Türk-islam mədəni abidələri bir-biri ilə sıx bağlıdır

 

Hazırda dünyada mədəni turizmin inkişaf etdirilməsinə böyük maraq göstərilir. Azərbaycanda da bu sahədə irəliləyiş var. Qədim maddi-mədəniyyət abidələri öyrənilir və insanların ziyarət etməsi üçün lazımi vəziyyətə gətirilir. Bu sahədə digər ölkələrlə əməkdaşlıq və birgə turizm məhsulunun yaradılması da aktuallıq kəsb edir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülən və 4 ölkəni - Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə edən «Ümumi mədəni irs şəhərləri» layihəsi bu baxımdan diqqəti cəlb edir. Xəbər verdiyimiz kimi, layihə İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə həyata keçirilir. Bu günlərdə layihə üzrə ekspertlər Türkiyədə araşdırmalar aparıblar.

Ekspertlərdən biri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin sözlərinə görə, Azərbaycanda transsərhəd turizmi ilə bağlı həm Mədəniyyət və Turizm Nazirliyi, həm də digər təşkilatlar müxtəlif tədbirlər keçirirlər. Amma 4 ölkənin mədəni irslə bağlı turizm məhsulunu bir araya gətirmək məqsədilə reallaşdırılan bu layihə fərqli bir təqdimatdır: «Layihənin Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə etməsinin səbəbi odur ki, türk-islam mədəniyyət abidələri bir-biri ilə sıx bağlıdır. Orta Asiya, QafqazAnadolu türk-islam mədəniyyətinin əsasını təşkil edən bölgələrdir. Bu abidələrin bir-biri ilə hansı formada bağlı olması, yəni memarlıq, inanc, maddi-mədəniyyət və s. tərəfləri «Ümumi mədəni irs şəhərləri» layihəsində üzə çıxarılmalıdır. Tədqiqat aparılacaq abidələr müəyyənləşdirilib. Bu, Türkiyədə Van, Ahlat, Ərzurum və Amasya, Azərbaycanda Bakı, Ağsu, Şamaxı, Qəbələ, Gəncə və Şəmkir, Qazaxıstanda Otrar, Türkistan, Özbəkistanda Səmərqənd, Buxara, Xivə şəhərlərinin maddi-mədəniyyət nümunələridir. Yekun məqsəd türk-islam mədəniyyəti izlərini daşıyan konkret abidələri müəyyənləşdirmək və onları ümumi mədəni irs turizmi məhsulu halına gətirməkdir».

Fariz Xəlilli və layihənin digər eksperti, turizm üzrə mütəxəssis Tərlan Quliyev aprelin 26-dan 30-dək Türkiyənin Van, Ahlat, Ərzurum və Amasya şəhərlərinin mədəni turizm potensialını araşdırıblar: «Səfər çərçivəsində Şərqi və İç Anadolunun türk-islam mədəniyyətinin (Səlcuqlu, Elxani, Cəlair, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinə məxsus) izlərini daşıyan 4 şəhərində 50-dən çox tarixi abidə ilə tanış olduq. Bu şəhərlərin xüsusilə qala-şəhər hissələrində arxeoloji tədqiqatlar davam edir və önəmli tapıntılar əldə edilir. Buna görə də biz araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçirdik. İndi tədqiqatlarımız Azərbaycanda davam edir. Əslində Azərbaycanın layihəyə daxil edilən şəhərlərindəki mədəni irs abidələri ilə artıq tanışıq. Amma onları layihənin məqsədi aspektindən öyrənməmişik. Burada məqsəd təkcə mədəni irs abidəsini öyrənmək deyil, həm də mədəni irs abidəsi ətrafındakı infrastrukturu yerində görməkdir. Buraya yol infrastrukturu, həmin bölgələrdəki turizm obyektləri və s. daxildir».

Həmsöhbətimiz aprel ayında başlanan layihənin 6 ay müddətinə nəzərdə tutulduğunu diqqətə çatdırdı. Qeyd edək ki, «Ümumi mədəni irs şəhərləri» layihəsinin rəhbəri Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, koordinatoru Məleykə Hüseynovadır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 9.