Kinooperatorların Xanı

 

Görkəmli kino xadiminin 95 illik yubileyi qeyd olundu

 

Martın 19-da Azərbaycan Dövlət Film Fondunda görkəmli kinooperator Xan Babayevin 95 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə sənətkara həsr edilmiş fotosərgi ilə tanış oldular.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq Xan Babayevin yaradıcılığından danışdı, onu kinematoqrafiyamızın inkişafında müstəsna xidmətləri olan sənətkar kimi xarakterizə etdi. Bildirdi ki, ötən əsrin birinci yarısında Azərbaycan filmlərinin çəkilişində əcnəbi operatorlar üstünlük təşkil edirdi: “İkinci Dünya müharibəsindən sonra Azərbaycan kinematoqrafiyasına yeni bir nəfəs gəldi. Çünki operatorların çoxu müharibədən qayıtmışdılar və müharibənin ağrı-acısını görmüş insanlar idi. Xan Babayevinömür yolu müharibənin od-alovundan keçib. O, lentə aldığı hər bir filmin dramaturji həllini yüksək səviyyədə qurmağa nail olub, əsrarəngiz portretlər ustası olduğunu isbat edib. Biz onun filmlərində təsvirlərin dinamikasını müşahidə edirik”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarın ömür yolundan və yaradıcılığından söz açdı. Onun çıxışı kinooperatorun çəkdiyi filmlərdən fraqmentlərlə müşayiət olundu. Bildirildi ki, Xan Yusif oğlu Babayev 1919-cu il martın 22-də Lənkəran rayonunun Seydəkaran kəndində həkim ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Bakıdakı 48 saylı məktəbdə alıb, 1931-1937-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Politexnikumunun elektronika fakültəsində oxuyub. Müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləyib. Lakin harada çalışmağından asılı olmayaraq, çox sevdiyi fotoaparatı heç vaxt əlindən yerə qoymayıb.

1938-ci ildə Xan Babayev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olur. II Dünya müharibəsi başlananda cəbhəyə yollanır, leytenantbir kinooperator kimi həm vuruşur, həm də kinosüjetlər çəkir. Müharibədən qayıtdıqdan sonra Moskvada təhsilini davam etdirən Xan Babayev görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında sənətin sirlərinə yiyələnir. Bir neçə sənədli filmi lentə alır, 1949-cu ildə “Bakının işıqları” tammetrajlı bədii filminin II operatoru olur.

Kinematoqrafda “təbiətin tərənnümçüsü” adlandırılan sənətkarın çəkdiyi “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s. filmlərdə təbiət adi fon rolunu oynamır, bu filmlərdə fon fəaldır, personaj kimi fəaliyyətdədir. Onun təqdimində Azərbaycanın meşələri, dağları, dərələri, bağları, çayları ekranda sanki cana gəlir, tamaşaçı ilə ünsiyyətdə olur. Xan Babayev əsl Azərbaycan milli kinooperatoru, doğma torpağın nəğməkarı idi. Təsadüfi deyil ki, tanınmış özbək kinooperatoru Əhməd Şəmiyev həmkarına bağışladığı fotoşəklin arxasında bu sözləri yazmışdı: “Hörmətli Xan! Sən operatorların Xanısan!”

Onun çəkdiyiQara daşlarbədii filmində epizodlar, xüsusilə dəniz lövhələri maraqlı inandırıcı alınıb. Yenilməz batalyonbədii filmi (R.İsmayılovla birgə) operator Xan Babayevin son ekran əsəridir. Sənətkar 1967-ci il mayın 29-da vəfat edib.

Xalq rəssamı Rafiz İsmayılov, kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov da sənətkarın yaradıcılıq yolundan danışdılar, xatirələrini dilə gətirdilər.

Sonda sənətkarın qızı Lalə Əlihüseynova yubiley tədbirinin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirdi.

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 7.