Lütf edilən insan haqqında etüdlər

 

Lütfəli Abdullayev - 100 

 

Alışqanlıq

 

Lütfəli Abdullayevin 100 yaşı tamam oldu... Elə bil dünən idi. Amma yox, dünən niyə, elə bu gün idi, lap elə bir-iki saat əvvəl onun çəkildiyi bir filmə baxdıq. Onun məşhurlaşdırdığı personajların ağzından dilimizə düşmüş ifadəni işlətdik. Hamılıqla da zənn etdik ki, o, elə bizim müasirimizdi. Yenə bizim şəhərdə yaşayır, biz addımlayan küçələrdən keçir. Bakının mərkəzi küçələrində, bulvarında onunla qarşılaşanda yenə üzümüzə təbəssüm qonacaq, ərklə ona yaxınlaşıb salam verəcəyik, o da lap Zülümov Mərdanzadəyə salam verən təki, iki əlini sinəsində çarpazlayıb yüngülcə baş əyərək «əleyküm-səlam» deyə cavab verəcək. Əslində...

... Əslində biz onu yenə görəcəyik. Bayram günlərimizin teleefirini bəzəyən filmlərin tanış epizodlarında görəcəyik, yenə o şirin, yumşaq danışığını eşidəcəyik. Amma bizim gülüşümüzdən, özünün bəxş etdiyi xoş ovqatdan yalnız onun ruhu xəbər tutacaq. Olsun... Onsuz da doğma sandıqlarımızın hamısı qəlbimizdədir, bizdən uzaqlaşıb gedən yalnız onların cisimləridir.

 

Doğmalıq

 

Çox sevdiyim qazax şairi, türkoloq tədqiqatçı, Azərbaycan xalqının dostu olduğunu əməllərində sübuta yetirmiş Oljas Süleymenovun çox dəqiq müşahidəsi var. Deyir ki, azərbaycanlılar sevdikləri insanlardan, məşhur sənətkarlardan söhbət açanda heç zaman onları soyadı ilə çağırmırlar, adını çəkəndə ardınca müəllim, bəy, xanım titulu işlətmirlər. Çünki xalqın arasından çıxan, ümumxalq məhəbbəti qazanan sənətkarları özlərinə lap yaxın bilirlər. Odur ki, əziz oxucum, sən bu yazıda sözlə çəkilən etüdlərin əsas qəhrəmanının da, onun sənətdaşlarının adlarını təkcə çəkən müəllifi sayğısızlıqda, yekəxanalıqda qınama. Mən bu yazımda az-maz rəssamlıq qabiliyyətimi qabardıb xalqın sevdiyi sənətkarların eləcə adını yazacağam. Həm rəssamlar daha sərbəst olurlar axı...

 

Tanışlıq

 

Onu ilk dəfə «Həmişəxanım» tamaşasında görmüşəm. Dörd, ya da beş yaşım olardı, ata-anam əlimdən yapışıb Musiqili Komediya Teatrına aparmışdılar. Bizimkilər sənətkarlıq zirvəsinin pikində olan Nəsibəyə, Lütfəliyə, bir bu azman sənətkarlarla ayaqlaşmağa çalışan, hələ cavan Hacıbabaya baxmağa getmişdilər. Səhnədə nələr baş verirdi, aktyorlar deyirdilər, tamaşaçılar nəyə gülürdülər, - bütün bunlara tam dəqiqliyilə illər sonra pyes oxumağa həvəs göstərdiyim zamanlarda, Salam Qədirzadə yumorunu anlayacağım illərdə, kor-koranə teatr sevgisinə sənət bələdliyi qoşulacağı yaşımda varacaqdım. Hələliksə, teatrın, mükəmməl aktyor ifasının cazibəsindəydim. O cazibənin hökmü, gücü qədərdisə, ondan heç cür aralana bilmədim.

 

Sənətkarlıq

 

Lütfəlinin teatrda yaratdığı obrazların sayı yüzü keçsə , «Azərbaycanfilm»in istehsal etdiyi cəmi beş-altı filmdə rol alıb. Amma necə rollar! «Orda kişmiş yeyir», «Qədeş, girdavoy», «Bəli, qurban», «Meşedi İbad çağırır» kimi dörd cümləlik, bir qoçuları geri haylamaq üçün çıxardığı səslərlə sözü bitən Baloğlan yadda qalmır, yoxsa, üst-üstə dörd-beş abzaslıq sözü olan Zülümov?.. Görəsən, daha kim rejissor ssenarisində ifası cəmi bir-iki səhifə olan personajı bu qədər ətə-qana gətirib dolğun obraz yarada bilər? Bundan ötrü daha çox lazımdır: müəllifin hər obraza verdiyi dramaturji material, aydın ifadə edilmiş rejissor tapşırığı, aktyorun istedadı, çalışqanlığı, yoxsa sənət sevgisinə tən gələn bacarığı, yaratmaq eşqi?! Sonuncuların hamısı rəhmətlik Lüftəlidə var idi... Onun sənətdə at oynatdığı dönəmdə Allah-təala onu birinci ilə ikincinin kasadlığıyla sənət sınağına çəkməmişdi.

 

Genetik yaddaş

 

Bəlkə Azərbaycan səhnəsində cəmi bir neçə aktyor tapılar ki, istedadı yalnız milli dramaturgiyanın sayəsində parlayıb, demək olar ki, öz soydaşlarından başqa bir obrazı yaratmayıb. Yaradıbsa da, sırf milli obrazların ifaçısı kimi parlayıb. Elə Lütfəlinin əcnəbi obrazları yadıma düşmür. Bircə «Milyonçunun dilənçi oğlu»ndakı Milyonçudan başqa. Amma əslində o da milli olmaqdan daha çox, bəşəri, varlı insan tipajının ümumiləşdirilmiş obrazıdır.

