Sumqayıtda “Şuşa həsrəti”

 

Sumqayıt Dram Teatrında Qarabağın və bütün Azərbaycanın incisi Şuşanın erməni qəsbkarları tərəfindən işğal olunmasının 22-ci ildönümünə həsr edilmiş teatrlaşdırılmış gecə keçirilib.

Gecədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, şəhər ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Şuşa həsrəti” adlı teatrlaşdırılmış kompozisiya H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivi tərəfindən hazırlanmışdı. Səhnədə qoyulmuş monitorda ümummilli lider Heydər Əliyevin şuşalılarla görüşündən kadrlar nümayiş etdirilibulu öndərin bu sözləri səslənib: “Şuşa Azərbaycanın möhtəşəm tarixi abidəsidir, poeziya dili ilə desək - onun incisidir”.

Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi kompozisiyada Şuşanın dünya mədəniyyəti və incəsənəti xəzinəsinə töhfəsindən, Rus imperiyasının erməniləri Qarabağa, o cümlədən Şuşaya köçürülməsi siyasətindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Şuşanın işğalından, daşnakların Şuşada törətdikləri vəhşiliklərdən söz açan faktlar əksini tapmışdı.

Bildirilib ki, işğaldan əvvəl Şuşada 248 tarixi abidə, rəsm qalereyası, muzeylər, musiqi məktəbləri, onlarla mədəniyyət obyekti olub. İşğal nəticəsində təxminən 22 min adam məcburi köçkünə çevrilib.

Şuşa Azərbaycana saysız-hesabsız tarixi şəxsiyyətlər və mədəniyyət xadimləri bəxş edib. Səhnədə general Səməd bəy Mehmandarovun, şairlər Molla Pənah Vaqif və Qasım bəy Zakirin, şairə Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin, xanəndə Xan Şuşinskinin, vokalist Bülbülün və qədim şəhər-qala Şuşanın adını ucaltmış neçə-neçə mədəniyyət xadiminin obrazları canlanıb.

Sonda Azadlıq meydanında hərbi parad kadrlarının müşayiəti ilə Prezident İlham Əliyevin “Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü bərpa ediləcəkdir!” sözləri səslənib. Kompozisiyada Vətəni, Şuşanı, Azərbaycan xalqının vətənpərvərlik hisslərini tərənnüm edən mahnılar ifa olunub, şeirlər oxunub.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 6.