“Azərbaycan və azərbaycanlılar” təsviri sənət əsərlərində

 

Mayın 5-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan və azərbaycanlılar” adlı sərgi təşkil olundu.

Akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov çıxış edərək tədris ocağının fəaliyyətindən danışdı. Bildirildi ki, günün müasir tələblərinə cavab verən Rəssamlıq Akademiyası 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılıb, burada dizayn, rəngkarlıq, teatrdekorasiya sənəti, qrafika üzrə peşəkar mütəxəssislər və xalça rəssamları hazırlanır.

“Azərbaycan və azərbaycanlılar” sərgisi akademiyanın muzey-sərgi kompleksinin üç zalında nümayiş olunur. Birinci zalda professor Əli Verdiyevin kətan üzərində çəkdiyi “Heydər Əliyevin portretiyer alıb. Rəssam ulu öndərin portretini Qafqaz dağlarının fonunda əks etdirməklə zəngin, həmçinin sadə kompozisiya yaradıb, böyük şəxsiyyətin vüqarını, əzmini kətan üzərində əks etdirməyə çalışıb.

Sərgidə Azərbaycanın tanınmış fırça ustaları ilə yanaşı, tələbə və gənc rəssamların da əsərləri nümayiş olunur. Əsərlər müxtəlif texnika və üslubları, rəngkarlıq, qrafika, qobelen və digər formaları əhatə edir. Ümummilli liderin portretləri ilə yanaşı, Azərbaycanın dövlət xadimləri, mütəfəkkirlərinə həsr olunmuş kompozisiyalar, portretlər, ölkəmizin zəngin təbiəti, tarixi abidələri, müasir memarlığını əks etdirən nümunələr, çay daşları üzərində görkəmli simalar sərgilənir.

Sərgidə Mehriban Sadıqovanın “Azərbaycan ulduzları” adlı zərgərlik işləri, dekorativ-tətbiqi sənət nümunələri silsiləsindən xalça üzərində Ayaz Nağdıyevin “Dəniz”, Aytən Piriyevanın “Şəhər” kompozisiyaları, gənc rəssamların xalça nümunələri yer alıb. Gənc rəssamlardan Məzahir Hüseynovun “Dədə Qorqud” dastanından silsilə illüstrasiyaları, Cəlal Ağayevin “Heydər Əliyev Mərkəzi”, Vəfadar Baharovanın “Balıqçılar”, Məsumə Hacıyevanın “Mikayıl Müşfiq”, Ramil Məmmədovun “Nəsirəddin Tusi”, Emin Əliyevin “Babək”, Tural Möyüfovun “Şəki möcüzəsi” adlı rəngkarlıq və qrafika əsərləri maraqla qarşılandı.

Akademiyanın məzunu olmuş Ədalət Elmanın çay daşları üzərində həkk etdiyi Nizami Gəncəvinin, Səməd Vurğunun, Mir Cəlalın, Qara Qarayevin və digər görkəmli şəxsiyyətlərin portretləri, İçərişəhərin görünüşünü əks etdirən yonulmuş daşlar da ekspozisiyada xüsusi yer tutur.

Ümumilikdə sərgidə 200-dən çox əsər nümayiş olunur. Bunlardan 50-yə yaxını rəngkarlıq, 39 qrafika, 47 xalça, 28 qobelen, 26 keramika və digər üslubda əsərlərdir. Sərgi mayın 12-dək nümayiş olunacaq.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 5.