Sosial-iqtisadi inkişaf strategiyası bölgələrin simasını dəyişir

 

 Prezident İlham Əliyev Ağdaş rayonunda quruculuq-abadlıq işləri ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında tarixi xidmətləri olan ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər görülür. Bakıda və bölgələrdə yaradılan Heydər Əliyev mərkəzlərinin dahi şəxsiyyətin siyasi irsinin öyrənilməsində mühüm rolu var.

Ağdaş şəhərində tikilən mərkəz də yerli sakinlərin dünya şöhrətli siyasi xadimin xatirəsinə ehtiramını nümayiş etdirir. Ümumi sahəsi 5800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilib.

Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcək. Böyükkiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizaynkompyuter kursları, elektron kitabxana fəaliyyət göstərəcək. İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili planlaşdırılır. Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılıb.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə olunub.

Dövlət başçısı Ağdaşa səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin yeniləşən simasında da özünü göstərir. Şəhər və rayonlarda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, yenidən qurulması da diqqətdən kənarda qalmır. Ağdaşda müasir tələblər səviyyəsində qurulan və şəhərin mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir. 7 hektar ərazidə yerləşən parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işlərindən sonra Heydər Əliyev parkı özünəməxsus elementlər və formalarla zənginləşdirilib, ərazidə yeni yollar və cığırlar salınıb.

Parkda yaradılan iki süni göl və 11 fəvvarə bu istirahət məkanının gözəlliyini daha da artırıb. Müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, anauşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom yaradılıb. Görülən işlər çərçivəsində açıq fitnes, 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulub, müasir dizaynda oturacaqlar qoyulub.

Prezident Ağdaş şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə də tanış olub. Dövlət başçısı həmçinin Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasının, rayonda yeni tikilmiş meyvə emalı zavodunun, Ləki dəmir yolu vağzalının yeni binasının, “Gilanyem emalı zavodunun, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun və “Ağdaşelektrik yarımstansiyasının açılışında iştirak edib.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 2.