Xalq hikmətini uşaqlara çatdıran şair

 

Teymur Elçın - 90

 

Bəzi əsərləri oxuyarkən insana elə gəlir ki, çoxdan ayrıldığı doğma bir məkana düşüb. Baş qaldıran yeni hisslər, yeni duyğular insanı düşüncə ümmanında yolçuluğa səsləyir. Görkəmli şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçinin (1924-1992) yaradıcılığına müraciət edəndə insan sanki sözün sehrinə qapılır, özünü sözün varlığında tapır. Yəqin ki, bunun səbəbi şairin üslubundakı sadəlik və təbiilikdir. Ədib buna məxsusi sənətkarlıqla nail olur. Teymur Elçini oxuyanda adama elə gəlir ki, sözlər bulaqtək axaraq qələmdən kağıza tökülüb. Onun yaradıcılığı haqqında çoxlu məqalələr yazılıb, yüksək fikirlər söylənilib.

AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevin “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” adlı kitabında oxuyuruq: “Teymur Elçin müxtəlif mövzujanrlarda yazır, böyüklər üçün də yazır, kiçiklər üçün də. Təbii ki, bu sahələrin hər birinin bədii dil imkanlarından ayrıca danışmaq lazımdır. Ancaq şairin poetik özünüifadəsinin müasirliyi, novatorluğu və orijinallığı ən çox uşaq əsərlərinin dilindədir. Uşaq dilinin psixologiyası haqqında ən münasib fikri şair özü deyib: Yazan çoxdur, Elə yaz ki, mahnın sözsüz olmasın. Deyən çoxdur elə de ki, sözün duzsuz olmasın”. Bədii ədəbiyyatın dilində birinci şərt məhz budur - duzlu danışmaq. Bu duzluluq qayə faktoru ilə birləşəndə sənət etalonu yaranır. Bədii dildə duzu sevən şair sənətdən də bunu tələb edir... Teymur Elçin həmin sevib- sevilmək hisslərini cəmiyyətin ən məsum xilqəti olan körpə balalara, uşaqlara aşılamaq yolunu tutub”.

Teymur Elçin 1992-ci ildə dünyasını dəyişsə də, onu tanıyanların qəlbində daima ehtiramla yad edilir. Bununla əlaqədar bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. Biz isə ədibi vaxtilə onunla yaxın dost olan “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı ilə yada saldıq.

 

Poeziya və paklıq dünyası

 

Həmsöhbətim Teymur Elçinin uşaq ədəbiyyatının inkişafına verdiyi mühüm töhfələrdən danışdı, yaradıcılıq özünəməxsusluğuna toxundu:

- XX yüzilliyin ikinci yarısı Azərbaycan uşaq ədəbiyyatının, xüsusilə poeziyasının ən yaxşı nümunələrindən söhbət gedəndə mən ilk növbədə Teymur Elçinin yaradıcılığını xatırlayıram. Uşaq ədəbiyyatı nümunələrini təkcə pedaqoji mülahizələrə görə qiymətləndirməyi tanınmış qələm sahibləri haqlı olaraq məqbul saymamışlar. Balacalar üçün klassik əsərlər müəllifi Samuil Marşak hələ 1927-ci ildə Maksim Qorkiyə göndərdiyi bir məktubda həmin məsələyə toxunaraq yazırdı: "Bizim işimizə pedaqoqların münasibəti çox mane olur. Onlar əsəri, demək olar ki, həmişə yalnız mövzusuna görə qiymətləndirirlər. Teymur Elçin yaradıcılığı timsalında uşaq poeziyamızın ən yaxşı nümunələri bir daha təsdiq edir ki, balaca oxucuların gələcək inkişafında, həyatı dərkində vacib cəhət budur ki, uşaqlar üçün doğma və anlaşıqlı olan, görüş dairəsini genişləndirə bilən həqiqi ədəbiyyat yaradılsın. Uşaqlar üçün yazılmış əsərdə balacaların özlərini şərh etmələri, fikrən tamamlamaları üçünimkan yaratmaq vacibdir. Belə olduqda onlar əsəri daha maraqla, daha ayıq və daha fəal oxuyurlar ki, bu da kiçik oxucuların bədii zövqünün, fikrinin inkişafı üçün çox lazımlı şərtdir. Bu mənada Teymur Elçinin "Laylalar" əsəri mətbuatımızda haqlı olaraq dəyərli ədəbi fakt kimi qiymətləndirilir. Müəllif balaca dostlara başa salır ki;

 

Gecələr oyaq qalır,

Layla çalır

Analar,-

Hər biri öz dilində.

 

Bundan sonra uşaq xarakteri üçün səciyyəvi olan saysız-hesabsız sorğulardan bir neçəsini eşidirik: " deyir laylasında - Ana qartal, ana şir? İnsanların anaları deyir?"

Teymur Elçinin "Bahar, adlar, uşaqlar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Şəkərim, duzum", "Torağayın nəğməsi" s. kitablarında bu kimi nümunələr kifayət qədərdir.

 

Böyük ürək sahibi

 

İlk olaraq əsərlərindən tanıdığım Teymur müəllimi, sonralar təsadüf elə gətirdi ki, şəxsən tanımaq imkanı əldə etdim. Bu unudulmaz görüşün təşəbbüskarı onun özü oldu. Teymur müəllimin şəxsən tanımadığı, lakin radioda bir tərcüməsini dinlədiyi gənc qələm adamına çox səmimi münasibəti əslində onun necə böyük ürək sahibi, böyük ziyalı olduğunu təsdiqləyən faktdır.

