
etdik. Onlar burada ustad dərsləri keçdilər,
özlərinin hazırladıqları
şou proqramlarla çıxış etdilər.
Festivala qatılan ölkələrin sayı
da az
olmadı. Türkiyədən, Ukraynanın müxtəlif
şəhərlərindən, Gürcüstandan, Birləşmiş
Ərəb Əmirliklərindən,
Belçikadan və digər Avropa ölkələrindən qruplar
festivala qatılmaq məqsədilə Bakıya
gəldi. Onları
bələdçilərlə təmin etdik, şəhərin gəzməli,
görməli yerləri
ilə tanış
oldular, milli mətbəximizdən daddılar.
Bildiyim və ünsiyyətdə
olduğum qədərilə
onların əksəriyyəti
ilk dəfədir ki, şəhərimizə gəlirlər
və təəssüratları
da olduqca müsbətdir.
“Çox təəssüfləndik ki,
niyə indiyədək
Bakıya gəlməmişik”
Biz də öz növbəmizdə qonaqlardan
Bakı Salsa Festivalı,
ustad dərsləri və digər məqamlarla bağlı təəssüratlarını almaq istədik. İlk həmsöhbət
olduğumuz fransalı
təlimçilər Terri Toliyo
və Sesil Ovid Bakıda olmaqdan məmnunluqlarını ifadə
etdilər.
- İlk dəfədir
ki, Azərbaycana, Bakıya gəlirik. Şəhəriniz olduqca gözəldir.
Dəniz
sahili, bulvar möhtəşəmdir. Buradan, Bayraq
Meydanın ətrafından
şəhərinizə gözəl
mənzərə açılır.
Bakıya gələndən sonra çox təəssüfləndik ki,
niyə əvvəl bura baş çəkməmişik.
İnsanlarınız çox mehribandır,
bizi gülərüzlə
qarşıladılar. Yeməklərinizdən də daddıq,
çox xoşumuza gəldi. O ki qaldı, festival və ustad dərslərinə, onu deyə bilərəm
ki, sizin rəqqaslar çox istedadlıdırlar. Həm peşəkar
səviyyədə rəqs
etməyi bacarırlar,
həm də yenilikləri tez mənimsəyirlər. Bizim burada
təşkil etdiyimiz ustad dərsləri ən çətin rəqs hərəkətləri
üzərində qurulmuşdu.
Bununla belə onlar rəqsin öhdəsindən
ustalıqla gəldilər.
Festivalın təşkilati məsələləri
də yüksək səviyyədə təşkil
olunub. Gündüzlər hər dəfə
bir təlimçinin ustad dərsi keçirilir, axşamlar isə şou proqramlar təşkil olunur. Bağlanış tədbirində biz təlimçilər də
öz rəqs proqramımızla çıxış
edəcəyik, daha sonra sərbəst şou proqram olacaq.
Türkiyəli təlimçi Osman
Aydın, ukraynalı təlimçilər Olqa Prixodko, Anna Anichenko, Oleq Sokolov da
festival və şəhərimizlə
bağlı ürək
sözlərini, xoş
təəssüratlarını bölüşdülər.
Sadiq Musa
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 6.