“Türk
xalqları öz keçmişlərinə
sahib çıxmaq gücündədir”
“TİKA bu işdə türk
toplumlarına yardımlar göstərir, layihələr
gerçəkləşdirir”
Türkiyə Cümhuriyyəti Nazirlər Kabineti yanında fəaliyyət göstərən Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) qurulduğu 1992-ci ildən bu yana türk mirasının qorunması və dünyaya təqdim olunması istiqamətində önəmli layihələrə imza atıb. Bu gün dünyanın 30-dan çox ölkəsində ofisi olan qurumun fəaliyyət istiqamətlərindən biri mədəni irslə bağlıdır. Qurumun bu yaxınlarda Bakıda “Türkiyə və Azərbaycanda yaşayan Qarabağ mədəniyyətinin təbliği” layihəsi çərçivəsində təşkil etdiyi simpozium da bu qəbildəndir. Tədbirdə TİKA başqanı Sərdar Cam da iştirak edirdi. Fürsətdən istifadə edib bizi maraqlandıran sualları ona ünvanladıq.
- Sərdar bəy, türk xalqlarının tarix və mədəniyyəti ilə bağlı fəaliyyətinizdə təşkilat olaraq əsas prioritetləriniz nədən ibarətdir?
- Mədəniyyət hər bir dövlətin ən önəmli varlığıdır. Tarixi, coğrafi bilgisi olmayan toplumlar aşınmaya, başqa dövlətlərin təpkisi altında qalmağa məhkumdur. Ona görə də bizlər türk dövlətləri olaraq eyni köklərə bağlı olsaq da, dəyərlərimizi öncə bir-birimizə anlatmağa, qorumağa, qarşılıqlı şəkildə öyrənməyə məcburuq. Xüsusilə də, kiçik düzənli mədəni toplumları qorumalıyıq. Bunlar dünya tarixinin, mədəniyyətinin önəmli dəyərləridir. Əgər Türkiyədə 300 il öncə Qarabağdan gələn mədəni birlik varsa, onun qorunması, önə çıxarılması və elmi çalışmaların həyata keçirilməsi, nəsildən-nəslə ötürülməsi lazımdır. Ona görə biz mümkün olduqca əcdadlarımızın varlıqlarını anlamaq, təsbit etmək və onların qoruması ilə bağlı layihələr həyata keçiririk. Məsələn, hazırda Monqolustanda türk xaqanlarından Tonyukukun məzarlığının tapıldığı yerə yol çəkməyə çalışırıq. Qazaxıstanda başqa türk anıtlarının tapılması, qorunması ilə bağlı arxeoloji qazıntılar aparırıq. Bundan başqa, Balkanlarda, Afrikada tarixi abidələrin bərpası ilə bağlı fəaliyyətlərimiz var. XXI əsr türklər üçün böyük yüksəliş dövrü olacaq. Bunu anlayan bütün türk toplumlarının bu işə əmək sərf etmələri lazımdır. Səsi-sədası Afrikanın ortalarına qədər gedən türklər Orta Asiyadan, Qafqazdan köç edən türk boylarıdır. Ərəb və ya afrikalı dediyimiz insanların bir qisminə baxdığımız zaman onların, əslində, Qafqazdan, Orta Asiyadan, Osmanlı coğrafiyasından gəldiyini yəqin edə bilərik. Onları tapmaq, kömək etmək insani və tarixi vəzifəmizdir. Bunlar TİKA-nın 22 ildir ki, həyata keçirdiyi işlərdir. Hər dönəm daha fərqli layihələri reallaşdırırıq.
- Yəni TİKA belə layihələrin ərsəyə gəlməsinə həm insani baxımdan dəyər verir, həm də bunu bir görəv, vəzifə olaraq həyata keçirir?
