Göytəpə arxeoloji kompleksinin turizm imkanları

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli abidənin tarixi əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə respublikanın qərb bölgəsinə səfəri zamanı Göytəpə neolit dövrü abidəsinin ilkin tədqiqat nəticələri ilə tanış olub, onun əsaslı öyrənilməsi məqsədilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Akademik arxeoloji kompleksin ictimaiyyətdə maraq oyatdığını vurğulayıb: «Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən ölkədə genişmiqyaslı arxeoloji qazıntılar aparılır. Belə məkanlardan biri də Tovuz rayonunda yerləşən Göytəpə abidəsidir. Bu abidə öz unikallığı və orijinallığı ilə fərqləndiyindən özünə yeni yanaşma tələb edir. Bakı-Gəncə-Tbilisi yolunun üstündə yerləşdiyi üçün onun həm də geniş turizm imkanları var».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 9.