Rəsulzadə
Cavid yaradıcılığı haqqında
Məhəmməd Əmin Rəsulzadə
- 130
Məhəmməd Əmin Rəsulzadə görkəmli siyasi lider olmaqla yanaşı, Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı və ictimai fikrinə dair sanballı əsərlərin müəllifidir. Xüsusilə onun “Azərbaycan Cümhuriyyəti”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” kitabları, eyni zamanda müxtəlif mətbuat səhifələrində dərc olunan məqalələri milli həqiqətlərin ifadəsi baxımından son dərəcə əhəmiyyətlidir.
Həm də ədəbiyyatşünas...
Azərbaycan və dünya ədəbi-fəlsəfi fikrinin patriarxı Nizami Gəncəvi haqqında yazdığı kitabda müəllifin XI-XII yüzilliklərin ədəbi faktlarına dəqiq, əsl mütəxəssis münasibətinin şahidi oluruq. Kitabda Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Qivami Mütərizi, Məhsəti Gəncəvi və digərləri haqqında ensiklopedik bilgilər verilmiş, dəyərli tezislər irəli sürülmüşdür. Nizami haqqında təkcə bu fikir müəllifin professional ədəbiyyatşünas portretini dəqiqliklə təsvir edir. M.Ə.Rəsulzadə yazır: “...Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir”.
“Çağdaş Azərbaycan ədəbiyyatı” kitabında XX əsrin əvvəllərindən etibarən formalaşan demokratik milli ədəbiyyatın əsas nümayəndələrindən Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Gültəkin (Əmin Abid) və başqalarının yaradıcılığını təhlil edilmişdir.
M.Ə.Rəsulzadənin milli düşüncəsinə, ideyalar aləminə rəğbətlə yanaşdığı ədiblərdən biri də görkəmli şair-dramaturq Hüseyn Caviddir. Adıçəkilən kitabında müəllif H.Cavidin ideya-sənətkarlıq baxımından yüksək dəyərə malik “Şeyx Sənan”, “İblis”, “Uçurum”, “Peyğəmbər”, “Topal Teymur” və “Səyavuş” pyesləri haqqında sanballı elmi mülahizələr irəli sürmüşdür. O ilk növbədə qeyd edir ki, H.Cavid qaldırdığı aktual problemlərlə təkcə xalqın milli kimliyini onlara xatırlatmır, bu əsərlər oxucuların ədəbi-estetik düşüncəsini zənginləşdirməklə yanaşı, dövrün rəhbərlərinin “yuxusuna haram qatır”: “Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan mənsur “Topal Teymur” ilə mənzum “Peyğəmbər” sovet rəhbərlərini çox məşğul edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanılmasına icazə verilən “Topal Teymur” tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə məmnun və coşğun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən” şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. “Topal Teymur” müəllifinə uzun zaman hiddətlənmiş hökümətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər”.
Çünki Cavid böyük ədəbi ustalıqla və haqlı olaraq bolşevizmin yalan vədlərini ifşa edirdi. Sovet İttifaqı qurulanda ölkələrin (o cümlədən Azərbaycanın) müstəqilliyini qoruyacağı bildirilsə də, sonralar bunun xülya olduğu ortaya çıxdı. Ona görə də Cavid sətiraltı olaraq Teymurun dilindən (əsər 1925-ci ildə yazılıb) “Avropalıların dilləri başqa, yürəkləri daha başqadır”, - deyirdi. Eyni zamanda konkret türk birliyi ideyasını gündəmə gətirməsi sovet hakimiyyətini əndişələndirirdi.
“Öylə bir əsr
içindəyəm ki”...
Cavidin “Peyğəmbər” (1922) əsəri haqqında yazarkən Rəsulzadə qeyd edir ki, “bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az “küfr” tapmamışdı”. Bu “küfr”ləri doğuracaq xeyli səbəb vardı və dramaturq onları Məhəmməd (s.ə.s.) peyğəmbərin dilindən belə sıralayır:
Öylə bir əsr
içindəyəm ki, cahan
Zülmü vəhşətlə
qovrulub yanıyor...
Dinləməz
kimsə qəlbi, vicdanı
Məhv edən
haqlı, məhv olan haqsız...