- Bizim bu istiqamətdə gördüyümüz işlərin təməlində hörmətli baş nazirimizin bu fəlsəfəsi dayanır: “İnsanı yaşat ki, dövlət yaşasın”. Təbii ki, insan ancaq keçmişi, tarixi ilə gələcəyə gedə bilər. TİKA-nın başqa bir layihəsi də mədəni varlıqların dünya mirasına qoşulması və qorunmasıdır. Müxtəlif ölkələrdə türk tarixi ilə bağlı yolların salınması, qədim tikililərin, məscidlərin qorunması, bərpası, Balkanlarda, Orta Asiyada bir çox tarixi abidələrin restavrasiyası ilə bağlı layihələrimiz var. Hazırda Türkmənistanın Mərv bölgəsində bu ölkənin müvafiq qurumları ilə birgə sultan Alp Arslanın qəbrinin tapılması ilə bağlı ortaq tədqiqat işləri aparırıq. Gələcəkdə orda türbə tikdirəcəyik. Bundan öncə Türkmənistanda sultan Səncərin türbəsini tikdirmişdik. Ümumiyyətlə, tarix bütün dünyaya aiddir. Yəni bütün bunlar bizim ortaq mirasımızdır və eyni zamanda dünya tarixinin bir hissəsidir.
Qeyd etdiyim kimi, bu gün Efiopiyada, Cibutidə, Liviyada türklər yaşayır. Yaxud bir ölkədə maddi irs nümunələrini araşdırarkən və ya restavrasiya edərkən qarşımıza, məsələn, Orta Asiya kökənli ərəblər çıxır. Amerikada qara dərililər “biz sizinlə qohumuq” deyirlər. Niyə? Ona görə ki, Sibirdən başlayaraq Yakutiyaya qədər gedən, Berinq boğazından keçərək Orta Asiyadan Amerikaya getmiş qara dərililərin bir qisminin türklər olduqlarını bilirik. Bunların hamısını zaman içində araşdırıb təsbit etməyimiz lazımdır. TİKA olaraq onların güclənməsinə yardım edirik. Lazım gəldikdə iqtisadi layihələr həyata keçiririk. Bütün bu işləri dövlətlərarası anlaşma, protokollar əsasında görürük. Maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması isə fəaliyyətimizdə hər zaman xüsusi yer tutur. Qeyri-maddi irs nümunələri türbələr, daşlar, binalar qədər önəmlidir.
Önəmli olan onların qorunmasıdır. Orta Asiyadakı Orxon yazıları bütün türklərindir, eyni zamanda, dünya mirasıdır. Türk xalqlarının bir çox mədəni irs nümunələri UNESCO-nun bəşəri irs siyahısına daxil edilib. Təkcə bu qurumlarla kifayətlənmək olmaz, türk xalqları öz keçmişlərinə sahib çıxmaq gücündədir. Biz də Türkiyə Cümhuriyyəti olaraq bu işdə türk toplumlarına yardımlar göstərir, layihələr gerçəkləşdiririk.
- Yəqin “Türkiyə və Azərbaycanda yaşayan Qarabağ mədəniyyətinin təbliği” layihəsi də bu məramdan irəli gəlib?
- Yuxarıda qeyd etdiyim kimi, TİKA türk xalqlarının mirasının qorunması ilə bağlı müxtəlif layihələr həyata keçirir. Təbii ki, Qarabağ dərdi, Azərbaycan torpaqlarının işğalda olması bizim də ortaq acımızdır, bunu çeşidli vasitələrlə dilə gətirməyə çalışırıq. Bu çərçivədə bu layihənin də faydalı olacağını düşünürəm. Yəni dünyaya bəzi mesajlar vermək üçün müxtəlif vasitələrdən yararlanmalıyıq, bu yöndə ortaq çalışmalıyıq. Uzun zamanlar öncə Qarabağdan Anadoluya köçən insanların hələ də özlərini qarabağlı hiss etmələri, öz dəyərlərini yaşatmaları Qarabağın türk torpağı olmasını bir daha isbat edir.
Həyata keçirdiyimiz bütün bu fəaliyyətlərə Türkiyə Cümhuriyyəti hökuməti bizə maddi və mənəvi dəstək verir. Zamanla birlikdə daha geniş çalışmalarımızın olacağına inanıram. Bakıda keçirilən simpozium da bir-birimizi dinləməyimiz, bir-birimizdən öyrənməyimiz üçün mühüm bir vəsilə oldu. Dinləmədən, araşdırmadan heç bir şey öyrənə bilməzsiniz. Biz də mümkün olduğu qədər tarixçilərimizi, mütəxəssislərimizi bir araya gətirməyə, geniş bir spektrdə işləməyə çalışırıq.
- Sərdar bəy, müxtəlif ölkələrdə reallaşdırdığınız layihələrdən bəhs etdiniz. Bu mənada TİKA-nın Azərbaycanda fəaliyyətini necə qiymətləndirmək olar?