Elə milli olanları xatırlayaq: «O olmasın, bu olsun»da Hambaldan Məşədi İbadadək neçə tipaj, «Arşın mal alan»da Vəli, «Ulduz»da Məhəmməd, «Gözün aydın»da Qəhrəman, «Toy kimindir Qoşun, «Durna»da Dursun, «Xəsis»də Hacı Qara... Hamısı Azərbaycan xalqının genetik daşıyıcısı olan obrazlar!.. Məhəmməd bir az tənbəl olsa da, qəlbən saf insan, yaxşı yoldaşdır, Qəhrəman əməlləri adına yaraşan kişidir, Məşədi İbad - tipik Şərq dükandarı, amma qəpiyi güdərkən nəfsinə aldanıb manatda zərər edən acgöz tacirdir, Vəli ağasına, çörək verəninə sədaqətlə bağlı olan, amma yeri gələndə öz xeyrini unutmayan cavandır.

Janrın tələblərinə çərçivə tələblərinə görə, bu tipajların hər birində mütləq bir qabarıq mənfi, özü gülüş doğuran mənfi cəhət olmalıdır. Həmin cəhət olmasa, qəhrəman dramaturji baxımdan naqis qalar. Amma o ki qaldı Qoşun ilə Dursuna, onlar - yaradıldıqları dövrün hakim ideoloji xəttindən baxanda da antipoddurlar, elə zəmanə dəyişəndən sonra da. Bəs biz, tamaşaçılar necə, onları bəyənməyib, mənfi tip yerinə qoyuruqmu? Yooxxx... Çünki Lütfəli möhür vurduğu arvadbaz, yekəxana Qoşunu da, tənbəl, ortada yeyib qıraqda gəzən yalançı Dursunu da sırf psixoloji tipaj, yalnız pis xüsusiyyətləri başqalarından bir qədər çox olan İnsan kimi təqdim edir. Lüftəlinin Qoşunundan zəhlən gedir, Dursunundan, üstünə çımxırdığı tacirin kisəsindən xışmaladığı kişmişi ovucla ağzına basan Baloğlanından!..

Bilmirəm, «O olmasın, bu olsun» təkrar ekranlaşdırılsaydı, Baloğlanı oynayacaq aktyor Lütfəlinin təsirindən çıxa bilərdimi?.. İnanmıram. Düzdür, eyniadlı əsərin teatr tamaşalarında çox aktyorlar Baloğlan oynayıb, sadəcə, teatrda bu obrazı tamamlayan mimikanı, onun rolunun ikinci planını filmdəki kimi çatdırmaq janr baxımından mümkün deyil.

 

Amma Vəli...

 

Səhv etmirəmsə, Lüftəli «Arşın mal alan»da Vəli roluna çəkilənədək onu teatrda oynamamışdı. Özü hələ aktyor kimi tam püxtələşməmişdi. Amma Vəli obrazına elə bir möhür vurdu ki, ondan sonra Vəli oynayacaq aktyorlar Lütfəlinin cazibəsindən çıxa bilmədilər. Vəlini Lütfəlinin «obraz format»ından çıxaranlar uğursuzluğa düçar oldular, Lütfəlinin qoyduğu ölçünü gözləyənlər isə ən yaxşı halda seyrçiyə bir daha onu xatırlatdılar. Çünki Vəli təkcə aktyorun istedadından yaranmamışdı, o, bir tərəfdən xalq meydan-oyun teatrı ənənəsindən, digər tərəfdən dil, din, milli, irqi mənsubiyyət ayrıntısı qoymayan, Allah vergisi kimi ilahidən bəxş edilən istedaddan pay almışdı. Buna görə həmin quruluşdan sonra çox «Arşın mal alan»lar oynanıldı, amma Lütfəlinin Vəlisindən olmadı ki olmadı.

 

Əbədilik

 

Türk müğənnisi Ebru Gündeşin ifa etdiyi «Sən Allahın bir lütfüsən» mahnısını çox sevirəm. Mahnıda tamam fərqli bir mətləbdən söhbət getsə , Lütfəli Abdullayev barədə yazını yazarkən bu mahnıdan bir sətir qulaqlarımda səslənirdi: «Sən Allahın bir lütfüsən». Ərəb dilində lütf sözünün bir neçə mənası var: mehribanlıq, yumşaqlıq, kərəm, ehsan, yaxşılıq. Lütfəli isminin açması isə «Əlinin (ə) lütfü» deməkdir. Mən bilmirəm, aktyorluq istedadı ilə dini rəhbərin lütfü arasında oxşar nəsə tapmaq olar, ya olmaz. Amma yəqin ki, valideynləri oğullarına bu adı verərkən onun hər şeydən əvvəl kərəm sahibi, mehriban insan, yaxşılıq etməyi bacaran kişi olmasını arzulamışdılar.

Bu il böyük aktyorun 100 illik yubileyi qeyd olunur. Amma 41 ildir ki, özü aramızda yoxdur. Onu xatırlayanların yaddaşında isə təkcə böyük aktyor kimi yox, tanıdığı-tanımadığı hər kəsə əl tutan, kimsənin qəlbini qırmayan böyük insan kimi qalıb. Əgər kiminsə vəfatından keçən qırx ildən sonra da sənət dostlarının övladları onun balaları ilə bacı-qardaş münasibətini yaşadırsa, onu ilk növbədə gözəl insan kimi xatırlayırsa, deməli, onun bu dünyaya gəlişi elə Lütfün özü imiş!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 11.