Zivərbəy
Əhmədbəyov fenomeni
Azərbaycanın ilk ali təhsilli memarı, görkəmli maarifçi Zivərbəy Əhmədbəyov. Bu gün Bakını bəzəyən, Avropa və Şərq memarlıq ənənələrini özündə birləşdirən, dərin məzmunlu arxitekturası, möhtəşəmliyi ilə gözoxşayan bir çox tikililər məhz onun adı ilə bağlıdır. Onun yaradıcılıq izləri nəinki Bakıda, həmçinin Şamaxıda, Vladiqafqazda naxışlanıb, əbədi sənət karvanına qoşulub.
1873-cü ildə Şamaxı bəylərindən Gəray bəyin ailəsində dünyaya gəlib. Şamaxının tanınmış nəsillərindən olan Əhmədbəyovlar elmə, ədəbiyyata marağı ilə tanınırdı. Ailənin sonuncu övladının elmə meylli, istedadlı memar kimi yetişməsi də təsadüfi deyildi. Anası Töhfə xanımın təhsilli, musiqi, ədəbiyyat və poeziya həvəskarı olması da onun gələcək karyerasının formalaşmasına təsirsiz ötüşmədi. Beləliklə, musiqi, rəssamlıq, eyni zamanda fortepiano ifaçılığına həvəs göstərən balaca Zivərbəy artıq məktəb illərində qərar verir: memar olmaq, gözəl sənət nümunələri yaratmaq, qədim Şirvan memarlıq məktəbini, xalqımızın zəngin memarlıq ənənələrini yaşatmaq.
Ali memarlıq təhsili alan
ilk azərbaycanlı
Ailəsi qədim Şamaxının
Sarıtorpaq məhəlləsində
yaşayırdı. Əhmədbəyovlara
məxsus ev
Lermontov küçəsində bu günə kimi qalmaqdadır. Zivərbəyin dünyagörüşünün
formalaşmasında Ə.Xaqani,
S.Ə.Şirvani, A.Səhhət,
M.Ə.Sabir kimi ədiblərin vətəni
olan qədim Şamaxı böyük rol oynayıb. Memarın şəxsi qeydləri arasında Azərbaycanın
müxtəlif şəhərlərindəki
qədim tikililər barədə tarixi sənədlərə rast
gəlmək mümkündür.
Vaxtilə ölkəmizin
dilbər guşələrini
gəzmiş alman səyyahı E.Kemfer, rus şərqşünası
A.Pisemeski, tanınmış
alim D.Mendeleyev, dahi bəstəkar P.Çaykovski, dünya şöhrətli yazıçı
A.Düma kimi tarixi şəxsiyyətlər
öz əsərlərində
bu barədə ətraflı məlumat veriblər.
Zivərbəy Əhmədbəyovun nəvəsi, yeganə qızı Firəngiz xanımın oğlu Oqtay Əfəndiyev babası ilə bağlı xatirələri
dilə gətirir: “Babam haqqında daha çox anamın, eyni zamanda böyük qardaşım Cahangirin mənə dediklərini söyləyə bilərəm.
O, ədəbiyyat və
incəsənət vurğunu
idi. Çox zəngin kitabxanası,
Peterburqdan və Avropadan gətirilmiş rəssamlıq və heykəltəraşlıq nümunələrindən
ibarət kolleksiyası
vardı. Onun bu irsini uzun illər
anam Firəngiz xanım Əhmədbəyova
(Əfəndiyeva) qoruyub
saxlayıb. Kolleksiya babamın
1914-1916-cı illərdə tikdirdiyi evin böyük bir otağını əhatə
edirdi. İndiki Dağüstü parkda yerləşən həmin malikanəni dəqiqliklə xatırlayıram.
Evin ətrafında gözəl
dekorativ bağ salınmışdı. Babam orada
ekzotik balıqların
üzdükləri səkkizüzlü
akvarium yerləşdirmişdi.
Anam danışardı ki, babam inşa etdiyi mərmər döşəməli geniş
qalereyada qohumları və Bakı ziyalılarını ətrafına
toplayıb musiqi gecələri keçirər,
fortepiano və skripkada
ifa etdiyi melodiyalarla onlara gözəl əhval-ruhiyyə
bəxş edərdi.
Onu adətən anam müşayiət edərdi.
Böyük otaqları olan
evin cəmi iki küncü vardı. Bu ev
müsəlman və xristian qəbiristanlığının
arasında tikilərkən
həmin ərazidə,
demək olar ki, yaşayış yox idi. Memarın bu
addımı o zaman insanlar tərəfindən
birmənalı qarşılanmamışdı.
Amma babam onları evin inşası üçün məhz köhnə Çəmbərəkənd
rayonunu seçməsini
düşünülmüş qərar olduğuna inandırmağa çalışırdı.
Zivərbəy peterburqlu
həmkarına ünvanladığı
məktubda yazırdı:
“Düzdür, bu gün hər fayton məni inşaat işlərinin getdiyi məkana aparmaq istəmir. Xüsusilə də axşam
vaxtı müsəlmanlar
iki qəbiristanlıq
arasında yerləşən
bu əraziyə gəlməkdən qorxurlar.
Amma onlar bilmirlər ki, vaxt gələcək bu yerlər şəhərin incisi hesab olunacaq...” Qardaşım babamın həyat
və yaradıcılığı
haqqında çoxlu məqalələr yazmışdı.