Başçıdır
xalqa bir yığın cani...
Ah, ədalət,
hüquq və hürriyyət
Ayaq altında
çeynənib gediyor.
Hələ də Cavidin “Azərbaycan həyatından yazmadığı” (?!) fikrində olanlara demək istərdik ki, ötən əsrin 20-ci illərinin reallıqlarını bundan artıq necə ifadə etmək olardı. Məgər canilərin rəhbərliyə gətirilməsinə üsyan edən böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadə “Dəli yığıncağı”nda (1926) Doktor Lalbyuz obrazını təsadüfən yaratmışdı? Xalqın dilini bilməyən (hər iki mənada) Kirovlar (1921-1925-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib - F.Y.) onun min bir problemini necə həll edəcəkdi?!
Ədəbiyyatşünas haqlı olaraq göstərirdi ki, “Peyğəmbərin bu bədbin həsbi-halındakı qaranlıq tablonu sovet tənqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu və ya tamaşaçılar burada “kommunist cənnəti” içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi? “İmansızlıqda həqiqət” və “biliksizlikdə mərifət” görənlər onlara hakim olan xamlar (oxu Kirovlar - F.Y.) onların özləri deyilmi?” “Zülmü vəhşətlə qovrulub yanan”, cəmi 23 ay müstəqillik ziyasında işıqlanan, lakin 20-ci ilin aprelində suverenliyinə daş atılan Azərbaycan deyilmi?!
Nərdə
parlarsa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik,
inan,
Orda var sevgi, orda var iman.
Orda var şübhəsiz,
böyük Yaradan!
Görək
həqiqətin parlamasına, vətənin istiqbalı
üçün vicdanla, sevgiylə, imanla
çalışanlara meydan vardımı? Məgər “37”
burulğanında sovrulan millətsevərlərin “millət
yoludur, haqq yoludur, tutduğumuz yol”dan savayı bayraq edəcəkləri
nə vardı ki?! Cavidin cəsarətini, dramaturq qüdrətini
Rəsulzadə bu misralarda görür:
Parlayıb durmadıqca əldə
silah,
Əzilərsən, qanın olar da
mübah...
Əvət ən doğru, ən
gözəl ayin:
Əhli-vicdana busə, xainə-kin!..
Açar ancaq bu kitab el
gözünü,
Siləcəkdir bu qılınc
zülm izini.
Haq, Vətən, zövqi-səadət,
cənnət
Həp qılınc kölgəsi
altında, əvət!..
və
qeyd edir ki, kommunist istilası altında əzilən bir məmləkətin
ədibinin “yaratdığı Peyğəmbərin dilindən
söylənən Vətən şüarının ifadəsi
xüsusilə aydındır. Bu sözlər vətənpərvərlik
mənasında işlənir... Böyük bir sənətkarlıqla
yazılmış bu əsərdən Azərbaycan oxucusunun
alacağı hissə məhz budur”.
Rəsulzadə
böyük dramaturqun “Uçurum” əsərində gündəmə
gətirdiyi mentalitet məsələsinə diqqəti çəkir
və ucuz şöhrət arxasınca qaçanların sonda
uçuruma yuvalanacağını bildirir. Cavidin “moralist və
idealist qəhrəmanı” Əkrəmin Parisə getmək ərəfəsində
olan dostu Cəlala istiqamət vermək məqsədilə
söylədiyi dəyərli fikirləri xatırladır:
Əvət, bu çox gözəl
düşüncə, lakin
Səyahətdən zövq alan bir
türk için
Krım yaylaları, İdil
boyları,
Qafqaz dağları, şanlı
türk soyları
Birər sərgidir, seyrinə
doyulmaz,
Gənc bir rəssam üçün
dəyərsiz olmaz.
“Hürriyyət və insani fikirlərin
romantiki”
Rəsulzadə
“İblis” mənzum faciəsini Cavidin “əsərləri
arasında müstəsna yer tutan” dəyərli nümunə
kimi səciyyələndirir. Qeyd edir ki, burada müəllif
“hürriyyət və insani fikirlərin bir romantiki olaraq
meydana çıxır. İnsanların lənətlərinə
qarşı özünü müdafiə edən İblisin
dili ilə insanlar arasındakı təzadı təsvir edir və
adəm övladının düşkünlüyünü və
öz cinsinə qarşı canavar kəsildiyini göstərir”.
