Milli ensiklopediya tariximizin yaddaşıdır

 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası istifadəyə verilib

 

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası ölkə başçısının elmi araşdırmaların səmərəliliyini artırmaq, tədqiqat işlərinin müasir texnologiyalar əsasında aparılmasına nail olmaq məqsədilə imzaladığı 2012-ci il 25 iyul tarixli sərəncamına əsasən inşa edilib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, redaksiya heyətinin məsul katibi, akademik Tofiq Nağıyev yeni binada yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, burada Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi nümayiş olunur. Cilddə ölkəmizin dünəni və bu günü, qədim tariximüasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində qazandığı nailiyyətlər əksini tapıb. Bununla da Azərbaycan haqqında indiyə qədər bənzəri olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dillərində işıq üzü görüb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində görülür. Kitabxanada 847-ci ildə nəşr olunan dünyanın ilk ensiklopediyasının surəti də nümayiş etdirilir. 2012-ci ildə nəşr olunan “Azərbaycan Muğam Ensiklopediyası”nın redaksiya heyətinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının digər yeni nəşrləri və onlar barədə biblioqrafik məlumatlardan ibarət bukletlər sərgilənir. Mərkəzdə redaksiya heyətinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait var.

Prezident İlham Əliyev mərkəzin aktkonfrans zalları ilə tanış olub. Zallarda beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb, mini mətbəə, müasir informasiya texnologiyalarının tətbiqinə imkan verən rabitə sistemi yaradılıb.

 

Milli rəqəmsal yaddaş” yaradılacaq

 

Mayın 5-də dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışında da iştirak edib. Mərkəzi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən tikilib. Buradakı 14 oxu zalında 1000-dən çox oxucunun eyni vaxtda elektronçap məhsullarından istifadə etmək imkanı olacaq. Kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu var. Yeni binada kitab fondunun ənənəvi qaydada zənginləşdirilməsi ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat institutları, media qurumları, arxivlər, həmçinin dünya muzeyləri, sərgi salonları və elmi tədqiqat mərkəzlərində Azərbaycana aid müxtəlif məlumatlar, incəsənət nümunələri, əlyazmalar, eksponat və sənədlərin elektron kataloqu yaradılacaq və sistemləşdirilərək “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək.

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 2.