“Öyrəndiyimiz yeniliklər gələcəkdə işimizə kömək edəcək”

 

Mədəniyyət və turizm şöbələrinin rəhbərləri üçün təşkil olunan kurslar yekunlaşıb

 

Mədəniyyət və Turizm Nazirliyinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən respublikamızın şəhər və rayonlarının mədəniyyət və turizm şöbələri müdirləri üçün təşkil olunmuş kurslar yekunlaşıb. İki qrup üzrə on gün davam edən kurslar şöbə rəhbərlərinin nəzəri və praktik biliklərinin artırılması məqsədi daşıyır. Birinci qrup üzrə kurslar aprelin ilk yarısında keçirilmişdi.

Aprelin 30-da Muzey Mərkəzində ikinci qrup dinləyicilər üçün seminar keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun məruzəsi dinlənildi. Şəhər və rayonlarda mədəniyyət və turizm şöbələrinin işinin günün tələbləri səviyyəsində qurulması barədə danışan Firudin Qurbanov informasiya texnologiyalarından geniş istifadə olunmasının, yazışmaların internet üzərindən aparılmasının vacibliyini vurğuladı.

Qeyd olundu ki, tarixi abidələrin, milli-mədəni irsin qorunması, yerlərdə turizm fəaliyyətinin genişləndirilməsi işində ixtisaslı kadrlara böyük ehtiyac var. Hər bir rayonun (şəhərin) mədəniyyət və turizm şöbəsi öz ərazisindəki istirahət məkanlarına, tarixi abidələrə turizm marşrutları hazırlamalı və bunu öz internet portallarında yerləşdirməlidir: “Ölkəmizin bütövlükdə inkişafı üçün regionların da inkişafı çox vacibdir. Son illərdə bu sahədə böyük uğurlar əldə olunub. Yerlərdə əhalinin asudə vaxtlarının səmərəli təşkili və turizmin inkişafı üçün vacib addımlar atılmaqdadır. Regionlarımız bir-birindən maraqlı adət-ənənələri, mətbəxi, folkloru ilə zəngindir. Bu zənginliyin tanıdılması çox vacibdir. Bu işdə rayon mədəniyyət və turizm şöbələrinin üzərinə də böyük məsuliyyət düşür”.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin rəhbəri Ramazan Şabanov kursların təşkilindən, məqsəd və əhəmiyyətindən danışdı. Bildirdi ki, ixtisasartırma kursu şəhər və rayonlarımızın mədəniyyət və turizm şöbə müdirlərinin nəzəri və praktik biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır. Kurslar çərçivəsində nazirliyin məsul işçiləri ilə görüşlər təşkil edilir: “Bu müddət ərzində nazirliyin əməkdaşları ilə səmərəli görüşlər keçirildi. Eyni zamanda rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri ilə Şirvanşahlar sarayına ekskursiya təşkil olundu. Kurs iştirakçıları həmçinin Heydər Əliyev Mərkəzinə baş çəkdilər. Qarşıya qoyulan məqsədlərə, demək olar ki, nail olduq”.

* * *

Kurslarda iştirak edənlərin bir neçəsinin təəssüratlarını öyrəndik.

Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ulduz Baxışova: “İdarəetmədə yeni metodların, mədəniyyət və turizm sahəsindəki yeniliklərin öyrənilməsi baxımından əhəmiyyətli olan kurslar başa çatdı. Bu tədbirin ən böyük cəhətlərindən biri də, digər rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri ilə təcrübə mübadiləsi aparmaq imkanının yaranmasıdır. Bu da gələcəkdə işlərimizi daha səmərəli şəkildə qurmağa yardımçı olacaq”.

Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlov: “Düşünürəm ki, bu 10 gün ərzində öyrəndiyimiz yeni məlumatlar aparacağımız mədəniyyət siyasətinin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək. Bu kurs müddətində işimizin səmərəli təşkili üçün lazım olan bütün məsələlərdən danışıldı. Nazirlik əməkdaşları öz sahələri üzrə yenilikləri bizə çatdırdılar. Burada kollektiv şəkildə müzakirələrin təşkil olunması işimizin səviyyəsinin artırılmasına daha böyük yardımçı olur. Təcrübə mübadiləsi zamanı həmkarlarımızdan nələrisə öyrənirik. İdarəçiliklə bağlı bir sıra yeniliklər barədə də dolğun məlumat aldıq”.

Qeyd edək ki, iki qrup şəklində təşkil olunmuş kurslarda ümumilikdə 58 rayon və şəhərin mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 6.