“Xalqların adət-ənənələri və milli yeməkləri”

 

Daşkənddə keçirilən xeyriyyə festivalında ölkəmiz də təmsil olunub

 

Daşkənddə Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidmətinin təşkilatçılığı ilə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirilib. Özbəkistanda fəaliyyət göstərən səfirliklər festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təklif ediblər. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diasporumuzun üzvləri iştirak ediblər.

Festivalda ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) üçün ayrılmış guşə ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr edilib. Guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitabalbomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar kitabalbomlar nümayiş etdirilib.

Burada həmçinin xalqımızın milli musiqi alətləri, məişət əşyaları nümayiş etdirilib. Qonaqlara Azərbaycan mətbəxindən nümunələr - dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təklif olunub.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb. AMM-in “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb, Azərbaycan səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi birinci mükafata layiq görülüb və fəxri fərmanla təltif olunub.

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 16.