Qan yaddaşımız
31 mart Azərbaycanlıların
Soyqırımı Günüdür
1918-ci ilin martında erməni-daşnak və bolşevik qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğınlar, dinc əhaliyə qarşı törədilən amansızlıqlar tariximizin ən faciəli səhifələrindən biridir.
Bu, erməni millətçilərinin zaman-zaman öz havadarlarına arxalanaraq bütövlükdə Cənubi Qafqazdakı müsəlman xalqlarına qarşı apardıqları soyqırımı siyasətinin növbəti mərhələsi idi. Həmin günlərdə törədilən cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.
Kütləvi qırğınlar Bakıda və Azərbaycanın bir çox bölgələrində - Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Göyçayda xüsusi qəddarlıqlarla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdi. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Komissiyanın topladığı materiallar soyqırımının dəhşətli səhifələrinə işıq salır.
1918-ci ilin martında Bakıda faktiki hakimiyyətə sahib olan Stepan Şaumyan və onun “Bakı kommunası” bu qırğınları xüsusi olaraq planlaşdırmışdı. Martın 31-də şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Sonrakı günlərdə Bakı şəhərində 11 mindən çox müsəlman öldürülmüşdü. Daşnaklar toplarla Təzəpir məscidini zədələmiş, Bakıda dünya memarlığı incilərindən sayılan "İsmailiyyə" binasına, bir çox tikililərə od vurub yandırmışdılar.
Erməni quldur dəstələri müsəlmanlara qarşı qırğınların bir qismini Azərbaycanın cənub bölgəsində - Lənkəranda, Astarada həyata keçirmişdilər.
Lənkəranda olan müsəlman diviziyasını tərk-silah etmək üçün bura dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Onlar yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar.
Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri gəmidən top atəşinə tutuldu. Erməni-rus dəstələrinin cənub bölgəsində qırğınları sonrakı aylarda da davam etmişdi. Türk ordusunun köməyi ilə Bakının azad edilməsindən bir qədər əvvəl Lənkərana gələn erməni silahlı dəstəsi yerli əhaliyə divan tutmuşdu. Erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq onları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtmış, minlərlə günahsız insanın həyatına son qoymuşdular...
Bu gün tariximizin bu faciəli səhifələri bizim qan yaddaşımızdır. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış qırğınları, deportasiya siyasətini geniş təhlil edən sənəddə 31 martın “Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunması təsbit edildi. Ötən dövrdə Azərbaycan dövləti tərəfindən tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görülüb və bu iş davam etməkdədir. Tariximizin acı səhifələrini bugünkü və gələcək nəsillərə çatdırmaq üçün qan yaddaşımızı heç vaxt unutmamalıyıq. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər zaman xatırlamağa, öyrənməyə borcluyuq.
Əfqan Rzayev,
Astara rayonu
Ərçivan qəsəbəsi 4 saylı orta
məktəbin müəllimi
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 12.