“Türk
dünyasının mədəniyyət paytaxtı”
Kazan şəhərində təntənəli
açılış mərasimi keçirilib
Xəbər verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının qərarına əsasən, Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhəri 2014-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Kazan bu mədəniyyət estafetini ötən ilin “mədəniyyət paytaxtı”ı olmuş Əskişəhərdən (Türkiyə) təhvil alıb. Bu münasibətlə aprelin 26-da Kazanda təntənəli mərasim keçirilib.
“Mədəniyyət paytaxtı” ilinin açılışına TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tatarıstan dövlət rəsmiləri, deputatlar, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri qatılıb. Azərbaycandan mərasimdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, incəsənət ustaları iştirak ediblər. İştirakçılar öncə böyük tatar şairi və ictimai xadimi Abdulla Tukayın abidəsini ziyarət ediblər, xatirə şəkli çəkdirilib.
Həmin gün axşam Musa Cəlil adına Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrında açılış mərasimi gerçəkləşib. Mərasimi Tatarıstanın baş naziri İldar Halikov açaraq, respublika prezidenti Rüstəm Minnixanovun və hökumətin adından qonaqları salamlayıb. Minillik tarixə malik olan Kazanın türk dünyasının və türk mədəni irs tarixinin ayrılmaz hissəsi olduğunu deyən baş nazir vurğulayıb ki, “mədəniyyət ili”ndə Tatarıstanın paytaxtı türkdilli ölkələri mənəvi baxımdan birləşdirəcək: “Kazanda “mədəniyyət paytaxtı” ilinin açılışının 26 apreldə baş tutması təsadüfi deyil. Bu gün böyük şairimiz Abdulla Tukayın doğum günüdür. Tukay bizim mədəniyyətimizin ən işıqlı səhifələrindən biri, sivilizasiyamızın qızıl fondudur. O, təkcə tatar xalqına deyil, bütün türk dünyasına aiddir”.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov qeyd edib ki, “mədəniyyət paytaxtı” olan şəhər həm də mədəni ənənələri artırmalı, yeni mədəniyyət layihələri həyata keçirməlidir: “Kazan hər zaman türk xalqlarının cazibə mərkəzi olub. Əminəm ki, bu ilin şərəfinə şəhərdə keçirilən tədbirlər türk dünyasına böyük bayram bəxş edəcək”.
Rəsmi çıxışlardan sonra möhtəşəm konsert proqramı təqdim olunub. Türkdilli ölkə və diyarlardan gələn incəsənət ustalarının gözəl ifaları bir-birini əvəzləyib. Başqırdıstan rəqqasələrinin, Xakasiya musiqiçilərinin, Qazaxıstanın rəqs kollektivinin, Türkmənistanın, Krımın sənətçiləri, tatarıstanlı incəsənət ustalarının ifaları hər kəsi valeh edib. Azərbaycandan aşıq Əli və onu müşayiət edən Rasim Ələsgərov, Saməddin Zərbəliyev və Ceyhun Quliyevin çıxışları da alqışlarla qarşılanıb.
Konsertdə gecənin ən maraqlı və həyəcanlı anı TÜRKSOY-a üzv ölkələrin bayraqlarının səhnəyə gətirilməsi olub. Beləliklə, türk xalqları öz bayraqları ilə Tatarıstanın paytaxtında birləşiblər. Finalda səhnəyə çıxan bütün iştirakçılar tatar xalqının qeyri-rəsmi himni olan “Tuqan-tel”i səsləndiriblər.
Qeyd edək ki, ilboyu Kazanda türk dünyasının mədəniyyət və incəsənəti ilə bağlı tədbirlər keçiriləcək.
Mehparə
Mədəniyyət.- 2014.- 2 may.-
S. 7.