Azərbaycanda Moldova mədəniyyəti günləri başa çatdı

 

Aprelin 30-da Moldovanın Azərbaycanda mədəniyyət günləri çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bu ölkənin “Triqonetno-caz qrupunun konserti oldu.

Konsertdən öncə çıxış edən Moldovanın mədəniyyət naziri Monika Babuk Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılanmalarından məmnunluğunu bildirdi, keçirilən tədbirlər haqqında xoş təəssüratlarını tamaşaçılarla bölüşdü.

Mədəniyyət günlərinin qarşılılıqlı əlaqələrin inkişafında mühüm rolu olduğunu deyən nazir bu tədbirlərin təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü ifadə etdi.

Bu günlərdə moldovalı heyətin də Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmağa imkan tapdığını deyən xanım Monika Babuk xalq musiqimizin, aşıq sənətinin, xüsusilə muğamın onda yüksək təəssürat oyatdığını qeyd etdi. Xalqımızın yüksək mədəni irsə sahib olduğunu qeyd edərək ölkəmizdə Moldova mədəniyyətinə belə önəm verildiyinə görə minnətdarlığını bildirdi.

Sonra səhnəyə moldovalı musiqiçilər çıxdılar. Anatol Ştefenesin başçılıq etdiyiTriqonetno-caz qrupunun konserti rəngarəng ifalar və maraqlı proqramı ilə yadda qaldı. Konsertdə tanınmış moldovalı ifaçı Vali Boqyanu da iştirak edirdi. Konsert alqışlarla qarşılandı.

* * *

Mədəniyyət günləri çərçivəsində daha bir konsert aprelin 30-da Sumqayıtda gerçəkləşib. Sumqayıt Dövlət Musiqili Dram Teatrında Moldovanın "Flueraş" Milli Musiqi və Rəqs Ansamblı çıxış edib. Ansamblın ifasında “Xora”, “Sırba”, “Moldavenyaska” və digər xalq rəqsləri təqdim olunub. Milli geyimli rəqqasların dinamik, şən ifaları tamaşaçıları heyran edib. Sumqayıtlılar moldovalı artistlərə çiçəklər verib, onları uzun müddət alqışlayıblar.

Qeyd edək ki, “Flueraş” ansamblı artıq 70 ildir ki, fəaliyyət göstərir. Məşhur kollektiv dünyanın bir çox ölkələrində uğurla çıxış edib. Ansambl mahnı və rəqsləri ilə Kanada, Hindistan, Mərakeş, Finlandiya, AlmaniyaFransada tamaşaçıları məftun edib.

Bununla da ölkəmizdə Moldova mədəniyyəti günləri başa çatıb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 10.