Kitabxanaların elektron resursları və müəllif hüquqları problemləri

 

Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində «Kitabxanaların elektron resursları və müəllif hüquqları problemləri» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, ADA Universiteti, BDU və Bakı Ali Neft Məktəbi kitabxanalarının, BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsi və Bakı Amerika Mərkəzinin əməkdaşları iştirak ediblər.

Mərkəzin direktoru Gülşən Mehdiyeva tədbiri açaraq mövzunun aktuallığından danışıb. Bildirib ki, tədbir iki mühüm tarixə - Dünya Kitab və Müəlliflik Hüququ Gününə (23 aprel) və Beynəlxalq Əqli Mülkiyyət Gününə (26 aprel) həsr olunub.

UNESCO və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən müvafiq olaraq 1995 və 2000-ci illərdə təsis olunan bu əlamətdar günlər ölkəmizdə də qeyd olunur. DƏMT Beynəlxalq Əqli Mülkiyyət Gününü elan etməklə ölkələri əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və yenilikçiliyin həvəsləndirilməsinə, əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır. G.Mehdiyeva bildirib ki, müasir dövrdə kitabxanalar öz fəaliyyətlərində elektron kitabxana və resursların yaradılması və onlardan istifadə olunması prosesində müəllif hüquqları problemləri ilə qarşılaşırlar.

Müəllif Hüquqları Agentliyinin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev ölkəmizin bu sahədə qoşulduğu beynəlxalq konvensiyalar haqqında ətraflı məlumat verib. Bakı Ali Neft Məktəbinin kitabxana müdiri T. Zaytseva elektron arxiv və müəllif hüquqları məsələlərindən bəhs edib.

Tədbirin sonunda Gülşən Mehdiyeva «Creative commonsya müəllif hüquqlarını müdafiə edən alternativ layihə» adlı təqdimatla çıxış edərək, müəlliflik hüququ sahəsində fəaliyyət göstərən bu nüfuzlu qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə danışıb. Azərbaycanın bu təşkilata üzv olacağı təqdirdə onun xidmətlərindən həm müəlliflərin, həm də istifadəçilərin yararlana biləcəyi vurğulanıb.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 14.