- Azərbaycan artıq güclü bir dövlətdir. Hər nöqtədə iqtisadi baxımdan güclənmiş, təkamül etmiş, ehtiyaclarını addım-addım azaltmış güclü bir qardaşımız var. Biz hər şeydən öncə, iki xalqın, dövlətin imkanlarını, təcrübələrini paylaşması, bərabər olması, “bir əldə iki səs” məntiqi ilə bərabər olmaq istəyirik. Bunun üçün ortaq çalışmalar düzənləyirik. Yeni layihələr üzərində düşünürük. Azərbaycanda iqtisadiyyatla bağlı layihələrə artıq o qədər də ehtiyac yoxdur. Əksinə, bizim Azərbaycanla birlikdə başqa ölkələrə yardım layihələri həyata keçirməyimiz lazımdır. Çünki Azərbaycan da artıq dünya çapında beynəlxalq layihələrə imza atır. Mən bir türk olaraq Azərbaycanın, Qazaxıstanın, zənginləşən türk ölkələrinin daha da güclü olmasını, zənginləşməsini istəyirəm. Eyni zamanda biz zənginləşdikcə əslində düşmənlərimiz də artır. Ona görə də hər nöqtədə işbirliyimiz və güclənməyimiz lazımdır.
- Sevindirici haldır ki, hazırda türk xalqlarının özlərinə qayıdışlarına yardım edən belə qurumlar var. TİKA hazırda 30-dan çox ölkədə fəaliyyət göstərir. Dünyanın müxtəlif tərəflərinə yayılmış türklərin durumu necədir?
- Təbii ki, hər bir dövlətin öz çətinlikləri var. Sıxıntısı olmayan dövlət yoxdur. Bu gün televiziyaların, mobil telefonların, internetin ortaya gətirdiyi bir çox təhdidlərlə qarşı-qarşıya dayanmışıq. Babalarımızdan qalan tarixi, mədəni irsi qorumaq üçün hər kəsin çalışması lazımdır. Dövlətlər olaraq təhsil, mədəniyyət, sənət, radio, televiziya proqramlarında dəyərlərimizin, zənginliklərimizin itməməsi üçün önləm almalıyıq. İndi tək standartla yaşayan, məsələn, “Qanqam stayl” (“Gangnam Style”) musiqisini dinləyən, eyni markadan ayaqqabı, paltar geyinən, yarı türk, yarı ingilis dilində danışan nəslin yetişmə təhlükəsini hər birimiz görürük. O nöqtədə zənginliklərimizi itiririk. Bakıda düzənlədiyimiz bu tədbirdə Afyondan gələn sənətçilər Qarabağın dərdlərini ağlayaraq çatdırdı. Bu tədbirin eynisini gedib Afyonda keçirəcəyik. Bunlar əslində bir körpüdür. Buna bənzər mədəniyyətimizin qorunması, yaşadılması ilə mədəniyyətlərin qorunmasını önə çıxarırıq. Biz bunu diqqətə almasaq fəst-fud, pizza, hamburger yeyən, amma öz milli mətbəxindən xəbərsiz olan, bir neçə dilin qarışığından ibarət bir dildə danışan nəsil formalaşacaq.
- Ölkəmizə səfər edərkən abidələrimizə də baş çəkə bilirsinizmi? Onların qorunması, bərpası sizi qane edirmi?
- Bundan əvvəl Azərbaycana üç il öncə gəlmişdim və burada çeşidli yerlərdə oldum. Şəkini, oradakı Xan sarayını çox sevdim. Bakıda Şirvanşahlar sarayı da xoşuma gəldi. Digər tərəfdən məni çox duyğulandırdı. Burada Seyid Yəhya Bakuvinin türbəsini ziyarət etdim. Onlar bizlər üçün böyük zənginliklərdir. Bakıda gözəl restavrasiya işləri aparılmaqdadır. Azərbaycandakı abidələr İslam dünyasının zənginlikləridir. Təəssüf ki, zaman azlığından onların hamısını ziyarət edə bilmirəm. Yaxın gələcəkdə arıçılıqla bağlı layihəmiz olacaq. Qafqaz balı dünyada məşhurdur. Türkiyə və Azərbaycan arıçılar birliklərini bir araya gətirmək istəyirik.
Mehparə
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 10.