Əsərin
“ən qatı bir inqilabçı ədasıyla”
yazıldığını vurğulayan ədəbiyyatşünas
ustad ədibə haqq qazandırır: “Dahi şair onu tərk
etməyən ana düşüncəsinə - milliyyət və
türkçülük fikrinə xüsusi bir yer
ayırır: Turanın qurtulması üçün
yalnız qılıncın kifayət olmadığını
bir qəhrəmanın dili ilə,
Turana qılıncdan daha kəskin ulu
qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!..
deyə
ifadə edir”.
Rəsulzadə
şairin “Şahnamə” motivləri əsasında qələmə
aldığı “Səyavuş” (1933) mənzum faciəsinin də
ideya-sənətkarlıq məziyyətləri haqqında
yüksək fikirlər söyləmişdir. Tədqiqatçı
əsərin qəhrəmanı Səyavuşun
daşıdığı missiyanı, apardığı
mübarizəni və uğradığı
haqsızlığı faciənin yazıldığı
amansız dövrlə uzlaşdıraraq Cavidin şahidi
olduğu ictimai-siyasi proseslərə münasibətini dəqiqliklə
göstərmişdir: “Böyük İran şairinin
(Əbülqasım Firdovsi - F.Y.) bu məzlum qəhrəmanı,
onun yaşadığı faciələr, müvəffəqiyyətsizliklər,
təbiidir ki, Azərbaycanın romantik şairi tərəfindən
istər zamanın tələbi (!) və istərsə səhnə
texnikası baxımından çox gözəl işlənmişdir.
Liberal bir aristokrat tipi olan Səyavuşun xarakterik cəhətləri
məzlumlara və yoxsullara acımaq, şəhvətə,
zülm və zorakılığa qarşı nifrət bəsləmək
hislərini göstərən cizgilərlə çox gözəl
qabardılmışdır”.
Əsərin
bədii-fəlsəfi siqlətini yüksək dəyərləndirən
tənqidçi qeyd edir ki, Cavidin başqa nümunələri
kimi, “Səyavuş”da da türk şeirinin gözəlliyinin
sirlərini bilən bir sənətkarın ifadə
parlaqlığı var: “Pyesdə lirik nəğmələrin
yanında gözəl düzülmüş səhnələrin
hər gəlişini müşayiət edən bir çox dərin
mənalı fəlsəfi fikirlər də tapırıq.
Oxucu burada hürriyyət üçün
çarpışmağa çağıran coşqun xitablara
rast gəlir”.
Zülmə qarşı dikbaş və
məğrur olun!
Hürriyyət uğrunda çox cəsur
olun!
Səadət pərisi gülməz
qullara,
Munis olar ancaq dəmir qollara.
Ədəbiyyatşünasın
fikrincə, “bu bir dəvət ki, sosial və milli əsirliyin
təmsilçisi olan sovet hökumətinə qarşı dəfələrlə
üsyan edən və əsərin yazıldığı
zaman, həqiqətən, üsyan vəziyyətində olan
indiki kəndli başçıları da iki əllə imza
atarlar”.
Göründüyü
kimi, Rəsulzadə dahi sənətkarın ideallarını,
hədəflərini dəqiq müəyyənləşdirməklə
yaradıcılıq fəlsəfəsini obyektiv şəkildə
ifadə etmişdir. Əslində tənqidçinin gəldiyi
mükəmməl qənaətlər təəccüb
doğurmamalıdır. Çünki böyük
şair-dramaturq Hüseyn Cavidlə milli ideoloq, görkəmli
ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin
baxışları, amalları bir nöqtədə birləşirdi
-MÜSTƏQİL AZƏRBAYCAN!
Min təəssüf ki, hər iki şəxsiyyət azadlığı, işıqlı gələcəyi naminə yorulmadan çalışdıqları vətən torpağından uzaqlarda əbədiyyətə qovuşdular. Ruhları cənnətdə!
Fariz Yunisli
Mədəniyyət.- 2014.- 7 may.-
S. 11.