İncəsənətimizin
böyük hamisi
Bəstəkarlar
İttifaqında ulu öndərə həsr
olunmuş konsert
Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. İttifaqın sədri, professor Firəngiz Əlizadə tədbiri açaraq qurumun fəaliyyətindən, təşkil olunan tədbirlərdən danışdı.
Ulu öndərin Azərbaycanda musiqinin, mədəniyyət və incəsənətin inkişafında rolunu yüksək qiymətləndirdi. Bildirildi ki, hər il ittifaq ümummilli liderin doğum günü ərəfəsində konsert proqramları təşkil edir: “Bu il də bu münasibətlə maraqlı konsert proqramları təşkil olunub. Onu da deyim ki, Heydər Əliyev 1979-cu ildə Bəstəkarlar İttifaqının V qurultayında geniş məruzə ilə çıxış etmişdi. Həmin məruzədə qeyd olunan bir çox məqamlar bu gün də aktualdır. Bu gün bizim vətənpərvərlik mövzusunda mahnılara çox böyük ehtiyacımız var. İstərdim ki, bəstəkarlarımız bu mövzuda daha böyük əsərlər yazsınlar”.
Daha sonra söz musiqiyə verildi. Bakı şəhər 30 saylı uşaq musiqi məktəbinin xorunun ifasında səslənən biri-birindən maraqlı musiqi nömrələri alqışlarla qarşılandı. Konsertdə Müslüm Maqomayevin “Odlar yurdu”, Teymur Cəbrayılovun “Ey Vətən” və digər bəstəkarların mahnıları ifa olundu.
Sonda musiqisi Aygün Səmədzadəyə, sözləri professor Nərgiz Paşayevaya məxsus olan, ulu öndərə həsr olunmuş “İthaf” adlı klip nümayiş etdirildi.
F.Hüseynov
Mədəniyyət.- 2014.- 7 may.-
S. 5.