Yüksəklikdə
yüksəliş...
Yer-yurdunun altı sərvət, üstü cənnət - Daşkəsən...
Bineyi-qədimdən yurd-yuvalar, irili-xırdalı qəsəbələr, şəhərlər binə-bünövrələnəndən sonra tanınıb, məşhurlaşıb. Bu ərazi isə öz adını “Dədə Qorqud”dakı Buğaca timsalən alıb. 1948-ci ilə qədər müxtəlif isimlərlə (lap sonuncu: Dəstafur) - özü də, demək olar ins-cinssiz dövran sürmüş bu gözdən uzaq... sakindən iraq məkan, nəhayət, geoloqların uzun axtarışları və məlum tapıntıları sayəsində bugünkü adına yiyələnib...
Deyirəm, əgər bu məkanın yeraltı sərvətləri üzə çıxmasaymış, buralar ancaq yaylaqsevər ulular-olularımızın yerüstü cənnəti olaraq qalacaqmış...
Və... buralıların dadlı ləhcəsilə desəm, “əyərlərim” təbiətin təbii əsərlərini də sənətin bədii əsərləri kimi təsnifatlaşdırsaymışıq, buranı poeziyastan adlandırmaq gərəkərmiş. Amma... yəqin ki, “sərt” bir təyinlə: dramatik poeziyastan!..
...Buralar adamın fikir-xəyalını, qələm-kağızını nə qədər nəzmə tərəf çəksə də, rəsmi-rəqəmlikdən qaçmaq olmur. Neyləyəsən, qənirsiz gözəllərin, adlarını eşidib üzlərini gördüyün igidlərin də soy-kökünü, şəcərə-nəcabətini öyrənib-bilmək vacibətdəndir.
Yol-məsafəcə Bakıdan 406 kilometr uzaqdadır bu cənnət. Könülcə, zövq-səfaca isə aralarından su da keçməz. “Su” dedim, gözləriniz qarşısına buranın göz yaşı kimi dupduru bulaqları gəlsin: Narzan, Qiblə, Yumurtalı, Qayğı, Böyrək, İdris, Seyid, Şəffaf, Turşsu bulaqları...
Kiçik Qafqazın şimal-şərqində - dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir Daşkəsən. “Yüksəklik” dedim, xəyalınıza yalnız “cansız” dağları, qayaları yox, saflıq, şirindillik, qonaqcıllıq sarıdan dünya səviyyəsinin ən yüksəkliyində qərar tutmuş canlı insanlarını da gətirin, lütfən...
Heç bir şairin heçcə bir şeirində, poemasında zirvəsinə qalxa bilmədiyi Qoşqar və Şahdağ silsilələrinin yamaclarını, Hinaldağın ətəklərini, “Yeddi qardaş”ın seyrangahını əhatə edir ki, hər biri 3300 metrdən hündür ucalıqlarda! Bütün sakinlərinin - çoban, taksiçi, “kərpickəsən qoca” timsallı daş-qayakəsən ustasından tutmuş rəsmi-icra nümayəndəsinədək - hamısının da dilində “Qüdrətdən səngərli, qalalı dağlar” kimi qədim, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı!” kimi müasir “bal arı” misralar...
...“Göylərə baş çəkən” dalğalı dağlar, hüsnü-xətt qayalar, “mışıl-mışıl dərələr”, yüzbir faunalı, minbir floralı meşələr, onsuz da uca zirvələri bir az da ucalayan qoca-qoca palıdlar, əsrarəngiz subalp və alp çəmənliklərinin yaratdığı, təbiət alimlərininsə “Alp xalçaları” adlandırdığı bənzərsiz bir aləm...
Və bu aləmdə - uzun illərin güzəran çətinliklərilə baş-başa qalıb, mübarizə apara-apara yurd-yuva salıb, balaca-balaca ailələr qurub, min illərdi oturuşmuş rayonlarımız sırasına ayrıca ictimai Ailə qoşmaq qalibiyyətinə nail olmuş daşkəsənlilər! 1019 kv. km ərazidə yerləşən bu rayon bugünkü Ermənistan Respublikası (yəni dünənki özümüz) ilə 8 kilometr həmsərhədi-dərd-sərlik yaşayır. Hazırda 33 minə yaxın əhalisi var (bu haqda hələ başqa sözüm də var). 1 şəhər, 6 şəhər tipli qəsəbə, 42 kənd. Bu faktlara digər rayonlara aid “fakturalar” kimi baxmamalı. Belə ki, bunlar, hardasa, “yox yerdən” yaranmış, yaradılmış, yarayıb-yarıdılmış məsələlərdəndir. Buradakı say-sanbalca çox zəngin ünvan - Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 59 kitabxana, şəhər Mədəniyyət evi, adları “ucqarlıq” ab-havasıyla sədalanan 15 kənd mədəniyyət evi, Dövlət Rəsm Qalereyası, daha bir maddi-mənəvi milli obrazımızı aynalayan Tarix-Diyarşünaslıq Muzeyi və sair kimi obyektlərin təsis-təşəkkülü, qorunub-saxlanması, inkişafı ilə bağlı mətləblərə hər işi “düzünəqulu” rayonlar ayağından yanaşmaq düzgün olmazdı.
Bura, daha çox, yaylaqcılar, müasir telekanalların leksikonuyla desək, “ləzzətin dadını çıxar”maq istəyənlərçün bir məkandır ki, yayın “qora bişirən” günlərinin də hərarəti 31 dərəcəni aşmır. Belə olan halda, buranın doqquz aylıq zimistanında necə yaşamalı, dözüb yaşayanlarçün normal sosial-kommunal şəraiti necə yaratmalı? Neçə-neçə tarixi abidəli, ekzotik fauna-floralı, yaxın gələcəkdə yaradılası möhtəşəm turizm obyektlərilə bütün dünyaya da bəllənmə ehtimallı, çörəyi - sözün həqiqi və məcazi mənasında daşdan və dəmir-filizlərdən çıxan daşkəsənlilərin bugünkü növrağa nail olmalarının əsası elə onların buranın təbiəti qədər gözəl insani təbiətləri, işgüzar keyfiyyətlərilə əlaqədardır. Bu təbiət və keyfiyyət ötən şənbə günü onların ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ulu öndərin heykəli önünə necə mütəşəkkillik, necə rəğbət və məhəbbətlə toplanmalarında, abidəni təzə-tər gül-çiçəklərə qərq etmələrində, digər sayğı dolu, rəngarəng ifa-ritual elementlərində də hiss olundu.
Həmin
sualıma dair daha bir neçə
sözüm var. Belə
ki, bu zirvə-yurdda
Daşkəsən Rayon Mədəniyyət
və Turizm Şöbəsinin Hacı
Məmmədov kimi işgüzar, qonaqpərvər
müdiri, onun müavini - Mətanət Abdullayeva kimi məlumatlı müsahibi,
Pərvanə Məmiyeva,
Şəhla Kərimova,
Elmira Məmmədova, Məzahir
Rüstəmov, Lətafət
Bağırova, Qüdrət
Hüseynov kimi yurdsevər, səmimi, istedadlı mədəniyyət
işçiləri var...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 7 may.-
S. 12.