Yaradıcı, qurucu... tufan!

 

Qırx beşcə illik bir ömürdə minbir ömür yaşamış Bəkir Çobanzadə...

 

Bu xeyirxah tufanın, canlı qasırğanın qalxdığı ünvan bəlli, söndürülüb-yatırıldığı yer isə naməlum...

Hələ yeniyetməliyədək qeyri-adi zəkası, qocafəndi mühakimələrilə ətrafını heyrətləndirən, on dörd yaşında ikən daha yüksək təhsil və karyera üçün Krımdan İstanbula göndərilən və sonralaröz milli maraq göndərişlərilə” dövrün “tısbağasürət” nəqliyyat vasitələrilə dünyanı fır-fır fırlanan bu adam bircə kərə vaxt ayırdığı istirahət zamanı həbs edilir və...

Tarixilik baxımdan elə bil dünən ayrılıb-azad olduğumuzsovet vaxtları”nın xiffətini çəkənlər bu günvar, sabah da olacaq. Milli-mənəvi ayıqlarımız tərəfindən nə qədər deyilib-yazılıb pislənsə də, elələri varolacaq. Nə qədər ki, belələrinə bəsirət gözlərini açmağa macal verməyən sponsorlu “şou-biznes”çilərimiz, “orda-burda” mordalı televizionçularımız, “qələm-qaş”-“küftəbozbaş” mediaçılarımız və sair “miz-mız-muz-müz”çülərimiz var, onlar da varolacaqlar. Məsələn, hər “zaddan yazan, danışan, göstərənlər ötən il 120 yaşı tamam olan bu böyük Türk-Müsəlman Zatının adını nədən anmadılar? Niyə “çılpaq” verilişlərinin, “palaz” yazılarının hərəsindən para dəqiqə kəsib, təpədən-dırnağa milli qiyafəli, özgür qafalı həmsoyumuz haqda dabir kaç kəlmə” söyləmədilər? üçün hər cüraçko” epitetlərlə hər bir əza-qəzalarını təqdim etdikləri dir-diringiçilərdən macal tapıb vurğulamadılar ki, bu Kişi - Bəkir Çobanzadə yüz il öncə “Kaspi” qəzetinin “İsmayıl bəy bütöv bir millətdir!” kimi qiymətləndirdiyi İsmayıl bəy Qaspıralının həmyerlisi, onun “Dildə birlik, işdə birlik, əməldə birlik”, “Türkləşmək, islamlaşmaq, dünyəviləşmək” fikir-düşüncəli qafadaşlarının davamçısıdır...

...Bunları deməyənlər, söyləməyənlər bunları məndən qat-qat yaxşı bilirlər (əlbəttə, əlləri altında olan geniş texniki imkanlarsözün hər iki mənasında “boş” vaxtları sayəsində). Elə - normal həyat tərzi keçirənlər, vətəndaş ömrü yaşayanlar, qəzet-kitab oxuyanlar da - sözügedən qəhrəmanımız timsallı tarixi-milli şəxsiyyətlərimizi kifayət qədər tanıyırlar. Bəs, onda bu qəbil yazılar kimlərə?.. Böyük Mirzə Cəlilin məlum “Tiflis, 7 aprel”indəki xitabı (“o kəslərə ki”) bir balaca dəyişməklə -

 

O şəxslərə ki...

 

...Ötən əsrin əvvəllərindəki “hamamda yatan, it boğuşduran, xoruz güləşdirən keçəl-küçəl qardaşlarımız”dan fərqli olaraq bu gün gecə-gündüz yatmadan dəbdəbəli saunalar tikdirən, Vətən uğrunda döyüşmüşlərin üstünə xoruzlanan bəzi o şəxslərə ki, onlar bu tipşou-mousuz şəxsiyyətlər haqda kitablara, verilişlərə, publisistik məqalələrə göz yumub, qulaq tıxasalar da, hərdən, milli vicdanlı ətrafdakıların pır-pıçıltılarından qoca tarixin diqqətsizlik, unutqanlıq dərələrinə gömülmüş oqocaman dağa bənzərlərin” qədir-qiymətini də eşidir, mütaliədən necə mütəəssir olduqlarını görürlər.

