Görkəmli ədibin xatirəsi yad edilib

 

Mayın 1-də Məmməd Səid Ordubadinin ev-muzeyində görkəmli ədibin vəfatının 64-cü ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ədibin Fəxri xiyabandakı məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Sonra anma mərasimi yazıçının ev-muzeyində davam etdirilib.

Muzeyin direktoru Lalə Abaszadə ədəbiyyatımızda tarixi romanlar müəllifi kimi şöhrət qazanmış görkəmli ədibin həyat və yaradıcılığından söhbət açıb. Qeyd olunub ki, ədibin “Qılınc və qələm”, “Dumanlı Təbriz”, Döyüşən şəhər”, “Qanlı sənələr” və digər tarixi romanlarında Azərbaycanın ictimai-siyasi fikir tarixindən, xalqımızın şanlı keçmişindən, mübarizələrlə dolu həyatından və “erməni bəlası”ndan bəhs edilir.

Sonda ədibin qohumu Nəzifə Məmmədova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Xalq qəzeti.- 2014.- 2 may.- S. 2.