Unudulmaz aşıq-xanəndə

 

XX əsr aşıq sənətinin görkəmli nümayəndələri içərisində özünəməxsus məlahətli səsi, effektiv improvizasiyaları ilə seçilən sənətkarlardan biri aşıq Şakirdir. Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında onun məxsusi xidmətləri olub. Saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edən sənətkar öz dəst-xətti ilə seçilmiş, xalq tərəfindən sevilmişdir.

Şakir Şahverdi oğlu Hacıyev 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olub. Atası oğlunun aşıq sənətinə həvəsini hiss edərək onu erkən çağlardan göyçaylı aşıq Mürsələ şəyird verir. Şakir burada saz ifaçılığının, aşıqlığın sirlərini öyrənir. Az vaxt ərzində ad-san qazanır. 1941-ci ildə İkinci Dünya müharibəsinə yola düşür, sazını süngü ilə əvəz edir. 1947-ci ildə ordudan tərxis olunur. Kürdəmir rayon Mədəniyyət evində əmək fəaliyyətinə başlayır, məlahətli səsi, gözəl ifaları ilə respublika səviyyəsində tanınır. Tez-tez Bakıya tədbirlərə, konsertlərə dəvətlər alır, musiqisevərlər qarşısında maraqlı repertuarla çıxışlar edir.

1950-ci ildə Azərbaycan Respublikası Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən sənətkara “Xalq aşığı” fəxri adı verilir. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. 1961-ci ildə respublika aşıqlarının III qurultayına nümayəndə seçilir. Azərbaycanın sənət korifeylərindən Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Xalq yazıçısı Mirzə İbrahimovun iştirak etdiyi qurultayda aşıq Şakir də məruzə ilə çıxış edir.

Aşıq Şakir Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüklərində respublikamızı layiqincə təmsil edib. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə sənətkara 1967-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Həmin il ümumittifaq özfəaliyyət incəsənət festivalının respublika baxışında, eləcə də 1972-ci ildə keçirilmiş respublika miqyaslı müsabiqədə I dərəcəli diplomla təltif olunub.

Yüksək ifaçılıq bacarığı ilə yanaşı, aşıq Şakir həm də iki dastanın, 20-dək qoşma, gəraylı və müxəmməsin müəllifidir. Onun sənət möhürü vurduğu onlarca ifası Azərbaycan radiosunun “qızıl fondunda saxlanılır. Xüsusilə, “Kəndimiz” mahnısı bu gün də mötəbər məclislərin və el şənliklərinin bəzəyidir. Ustad aşığın ifasında şöhrət tapan “Nərgiz”, “Nə bağ bildi, nə də bağban”, “Maral”, “Şirvan şikəstəsi”, “İnciməsin”, “Səhər-səhər” və s. şux mahnıları indi də eşidənlərin könlünü oxşayır.

Görkəmli sənətkarın ifa tərzi, bənzərsiz zəngulələri haqqında tanınmış musiqiçilərin, elm xadimlərinin yüksək fikirləri var.

 

Xalq artisti Əlibaba Məmmədov:

 

- Aşıq sənətimizin çox görkəmli nümayəndələrini görmüşəm. Onlardan ikisi qəlbimə çox yaxın olub. Biri rəhmətlik aşıq Şakir, ikincisi rəhmətlik aşıq Pənah idi. Hər ikisinin bənzərsiz sənətkarlıq keyfiyyətləri vardı. Aşıq Şakir muğam ifaçılığı ilə seçilirdi. Əruzu yaxşı bilirdi. Səs imkanları çox geniş idi. Gözəl ifası ilə yanaşı, həm bir aşıq kimi yaxşı oynamaq qabiliyyəti vardı. Odur ki, aşıq Şakir sənətinə, sözün əsl mənasında, aşiq idim. İstedadlı sənətkar yaxın dostum olub. O, yaxşı bilirdi ki, mən onun pərəstişkarıyam. Onu böyük sənətkar hesab edirəm.

 

Akademik Vasim Məmmədəliyev:

 

- Şakir aşıq sənətimizin görkəmli nümayəndələrindən olub. Ümumiyyətlə, aşıq gərək gözəl saz çala bilsin, məlahətli səsi, şeir demək, dastan söyləmək qabiliyyəti olsun. Demək olar ki, bu keyfiyyətlərin hamısı aşıq Şakirdə vardı. Erkən çağlardan ustad sənətkarlardan sənətinin sirlərini öyrənib. Aşıq sənəti ilə bərabər, muğamlarımızı da gözəl bilib. Əgər o, sazı yerə qoysaydı, yəqin ki, gözəl xanəndə olardı. Hər dəfə aşıq Şakirdən söz düşəndə xəyalım çox-çox uzaqlara - keçmişə dönür. Onu ilk dəfə kəndimizdə - Kürdəxanıda görmüşəm... Onu xatırlarkən kövrəlirəm. Doğrudan da, o, həyatdan çox vaxtsız getdi. Aşıq Şakir irsi, məktəbi tədqiq edilməli, öyrənilməli təbliğ olunmalıdır.

 

Xalq artisti Arif Babayev:

 

- Peşəkar bir xanəndə kimi bu gün aşıq Şakirin lent yazılarına, gözəl aşıq havalarına dərin maraqla qulaq asıram. O, çox işıqlı bir aşıq, həm xanəndə idi. Deyərdim ki, şair, həm bəstəkar idi. Onu dinləməkdən doymaq olmurdu. Sənətkarın xoşbəxtliyi ondadır ki, onu xalq sevir.

 

Əməkdar incəsənət xadimi Ədalət Nəsibov:

 

- Aşıq Şakir çox böyük sənətkar idi. Onunla yaxşı münasibətlərim olub. Bir-birimizə hörmət ehtiramla yanaşardıq. Bənzərsiz ifalarını dinləməkdən doymazdım. Ümumiyyətlə, xalq arasında onunBoylana-boylana”, “Nərgiz”, “Kəndimiz digər mahnıları dillər əzbəri idi. Onunla birlikdə Moskvada (1956, 1959, 1960) konsertlərdə olmuşam. Uğurlu çıxışlarımıza görə bir çox medallar almışıq. İstər el şənliklərində, istərsə rəsmi məclislərdə ona böyük hörmət ehtiramla yanaşıldığının şahidi olmuşam. O, səhnəyə çıxıb bir o başa, bir bu başa gərdiş edəndə alqış-alqışa qarışardı. Çox mehriban səxavətli insan idi. Nurlu çöhrəsi aydın diksiyası diqqət çəkərdi. Dastan söyləmək məharəti hər kəsdə dərin maraq yaradardı...

Aşıq Şakir 1979-cu il aprelin 10-da, yaradıcılığının coşqun çağlarında, 57 yaşında vəfat edib. Yaşadığı küçəyə Kürdəmir rayonundakı mədəniyyət evlərindən birinə onun adı verilib. Görkəmli sənətkarın ölməz sənəti heç vaxt təravətdən düşməyən bir xəzinədir. Onun xatirəsi sənətsevərlər üçün həmişə əziz və unudulmazdır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 15.