Əskişəhərdə
Kazan rüzgarı
Xəbər verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının qərarına əsasən, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri 2014-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” elan edilib.
Kazan bu mədəniyyət estafetini ötən ilin “mədəniyyət paytaxtı”ı olmuş Əskişəhərdən (Türkiyə) qəbul edir. Bu münasibətlə martın 21-də Əskişəhər valiliyi və TÜRKSOY-un təşkilatçılığı ilə təntənəli mərasim keçirilib. Tədbirə Türkiyə baş nazirinin müavini Əmirullah İşler, milli təhsil naziri Nəbi Avçı, Tatarıstanın mədəniyyət naziri Ayrat Sibagatullin, TRT-nin baş dirktoru İbrahim Şahin, Əskişəhər valisi Azim Tuna, 30-dək ölkədən qonaqlar iştirak ediblər. Rəngarəng səhnələrin yer aldığı proqram mehtər qrupunun söylədiyi marşlar və türk dünyası ölkələrinin bayraqla keçid mərasimi ilə başlayıb. Tədbirdə nümayiş olunan fotosərgidə təbii gözəllikləri və istiqanlı insanları ilə tanınan Tatarıstanın paytaxtı Kazan əskişəhərlilərə və mərasimə dəvət alan qonaqlara tanıdılıb. Sonra Dədə Qorqud Novruz duası oxuyub.
“TRT Avaz” kanalı ilə canlı yayımlanan bağlanış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Əskişəhərin “Türk dünyası mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə yetirdiyini deyib: “Kazan şəhərinin də, Əskişəhərdən qəbul etdiyi bayrağı daha da yuxarılara qaldıracağına əminəm”.
Digər çıxış edənlər də Kazana uğurlar diləyiblər.
Çıxışlardan sonra türk dünyası ölkələrinin rəqs kollektivlərinin ifaları mərasimə rəng qatıb. Ardınca “Əskişəhər 2013 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ilinin başa çatması və estafetin Kazan şəhəri verilməsi mərasimi olub.
Qeyd edək ki, Əskişəhərdə “paytaxt ili”nin yekununa həsr olunmuş tədbirlər çərçivəsində türk dünyası kütləvi informasiya vasitələri nümayəndələrinin toplantısı da keçirilib. Tədbirdə 30 ölkədən 120 nümayəndə qatılıb. Ölkəmizi toplantıda Azərbaycan Mətbuat Şurasının və bəzi kütləvi informasiya vasitələrinin rəhbərləri təmsil ediblər. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bu gün KİV-in qarşısında duran əsas vəzifənin türkdilli ölkələr və toplular arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Daha sonra kütləvi informasiya vasitələrinə TÜRKSOY-un mükafatları təqdim edilib. Mükafata layiq görülənlər arasında Azərbaycandan “Mədəniyyət” telekanalı və “Olaylar” qəzeti də var.
Mehparə
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 7.