Tərcüməyə həsr olunan ömür

 

Azərbaycan oxucusunun dünya ədəbiyyatı nümunələri ilə tanışlığında tərcüməçilərin müstəsna xidmətləri var. Ötən əsrdə bu missiyanı yüksək sənətkarlıq keyfiyyətləri ilə öz üzərinə götürən ədiblərdən biri də görkəmli tərcüməçi, nasir, şair Mikayıl Rzaquluzadə olub.

O, çoxillik ədəbi yaradıcılığını əsasən tərcümə işinə həsr edib, dünyanın müxtəlif xalqlarının klassiklərinin əsərlərini dilimizə tərcümə edib. Sənətkarlıqla tərcümə etdiyi əsərlərin coğrafi hüdudları və mövzusu geniş olub. Qərbi Avropa ədiblərindən A.Düma, C.Bayron, H.Heyne, antik dövrün məşhur müəlliflərindən Homer, Evripid, Aristofan, Amerika ədəbiyyatından T.Oldric, C.London, hind ədəbiyyatından R.Taqor, türk ədəbiyyatından T.Fikrət, Rəşad Nuri Güntəkin, rus ədəbiyyatından L.Tolstoy, M.Qorki və başqalarının ədəbi nümunələrini dilimizə tərcümə edib.

Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci ildə Bakıda anadan olub. İlk təhsilini yeni üsulla təşkil edilən “Mədrəseyi-nur” məktəbində alıb, “rus-tatar” məktəbində təhsilini davam etdirib. Edadi” (1917-1918-ci illərə qədər Bakı realnı məktəbi - red.) məktəbində oxuduğu zaman Azərbaycanın görkəmli maarif xadimlərindən Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Məmməd bəy Əfəndiyev, Qafur Rəşad onun istəkli müəllimləri olublar. O, xatirələrində bu barədə yazır: “BuEdadidövrü mənim üçün qəti dönüş, xüsusən mənəvi ata saydığım Abdulla Şaiq mənim o zaman idealım oldu. Qərara aldım ki, müəllim olacağam - Abdulla Şaiq kimi”. M.Rzaquluzadə 1926-1927-ci illərdə Ali Pedaqoji İnstitutun tarix və ədəbiyyat fakültəsində təhsil alıb. Gəncə Pedaqoji Texnikumunda ədəbiyyat və pedaqogika müəllimi vəzifəsində çalışıb. O, 1934-cü ildə Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirir. Bakı Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi işləyir. Daha sonraİnqilab və mədəniyyət” jurnalında məsul katib, “Azərbaycan” jurnalında baş redaktor müavini kimi vəzifələrdə çalışır. O, eyni zamanda bir müddət Bakı kitabxanalarında kitabxanaçı, Pedaqoji İnstitutda kitabxana müdiri işləyir.

1934-cü ildən başlayaraq bədii yaradıcılıqla da məşğul olur. Onun yaradıcılığında maarifçilik ruhu əsas yer tutur. İstər tənqidi məqalələrində, istərsə də bədii yaradıcılığında tərbiyəviliyi ədəbiyyatın başlıca keyfiyyət və vəzifəsi hesab edib. Ona görə də uşaqlar üçün qələmə aldığı əsərləri gənclərin nəcib və sağlam ruhda yetişməsinə yönəlib. Yaradıcılığında Vətən sevgisi, sülh, azadlıq və qəhrəmanlıq mövzuları geniş yer tutub. O, uşaq psixologiyasına dərindən bələd olub və onların dünyagörüşünə uyğun tərbiyəvi əhəmiyyətli epizodlara geniş yer verib. Xüsusilə şeirləri uşaq qəlbinə birbaşa sirayət edən, son dərəcə sadə və inandırıcı dildə yazılıb. A.Səhhət, A.Şaiq və digər uşaq yazarlarımızın içərisində M.Rzaquluzadənin də xüsusi yeri var.

1938-ci ildən ömrünün sonuna kimi orta məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak edib. Onun müəllifliyi ilə tərtib olunan dərsliklər pedaqoqlar tərəfindən yüksək qiymətləndirilib.

M.Rzaquluzadənin 1950-ci ildə rus dilinə tərcümə olunan bir neçə hekayəsi ədəbi tənqidin diqqətini özünə cəlb edir və mətbuatda onu mahir hekayə ustası kimi dəyərləndirirlər. Tərcüməçidən tələb olunan əsas şərtlərdən biri müəllifin fikrini aydın bir dildə, dəqiqliklə oxucuya çatdırmaqdır. O bu cəhətə tərcüməçilik fəaliyyətində xüsusi diqqət yetirib. Uşaqlar üçün yazarkən tərcüməçiliyin yazıçı psixologiyasına təsirinin nəticəsi olaraq aydın və anlamlı uşaq əsərləri yarada bilib.

O, tərcüməçiliyi həm ideya-məzmun, həm də bədiilik baxımından məsuliyyətli və şərəfli yaradıcılıq işi hesab edib. Bədii yaradıcılığa başladığı vaxtlarda keyfiyyətsiz tərcümələrin qarşısını almaq məqsədilə mətbuatda çıxış edir. “Qızıl Gəncə” məcmuəsində “Bədii ədəbiyyatda tərcümə” adlı məqalə dərc etdirir. Məqalədə bədii tərcümənin ümumi məsələlərinə toxunur, öz dövrü üçün yenikonkret fikirlər söyləyir. Tərcümə prosesində sözlərin kontekst daxilində mənasına fikir verməyi və çoxmənalı sözlərin mətndə daşıdığı anlama diqqət yetirməyi vurğulayır. Tərcümə zamanı bir qisim sözlərin elmi ədəbiyyatda olan mənası ilə bədii ədəbiyyatda daşıdığı məna fərqlərini konkret misallarla göstərir. Tərcümələri haqda dərc edilən tənqidi məqalələrdə göstərilən nöqsanlara diqqət yetirərək sonrakı tərcümələrində onu yenidən işləyir.

Ədib həm də tərcümədə orijinalı “milliləşdirməyin” əleyhinə olub. İyirmi ildən çox böyük alman şairi Henrix Heynenin şeirlərinin tərcüməsi ilə məşğul olub. Şairin yaradıcılığının xüsusiyyətlərini saxlamaq, şeirin formasını olduğu kimi qorumaq prinsipini əsas götürür. O yazır: “Tərcüməçilikdə ikinci yol müəllifin mühitinə getmək, onun tənəffüs etdiyi hava ilə nəfəs almaq, düşündüyü kimi düşünməyə, duyduğu kimi duymağa çalışmaq və zövqünü əks etdirmək yoludur...”

M.Rzaquluzadə dünya şöhrətli mütəfəkkir-şair N.Gəncəvinin “İsgəndərnamə” poemasının “İqbalnamə” hissəsini, A.PuşkininBaxçasaray fontanı”, “Tunc atlı” və s. əsərlərin tərcüməsində də məhz bu prinsipləri əsas tutub. Həqiqətən, bu tərcümələrdə ədibin yüksək poetik vüsətinin şahidi oluruq.

Görkəmli ədəbiyyat xadimi 1984-cü il noyabrın 10-da vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 13.