Canlı ensiklopediya
Deyirlər, dünyada ən möhkəm ağac dəmirağacdır. O qədər möhkəm və əzəmətlidir ki, illərin qasırğaları onu yıxa bilmir. Lakin mən sizə ağacdan yox, dəmir iradəli insandan danışmaq istəyirəm. Ömrünün 68 ilinin tən yarısını - 34 ilini öz xalqına, tarixinə və mədəniyyətinə həsr edən Xalis Məmmədovun ömür salnaməsinə nəzər saldıqda onun çox kəşməkəşli bir yol gəldiyini görməmək mümkün deyil.
Xalis Xalid oğlu Məmmədov 1946-cı il mayın 15-də Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra bədii ədəbiyyata marağı onu Bakı kitabxanaçılıq texnikumuna gətirib çıxardı. Texnikumu fərqlənmə diplomu ilə bitirəndən sonra göndərişlə Azərbaycan Dövlət Universitetinə daxil oldu. 1978-ci ildə universiteti bitirəndə artıq 32 yaşı var idi. Elə həmin il doğma rayondakı mərkəzi kitabxanaya kitabxanaçı təyin edildi.
Kitabxanada işləməyinə baxmayaraq, bir fikir onu heç rahat buraxmırdı: Niyə Qəbələ kimi tarixi bir yerdə indiyə qədər muzey açılmayıb. Bu fikirlə o, 1979-cu il 25 oktyabr tarixində rayon qəzetində “Keçmişə və gələcəyə ehtiram” adlı bir məqalə çap etdirdi. Məqalə rayon ictimaiyyətində, xüsusilə də rəhbərlikdə yaxşı əks-səda doğurdu və belə bir muzeyin yaradılması ona həvalə edildi. Xeyli çətinlikdən sonra bir neçə ay içərisində minədək eksponat toplandı. Bu işdə onun ən yaxın himayəçisi atası Xalid (1920-1983) müəllim idi.
1980-ci ilin aprel ayında rayonda muzey açıldı. 1980-ci il mayın 15-də Xalis müəllim Mədəniyyət Nazirliyi
tərəfindən Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyinə direktor təyin edildi. Həmin gün onun 34 yaşı tamam olurdu. Həqiqətən də ad günündə
ən böyük hədiyyəyə layiq görülmüşdü.
Artıq 34 ildir ki, bu
muzeyə rəhbərlik
edir. Bu illər ərzində
bir an belə
dayanmayıb və ona göstərilən etimadı doğrultmağa
çalışıb. Onun bu zəhmətinin nəticəsi
göz qabağındadır.
Min eksponatla fəaliyyətə
başlayan muzeyin indi on dörd minə yaxın eksponatı var. Bunlar hamısı Xalis müəllimin dəfələrlə
başqa-başqa şəhər
və rayonlara ezamiyyətlərinin, rayon əhalisi
ilə ünsiyyətinin,
narahat günlərin nəticəsidir.
İndi biz muzeyimizin 2500 illik bir dövrü əhatə etməsindən
fəxrlə danışa
bilirik. Bunlar hamısı məhz
bir insan ömrünün zəhmətidir.
Xalis müəllim işinə
o qədər vurğundur
ki, bu illərin
necə keçdiyini belə hiss etməyib.
Bəzən fikirləşirəm ki, başqa heç bir kimsə öz gəncliyini onun kimi işinə qurban verməzdi. Yaşıdları ailə qurub
ev-eşik, oğul-uşaq
sahibi olduğu bu illər ərzində
Xalis müəllim eksponat toplayıb muzey açmaqla və bu günədək
bu muzeyi öz övladı kimi sevə-sevə qoruyub saxlamaqla məşğuldur.
Dövlətimiz də onun zəhmətini
qiymətləndirib, ona
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi fəxri
adı verilib. Onu rayonumuzun
canlı ensiklopediyası
adlandırsaq səhv etmərik, çünki o
məhz bu bilik və bacarığa
malik bir insandır. Dəmirağac tək möhkəm
və əzəmətli,
ensiklopediya kimi zəngin və savadlı. Tariximizin yorulmaz təbliğatçısını
doğum günü münasibətilə təbrik
edir, ona bu fədakar həyatında uğurlar arzulayırıq.
Ağgül Ağamoğlanova,
Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş mühafizi
Mədəniyyət.- 2014.- 14 may.-
S. 12.