Doğma diyar

 

 Bu gün Azərbaycanın bütün bölgələri kimi, Qəbələ də yeni inkişaf dövrünü yaşayır. Rayonda inşa edilən Beynəlxalq Hava Limanı, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, Olimpiya İdman Kompleksi, yeni hotellər, salınan abad yollar, parklar Qəbələni daha da gözəlləşdirib.

Artıq beş ildir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın məşhur ifaçılarını, kollektivləri bir araya gətirir. 2013-cü ilin avqustunda Qəbələdə ilk dəfə “Mürəbbə festivalı” keçirilmişdir. Bu tədbir Azərbaycan mətbəxinin zənginliyini, xalqımızın ulu keçmişə malik olduğunu bir daha sübut etdi. 2013-cü ildə Qəbələ MDB-nin “Mədəniyyət paytaxtı”, bu il isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın “Əfsanələr paytaxtı” elan olunmuşdur.

Füsunkar təbiəti ilə seçilən Qəbələ Azərbaycanın mühüm turizm məkanı kimi də tanınır. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi xarici turistlərin bölgəyə səfərləri üçün əlverişli imkan yaratmışdır. Bu ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə “Tufandağ” qış-yay istirahət kompleksinin birinci mərhələsinin açılışı olmuşdur. Doğma Qəbələmizə ana təbiət füsunkar gözəlliklərlə yanaşı, əlverişli coğrafi şərait də bəxş etmişdir. Rayonumuzun aşağı hissəsində qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq olması ilə əlaqədar olaraq yay və qış turizminin bir çox növlərinin inkişaf etməsinə zəmin yaranmışdır. Dəmiraparan çayının sahilində inşa ediləcək qolf meydançası da turistlərin istirahəti üçün yeni bir məkan olacaq.

Fərəh duyuram ki, doğma vətənimizin bir parçası olan Qəbələnin zümrüd meşələrinin, uca zirvələrinin, coşub-çağlayan çaylarının, yaşıl çəmənlərinin, bir sözlə, təbii gözəlliklərinin üzərinə bu cür gözəlliklər də əlavə olunmuşdur. Bu yerdə ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı yadıma düşür: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Biz artıq o günəşin şəfəqlərini görürük.

 

İlhamə Seyidova,

 

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 12.