“Ümumi
mədəni irs şəhərləri”
Layihə üzrə
ekspertlərin Türkiyə səfəri başa
çatıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə “Ümumi mədəni irs şəhərləri” layihəsini həyata keçirir.
Layihə COMCEC-yə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını nəzərdə tutur.
Layihənin ekspertləri - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyev aprelin 26-dan 30-dək Türkiyənin Van, Ahlat, Ərzurum və Amasiya şəhərlərində mədəni turizm potensialının araşdırılması məqsədilə səfərdə olublar.
Fariz Xəlillinin qəzetimizə verdiyi məlumata görə, səfər çərçivəsində Şərqi və İç Anadolunun türk-islam mədəniyyətinin (Səlcuqlu, Elxani, Cəlair, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinə məxsus) izlərini daşıyan 4 şəhərində 50-dən çox tarixi abidə ilə tanış olublar. Bu şəhərlərdə, xüsusilə qala-şəhər hissələrində arxeoloji tədqiqatların davam etdiyi və önəmli tapıntıların olduğunu nəzərə alaraq, araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçirilib. Səfər boyunca peşəkar fotoqraf tərəfindən fotolar çəkilib, geniş fotobank yaradılıb.
Şəhərlərin mədəniyyət və turizm idarələrinin rəhbərləri və əməkdaşları, Van Yüzüncü il Universiteti, Ərzurum Atatürk Universiteti, Amasya və Ərzurum muzeyləri, Amasya Memarlar İttifaqı və digər qurumların əməkdaşları ekspert qrupuna yaxından dəstək verib, onların müvafiq nəşrlər və məlumatlarla təmin edilməsinə köməklik göstəriblər.
Layihə üzrə birinci mərhələnin davamı olaraq, daha əvvəl ekspertlər tərəfindən toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək Türkiyənin arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq. Eyni zamanda birinci mərhələ çərçivəsində may ayında Azərbaycan ərazisindəki arxeoloji turizm potensialı olan mədəni irs şəhərlərində də oxşar araşdırmalar aparılacaq. Layihə bu ilin sentyabr ayınadək davam edəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 7 may.-
S. 9.