Elə o cür eşitdirilməyə, gördürülməyə layiq böyük Türk oğullarından biridir bu qəhrəmanımız. İyirmi iki yaşında elmlər doktoru, iyirmi doqquzunda professor olmuş görkəmli ədəbiyyatşünas, dilşünas, mətnşünas və... milli-millətşünas!..

1893-cü il mayın 15-də Krımın Tavrida vilayətinin Simferopol qəzasında - Qarasubazar şəhərində doğulub. Ancaq o, ana yurdunda vur-tut ibtidai təhsil illəri qədər yaşayır; qeyri-adi zəkası, qabiliyyəti, yaşından-başından böyük fikir-düşüncəsi onu nəinki cəlayi-vətən, hətta səyyari-Turan edib. Nəinki Türk dünyasında, habelə “Allah-Əkbər”in bitdiyi ərazilərdə də gəzmədiyi yer, işləmədiyi ünvan, fəhm-fərasətinə heyran qoymadığı kollektiv qalmayıb. On dörd yaşından göndərildiyi Türkiyədə ərəb və fars dillərini də mükəmməl öyrənib. Orada olarkən (və hələ özü tam gənc deyilkən!) “Müstəqil tatar Krımı” ideyalarına necə sarılırsa, “Krım-tatar tələbə cəmiyyəti”nin təşəbbüs-təsisçilərindən, daha sonra rəhbərlərindən olur. İyirmi yaşından sonra səsi Budapeşt Universitetindən gəlir; o burada türk, ərəb və macar filologiyası ilə tanış olur, durmadan çalışır və iki ildən sonra həmin sahələr üzrə filologiya elmləri doktoru adını alır. İyirmi altı yaşında ikən Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olan B.Çobanzadə “Krım”, “Göy kitab” və s. məcmuələrdə şeirlərini çap etdirməklə yanaşı, Türkiyə, Krım, Orta Asiya və Rusiyanın dövri mətbuatında çox qüvvətli, analitik ictimai-siyasi yazılar, elmi məqalələrlə də çıxış edir. Özü də maraqlı imzalarla: “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək” və s.

 

Yenə Vətən... yenidən diyarbadiyar...

 

Vətən... amma önlüyündə sovet, bolşevik... Və guya həm də sosiallıq - sosializm. Əslində isə sus(!)alizm!

Hər halda Vətən... və hələ otuz yaşı tamam olmamış bir dahi! Çoxları kimi, bütün düşüncə və canı-qanı ilə milli olan Bəkir də - qarşısındakı dəmir-divar quruluşu görüb, millətinin elitar genefond perspektivi naminə, manevr “val”ını dəyişir, ədəbi və elmi işlərini göyərtməkçün qırmızılarla boğazdanyuxarı birliyinə qol qoymalı olur. 1920-22-ci illərdə onu Krım inqilabi komitəsinin rəisliyinə layiq bilirlər, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olurali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışır. Krım Universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyur, universitetin rektoru olur, Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirir.

Hələ gənc ikən ad-sanı bütün sovetlər ittifaqını dolaşan bu görkəmli alim və ədibin sorağı, əlbəttə, Azərbaycana daha tez çatmalı idi. Azərbaycana dəvət olunan B.Çobanzadə burada yeni əlifba komitəsinin sədri təyin edilir. Daha sonra Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar aparan alim eyni zamanda Tavrida, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyur. Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayır, I Ümumittifaq türkologiya qurultayının təşkilində fəal çalışır.

Bütün ömrünü “birnəfəsə” yaşamış bu fenomen haqda növbəti faktları da elə həmin templə verək: Moskvada təlimatçı kurslarında mühazirələr, Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan, Moskva Şərq Xalqları İnstitutunun həqiqi üzvü, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü...

Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuş B.Çobanzadə bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası", "Elmi qramerin əsasları" kitablarının tərtibçisidir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuş, ilk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır.

Çox genişsahəli, fantastik dərəcədə məhsuldar olan bu böyük yolun qarşısı 1937-ci il yanvarın 28-də alınır. Həmin gün Kislovodskda xanımı ilə dincələn professor həbs edilir, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. 1938-ci il oktyabrın 12-də, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir və oktyabrın 13-də hökm icra olunur.

...Bu böyük İnsanın müsəlmani dəfn-kəfni bir yana, heç dəfn yeri də məlum deyildir...

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 13.