Heydər Əliyevin nurlu adı xalqın yaddaşında əbədi qalacaq

 

Mayın 6-da Milli Kitabxanada Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş iclası keçirildi.

İştirakçılar öncə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri Yaşar Əliyev iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi. Sonra ümummilli liderin həyatı və fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edən, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunan “Əbədiyyət yolu” adlı sənədli filmə baxış keçirildi.

Mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri Yaşar Əliyev ulu öndərin anadan olmasının 91 illiyinə həsr edilmiş geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, hər bir dövlət doğma torpağını, xalqını sevən, onu çətin anlarda işıqlı sabaha aparan rəhbərə ehtiyac duyur. Heydər Əliyev Azərbaycanın özü qədər əbədi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlərin sırasındadır. İllər keçdikcə bu dahi insanın böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini anlamağa başlayırıq. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun adı ilə bağlıdır. Ulu öndər bütün həyatını ölkəmizin dirçəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdi.

Qeyd olundu ki, Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətləri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də onun respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan mədəniyyətinin intibah dövrü adlandırırlar. Müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə böyük ehtiyac var. Xüsusilə gənclər bu irsi dərindən mənimsəməlidirlər. Heydər Əliyevi sözlə səciyyələndirmək çətindir. Çünki o yalnız bir dövləti idarə edən siyasi xadim deyil, həm də milyonlarla insanı böyük ideyaları ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır. Onun həyatı, məqsəd və arzuları bu ideyalar ətrafında cəmləşmişdi. Onun varlığı xalqa xidmətdən yoğurulmuşdu. Ulu öndərin incəsənətə, mədəniyyətə teatra göstərdiyi xidmətlər unudulmazdır. O, sənətdə və ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş yolunu seçməyi vacib sayırdı. Heydər Əliyev xalqının mədəniyyətini, zəkasını dünyaya nümayiş etdirirdi.

Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan, idarəçilik təcrübəsi bu günümüzə və sabahımıza bələdçilik edən ulu öndərin siyasi irsi o qədər dərindir ki, hələ neçə onilliklər nəsillər bu xəzinədən istifadə edəcəklər. Onun bütün sahələrə olan diqqəti xalqımızın daim yaddaşındadır. Azərbaycan dövləti mövcud olduqca Heydər Əliyev dövlətçilik irsinə daim müraciət ediləcək. Onun nurlu adı, vətəni naminə gördüyü işlər xalqın yaddaşında əbədi qalacaq.

Məruzə dinlənildikdən sonra gündəlikdə duran məsələlər nəzərdən keçirildi. YAP sıralarına daxil olmaq arzusunda olan gənclərin müraciətlərinə baxıldı və müvafiq qərar qəbul edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 4.