“Nəğmə dolu Şuşam mənim”

 

Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbinin direktoru Mirkamil Ağamirovun bu günlərdə “Nəğmə dolu Şuşam mənim” adlı kitabı işıq üzü görüb. Kitab Mədəniyyət və Turizm Nazirliyi və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə nəşr olunub.

Nəşrin elmi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Oqtay Abasquliyev, redaktoruön sözün müəllifi “Hüquqi dövlət və qanun” jurnalının baş redaktoru Səttar Əliyevdir. Kitabın ilk səhifəsində ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında çəkdirdiyi şəkil yer alıb. Ulu öndərin 1996-cı ildə Şuşa rayon ictimaiyyəti ilə görüşdəki çıxışından sitat verilib: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir abidədir”.

Azərbaycanın ilk musiqi təhsili ocaqlarından biri olan Şuşa incəsənət məktəbinin 80 ildə keçdiyi tarixi yolmüasir dövrdə əldə etdiyi nailiyyətlər kitabda geniş əksini tapıb. “Şuşa musiqi məktəbi (XIX əsrin ortaları - XX əsrin əvvəlləri)”, “Şuşa musiqi məktəbi (1932-1984)”, “Yada düşər xatirələr”, “Şuşa incəsənət məktəbi (1984-2012)” və s. bölmələrdə şəhərin musiqi həyatında baş verən hadisələr, milli ifaçılıq məktəbinin parlaq nümayəndələrinin fəaliyyəti və şəxsiyyəti haqda ətraflı məlumat verilir.

Bu gün işğal altında olan Şuşanın əsrarəngiz fotoları oxucuları keçmişə aparır, nisgilli duyğulara qərq edir.

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 7.