Bakıdan dünyaya müştərək
cəmiyyət və insanpərvərlik mesajı
“Nizami Gəncəvinin əsərlərində
dünyaya mədəni inteqrasiya ideyası var”
Xəbər
verildiyi kimi, aprelin 28-29-da Bakıda II Qlobal Açıq Cəmiyyətlər
Forumu, 27-30 aprel tarixində isə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi idarə heyətinin VI beynəlxalq
toplantısı və I Baş Assambleyası keçirildi. Tədbirlərdə
müxtəlif ölkələrdən dövlət xadimləri,
sabiq prezidentlər, alimlər iştirak edirdi. Ötən
sayımızda Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin
həmsədri, Latviyanın keçmiş prezidenti Vayra
Vike-Freyberqa ilə geniş müsahibəni təqdim
etmişdik. Bu gün isə qonaqların bəzilərinin təəssüratlarını
diqqətə çatdırırıq.
Petru Luçinski
(Moldovanın keçmiş
prezidenti):
- Mən
Nizami Gəncəvinin aforizmləri ilə bağlı 4 dildə
kitab nəşr etmişəm. Bu kitab Azərbaycan, Moldova, rus
və ingilis dillərindədir. Prezident İlham Əliyevin qəbulunda
olarkən kitabın birini şəxsən ona təqdim etdim.
Eyni zamanda tədbirdə iştirak edən nümayəndələrə
də kitab bağışlamışam. Mən Nizami Gəncəvi
haqqında çoxdan bilgiyə malik olduğuma görə məmnunam.
Demək olar ki, onun bütün əsərlərini
oxumuşam. Gənclik illərimdə Opera və Balet Teatrında
“Yeddi gözəl” baletinə tamaşa etmişəm. Moldovada
Nizamiyə böyük sevgi var və 2005-ci ildə paytaxt
Kişineuda Prezident İlham Əliyevin iştirakı ilə
Nizaminin heykəlinin açılışı olmuşdu.
Çox şadam ki, Bakıda belə bir tədbirdə
iştirak etdim.
Ceyms Riçard Mançam
(Şeysell Adaları
Respublikasının banisi, sabiq prezident):
-
Forumda gördüklərimdən çox təsirləndim.
Ona görə ki, toplantının ideyası çox
maraqlı və əhəmiyyətlidir. Dünyada sülh və
stabilliyin əldə olunması baxımından müştərək
cəmiyyət çox vacibdir. Bu baxımdan toplantıda səsləndirilən
bütün fikirlər, çıxışlar dünyanı
yalnız sülhə səsləyir.
Nizami
Gəncəvi dünya şöhrətli şair olub. Onun
yazdığı əsərlər bütün zamanlarda
öz aktuallığını qoruyub saxlayır və
insanları sülhə səsləyir. Belə bir mütəfəkkiri
olduğuna görə Azərbaycan xalqı xoşbəxtdir və
eyni zamanda dünya bu dahini tanımalıdır. Ən əhəmiyyətlisi
isə budur ki, şair istər öz dövründə, istərsə
də müasir dövrdə həm ədəbiyyata, həm də
cəmiyyətə təsir edə bilib. Nizaminin vətənində
olduğuma və bu forumda iştirakıma görə çox
xoşbəxtəm. Bakını ilk dəfə gördüm
və bu şəhərə, onun insanlarına vuruldum. Şəhər
o qədər gözəl və əsrarəngizdir ki,
baxdıqca doymaq olmur. Bu şəhəri daha da gözəlləşdirən
insanların qonaqpərvərliyi və
istiqanlılığıdır.