Mən də babamla bağlı daha geniş məlumat əldə etmək məqsədilə
ötən il
Azərbaycan Dövlət
Tarix Arxivinə getdim. Çoxlu materiallar əldə
etdim. Öz tədqiqatlarımı davam etdirmək üçün yaxın günlərdə yenə
də Sankt-Peterburqa getmək istəyirəm.
Babam həm də Bakının baş memarı olub. Ona görə də mənə elə gəlir ki, Bakı Sovetinin arxivində onunla bağlı bəzi materiallar saxlanılıb və bütün bunlar mənə maraqlı gələcək.
İstəyirəm ki, Zivərbəy
Əhmədbəyovun həyat
və yaradıcılığı
ilə bağlı materialların sayı çox olsun”.
Şərq-Qərb ənənələri
Beləliklə, dövrünə görə mükəmməl təhsil alan Zivərbəy 1902-ci ildə memar diplomu ilə vətənə qayıdır. Gənc kadr ilk peşəkar fəaliyyətinə doğulub boya-başa çatdığı şəhərdən başlayır. Oqtay müəllim deyir ki, məhz həmin ərəfədə, yəni 1902-ci ilin 31 yanvarında baş verən zəlzələ Şamaxını xarabazara çevirmişdi: “Buna görə də o, bir müddət Şamaxıda qalıb şəhərin abadlaşması ilə məşğul olur. Məsələn, tamamilə dağılmış Cümə məscidi ilə yanaşı, digər tikililəri də yenidən bərpa edir. Nəticədə Şamaxı özünün normal şəhər həyatına qayıdır. 1907-ci ildə babam Bakıda başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin dövrdə Bakı sənaye şəhəri kimi inkişaf edirdi. Şəhərin memarlıq işləri xüsusi naxışları və ornamentləri ilə fərqlənirdi. Buradakı fərqlilik Avropa üslubu idi. Bu səbəbdən də paytaxtın qubernatoru və ali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi”.
Zivərbəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya İnstitutunun binası və onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.
Gənc memar öz karyerasında sürətlə irəliləyirdi. 1917-ci ilə qədər Bakı Quberniya İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyən Zivərbəy həmçinin ictimai fəaliyyətlə də məşğul olurdu. Onun səyləri nəticəsində 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan” cəmiyyət yaranır. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb. Həmin vəzifəni sovet hakimiyyəti illərində də - ömrünün sonuna qədər icra edib.
Möhtəşəm
sənət yadigarları
Bu gün Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti hesabına tikilib. O zaman Bakı milyonçularının Avropanın ən məşhur memarlarını Bakıya dəvət edib özləri üçün yaşayış binaları, bağ evləri tikdirdikləri halda, Nabat xanım məscidi məhz azərbaycanlı memara tikdirmək niyyətində idi. Bu memar isə gənc Zivərbəy idi. Amma müdrik qadın memarı yanına çağırıb niyyətini bildirdikdən sonra onu öz vəsaiti hesabına Şərq ölkələrinə göndərir ki, məşhur məscidlərin memarlıq üslubunu öyrənsin. Doğrudur, buna qədər artıq Zivərbəy Şamaxıda Cümə və İmam, Əmircanda Murtuza Muxtarov məscidlərinin memarı kimi şöhrət tapmışdı. Amma buna baxmayaraq, Nabat xanım Bakıda Şərqin ən möhtəşəm məscidlərinə bənzər məscid görmək istəyirdi. Zivərbəyi Məkkə və Mədinəyə, İstanbula Şərqin memarlıq inciləri sayılan məscidlərin memarlıq üslubu ilə tanış olmağa göndərəndə ona belə demişdi: “Oğlum, qoy o müqəddəs ocaqların ruhu sənə ilham versin. Bax, öyrən, ən yaxşısını seç! Xalqımızın adına layiq elə məscid tik ki, adı dillər əzbəri olsun”.
Beləliklə, Zivərbəy Şərqin zəngin məscid memarlığını mənimsəyərək geri dönür. İndi Nabat xanım Aşurbəyovanın arzuladığı məscidi tikmək olardı. Zivərbəyin layihəsi əsasında ən bacarıqlı sənətkarların iştirakı ilə Bakıda unikal memarlıq abidəsi - Təzəpir məscidi meydana gəlir. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi. Bu gün də Bakının memarlıq incilərindən Təzəpir əsrarəngizliyi ilə göz oxşayır. Bunun ardınca isə onun layihəsi əsasında Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən, məşhur Əjdər bəy məscidi ərsəyə gəldi. Məscid dövrün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyovun vəsaiti ilə inşa edilmişdi. Memarın Əmircanda tikdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi qorunur.
Oqtay Əfəndiyevin sözlərinə görə, Rusiyanın Vladiqafqaz şəhərində də (Şimali Osetiya) bir sıra yaşayış, məişət binaları babasının layihəsi ilə tikilib.
Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib. Bizlərə gözəl sənət inciləri bəxş edən memarın adı bu gün də hörmətlə yad edilir. Üç il bundan öncə, 2011-ci ilin mayında Bakıda “Nizami” metro stansiyasının qarşısında Prezident İlham Əliyevin iştirakı ilə Zivərbəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Bütün bunlar dövlətimizin və xalqımızın böyük memarın xatirəsinə dərin hörmətinin göstəricisidir.
Mehparə
Mədəniyyət.- 2014.- 7 may.-
S. 10.