Şəkidə milli atüstü
oyunlar festivalı
Mayın 7-də çövkən üzrə final oyunu ilə festivala yekun vurulacaq
Xəbər verdiyimiz kimi, mayın 3-də Mədəniyyət
və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən
Respublika Atçılıq
Turizm Mərkəzində
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən,
Zaqatala, Qax, Oğuz, Qəbələ,
İsmayıllı, Ağcabədi,
Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil
edən 16 komanda iştirak edir. Bakı şəhəri festivalda
«Sərhədçi» və
«Polad» komandaları ilə təmsil olunur.
Festivalın təntənəli açılış
mərasimində Şəki
Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Zərinə
Cavadova çıxış
edib. Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2006-cı ildə yaradılmış
Respublika Atçılıq
Turizm Mərkəzində
2007-ci ildən başlayaraq
ənənəvi olaraq
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, eləcə də hər ilin dekabrında «Prezident Kuboku» uğrunda çövkən
milli oyunu üzrə yarışlar
keçirilir. Bu tədbirlər xalqımızın
mədəni irsi olan milli atüstü
oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin
bərpası, habelə
ölkəmizdə atçılıq
turizminin təbliği
və inkişaf etdirilməsi məqsədi
daşıyır.
Milli atüstü
oyunlarına maraq getdikcə daha kütləvi xarakter alır, yarışların
coğrafiyası ildən-ilə
genişlənir. Mədəniyyət
və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini,
festivalın keçirilməsi
üzrə təşkilat
komitəsinin üzvü
Cavanşir Cəfərovun
bildirdiyinə görə,
ilk vaxtlar bu tədbirlərdə 6-8 komanda
iştirak edirdisə,
builki festivalda komandaların sayı 16-ya
çatıb: “Ötən
ilin dekabrında «Prezident Kuboku» uğrunda keçirilən
çövkən milli
oyunu üzrə yarışlarda 20 komanda yarışıb. Bu komandalar ölkəmizin əksər bölgələrini
təmsil edir. Gələcəkdə bölgələrdə tədbirə maraq davam edərsə, festivalı öncə regionlar üzrə təşkil edib, final mərhələsini Şəkidə
keçirmək olar”.
Tədbirdə o da bildirilib ki,
festival çərçivəsində iştirakçılar üçün
çövkən oyunu
üzrə ustad dərslərinin keçirilməsi
də nəzərdə
tutulur.
Açılış mərasimində musiqi nömrələrinin səslənməsindən
sonra iştirakçı
komandalar cəngi sədaları altında meydana daxil olublar. Qeyd edək
ki, builki milli atüstü oyunlar festivalı çövkən, sürpapaq,
papaq və yaylıq oyunları üzrə keçirilir.
Əvvəlcə tamaşaçılar çövkən
milli oyunu üzrə Şəki və Ağcabədi komandalarının oyununu izləyiblər. Maraqlı keçən oyun
Ağcabədi komandasının
qələbəsi ilə
başa çatıb.
Çövkən oyunları ertəsi
günlərdə davam
edib. Həmçinin sürpapaq, papaq
və yaylıq oyunları keçirilib.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru
Elman Qədirovdan aldığımız
məlumata görə,
artıq sürpapaq, papaq və yaylıq
oyunları üzrə
yarışlar yekunlaşıb. Mayın 5-də papaq oyunu üzrə
Oğuz və İsmayıllı komandaları
arasında final oyunu keçirilib. İsmayıllı komandası 7:0 hesabı ilə qalib gəlib. Qax və Yevlax
rayonları arasında
3-cü yer uğrunda oyun 1:0 hesabı ilə Qax komandasının
xeyrinə başa çatıb.
Sürpapaq oyununda Ağdam və Şəki komandaları yarışıb. 1:0 hesabı ilə Ağdam komandası qalib gəlib. Laçın və Ağstafa
komandaları arasında
oyunda isə 3:2 hesabı ilə Ağstafa təmsilçiləri
qələbə çalıb.
Beləliklə, sürpapaq oyunu
üzrə birinci yer uğrunda Ağdam və Ağstafa komandaları üz-üzə gəlib və 7:3 hesabı ilə Ağstafa komandası qalibiyyət qazanıb. Üçüncü yer uğrunda
Laçın-Şəki oyunu
6:0 hesabı ilə nəticələnib.
Yaylıq oyunu üzrə Xaçmaz 1-ci, Goranboy
2-ci, Qəbələ 3-cü, Zaqatala 4-cü yerin sahibi olub.
Çövkən üzrə yarımfinalda Ağcabədi və Balakən komandaları arasında oyun 2:1 hesabı ilə nəticələnib. Bakının «Sərhədçi» və «Polad» komandaları arasında oyunda birinci 2:0 hesabı ilə qalib gəlib.
Mayın 6-da çövkən üzrə
3-cü yer uğrunda Balakən təmsilçiləri
və «Polad» komandası arasında oyun keçirilib. «Polad» komandası 2:0 hesabı ilə qələbə qazanıb.
Mayın 7-də isə Ağcabədi rayonunun və Bakının «Sərhədçi» komandası finalda üz-üzə gələcək. Final oyunundan sonra festivalın təntənəli bağlanış mərasimi olacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 7 may.-
S. 8.