1964-cü ildə böyük Ukrayna şairi Taras Şevçenkonun anadan olmasının 150 illiyi münasibətilə görkəmli tənqidçi-ədəbiyyatşünas Əkbər Ağayevin tərtibi ilə yubilyarın əsərlərindən ibarət bir kitab nəşr edilmişdi. T.Şevçenkonun "Kor qadın" poemasını dilimizə mən çevirmişdim. Onu da deyim ki, Əkbər müəllim kitabda mənim iştirakımı təklif edəndə tərcümə üçün əsəri özümün seçməyimə icazə verməsini xahiş etdim. O, məmnuniyyətlə razılıq verdi istədiyim kimi işləməyimə şərait yaratdı.

T.Şevçenkonun külliyyatı ilə tanış olarkən "Kor qadın" məni alov qarsıdan kimi qarsıtdı. Böyük Kobzarın xalq şeirindən axıb gələn, bizim bayatıları çox xatırladan son dərəcə melodik səmimi sətirləri bəzi hallarda elə oxuduğum vaxt qeyri-ixtiyari dilimizə çevrilirdi:

 

Ay dərmanım, ay dərdim,-

Gözəl qızlar, a qızlar;

Bir gül əkdim, "vay" dərdim,-

Yaram sızlar, a qızlar...

 

Poemanı tərcümə edib qurtardım, kitab çıxmazdan əvvəl əsəri radionun ədəbiyyat redaksiyasına təqdim etdim. "Kor qadın" səhnələşdirildi. Ana rolunu görkəmli aktrisamız Hökümə Qurbanova, onun qızı Oksana rolunu isə Əminə Yusifqızı ifa edirdilər. Bir gün "Kor qadın", nəhayət, radio ilə verildi. Sən demə, o zaman Teleradio Komitəsinin sədri işləyən Teymur Elçin həmin verilişə əvvəldən axıra diqqətlə qulaq asır növbəti müzakirədə tərcümə ilə əlaqədar xoş sözlər söylədikdən sonra mənimlə maraqlanır. Elə o gün tələbəlik dostum, radionun əməkdaşı, tanınmış jurnalist Hidayət Səfərli zəng etdi bu xoş xəbəri mənə çatdırdı. Onu da deyim ki, həmin verilişin lent yazısı Ukraynaya Azərbaycan teleradiosundan hədiyyə kimi göndərildi.

 

Xeyirxah insan

 

Bir müddət sonra Teymur müəllim Mərkəzi Komitənin ideoloji şöbəsinə müdir təyin edildi. Qələm dostlarım Xəlil Rza Tofiq Bayram öz tərcümə qayğıları ilə əlaqədar Teymur Elçinlə görüşərkən, söhbət əsnasında o yenə mənimlə maraqlandığını söyləmişdi. Əlbəttə, məni görmək istədiyini deyən vəzifəli şəxsə alicənablığına görə, şübhəsiz, daxilən hədsiz minnətdar olsam da, doğrusu, görüş üçün təşəbbüs göstərməyərək bu barədə susmağı üstün tutmuşdum.

Ancaq çox sonralar elə gətirdi ki, bir gün onun qəbulunda oldum. yazdığımla, kitabımın nəşri ümumən vəziyyətimlə maraqlandı. Çap məsələsində bir o qədər problemim olmadığını dedim. Yaradıcılıq işinə gəldikdə, digər ədəbi-bədii yazılardan əlavə, dünya xalqlarının atalar sözü məsəllərindən ürəyimə yatan seçmələri dilimizə çevirib ayrıca kitab halında çap etdirmək fikrimi bildirdim. Teymur müəllim bu istəyimi çox bəyəndi. Bir müddət sonra "Atalar sözü-ağlın gözü" kitabı yüksək tirajla oxuculara çatdırıldı. Uzun illərdən bəri, tədricən həyata keçə bilən bu arzumun reallaşması üçün ilk əsaslı köməyi elə unudulmaz Teymur müəllim göstərmişdi.

 

Musiqi şeirin vəhdəti

 

Teymur müəllim bahar fəslində dünyaya gəlmişdi. "Abi-həyatı nərmi-nazik bayatı" olan Qarabağın musiqi dünyası onun poeziyasının iliyinə, qanına hopmuşdu.

Teymur Elçin sənətindən şəxsiyyətindən danışılanda ölməz bəstəkarımız Fikrət Əmirovu xatırlamamaq qeyri-mümkündür. Teymur Elçinin poeziya paklıq dünyasını ikinci dəfə daha əhatəli daha dolğun şəkildə mən dahi bəstəkarın gözləri ilə gördüm. Onların yaradıcılıq ünsiyyətindən neçə-neçə gözəl mahnı meydana gəldi. Fikrət müəllim Teymur Elçinin idarəçiliyin rəsmi sənədləri yığınında şirin poeziya dilini necə qoruyub-hifz edə bilmək istedadı barədə heyranlıqla danışardı. Teymur Elçin sənətinin füsunkar aləmini müxtəlif yaşlı, fərqli xarakterli insanlara eyni dərəcədə doğma edən məhz dilimizin əvəzsiz, zəngin poetik imkanlarıdır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 11.