Harri Yakobs
(Hindistan Elm və İncəsənət
Akademiyasının vitse-prezidenti):
-
Forumun ideyası olduqca vacibdir. Ona görə ki, indi
bütün dünyada müzakirələr yalnız iqtisadi
inkişafdan gedir. İnsanlar bu istiqamətdə nələrisə
müzakirə edir, rəqəmlər üzərində baş
sındırırlar. Bir sözlə, statistik göstəricilər
liderlik edir. Amma başa düşmürlər ki,
dünyanın başqa tərəfi də var. Burada səslənən
fikirlər, müzakirə olunan məsələlər mənim
vətənim Hindistanla yanaşı, başqa ölkələrə
də mesajdır. Biz ölkəmizdə bu mesajı,
ideyanı çox sürətlə yaymalıyıq.
Nizami
yaradıcılığı ilə yeni tanış
olmuşam. Doğrudur, mən ədəbiyyat mütəxəssisi
deyiləm, lakin bir mədəniyyət xadimi kimi deyə bilərəm
ki, onun əsərlərindəki universal dəyərlər,
humanizm məni, sözün həqiqi mənasında, təəccübləndirdi.
Bu əsərlərin mövzusunu ümumilikdə belə
xarakterizə etmək olar: ictimai siyasət, müştərək
humanizm. Nizaminin əsərlərində, doğrudan da, mədəniyyət
baxımından bəşəriyyətə inteqrasiya
ideyası mövcuddur. Bu ideyalar Azərbaycandan bütün
dünyaya yayılmalıdır.
Aurelia Qriqoriu
(Moldovanın ombudsmanı):
-
Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər
Forumunda iştirak etmək mənim üçün
böyük şərəfdir. Qlobal səviyyədə belə
bir tədbirin keçirilməsi xüsusilə son dövrlər
üçün çox aktualdır. Avropa və Asiyanın kəsişməsində
yerləşən Azərbaycanın paytaxtında belə bir
mövzuda keçirilən forum dünyaya başqa bir tərəfdən
yanaşmağa mesaj verir: müştərək cəmiyyət
və insanpərvərlik. Azərbaycan Prezidenti İlham
Əliyevin konfransdakı çıxışı təqdirəlayiq
idi. O, nitqində müasir dünyamız üçün
maraqlı və prioritet fikirlər səsləndirdi. Bununla da
görmək olur ki, ölkəniz bütün istiqamətlərdə
inkişaf edib. Forumda keçmiş liderlərin iştirak etməsi
də tədbirin əhəmiyyətini göstərir.
İvo Slaus
(Xorvatiyanın Dünya Elm və
İncəsənət Akademiyasının prezidenti):
-
Nizami dahi şair olub. XII əsrdə
yaşayıb-yaratmasına baxmayaraq, əsərləri bu
günlə səsləşir və onun irsinə
multikulturalizm aspektindən yanaşmaq lazımdır. Biz alimlər
müasir dövrdə çoxmədəniyyətliliyi təbliğ
edir, insanları ədalətə səsləyirik. Amma bir
çox ölkələrin xəbəri yoxdur ki, Azərbaycanda
hələ XII əsrdə öz əsərləri ilə belə
bir ideyanı təbliğ edən dahi mütəfəkkir
yaşayıb-yaradıb. Nizami Gəncəvinin əsərləri
dünyanın ən müxtəlif dillərinə tərcümə
olunmalı, akademiyalarda tədqiq olunub
tanıdılmalıdır. Yalnız bu yolla biz alimlər, mədəniyyət
adamları dahi mütəfəkkiri layiqincə təbliğ
edə bilərik.
Onu
da qeyd edim ki, bu mənim Azərbaycana ilk səfərimdir.
Bakının bu qədər gözəl və heyrətamiz
bir şəhər olduğu heç ağlıma da gəlməzdi.
Şəhərin memarlığı, şərq və qərb
üslubunda tikililər məni heyran etdi. Dənizkənarı
bulvar isə mənə qeyri-adi bir təsir
bağışladı. Mən bu şəhəri və onun
insanlarını sevdim və belə bir beynəlxalq tədbirə
dəvətə görə təşkilatçılara minnətdaram.
Mehparə
Mədəniyyət.- 2014.- 2 may.-
S. 7.