Muzey yaratmaq istəyən gənc kolleksiyaçı

 

Son dövrlər Avropaya inteqrasiya edən Azərbaycan gəncliyi müasirliyi mənimsəməklə yanaşı, öz kökünə də sıx bağlıdır. Yaradıcı gənclərimiz öz fəaliyyətlərində tariximizi, mədəniyyətimizi təbliğ edir, milli incəsənətimizə sonsuz sevgilərini nümayiş etdirirlər. Belə gənclərdən biriSiyavuş Əlizadədir.

Siyavuşu çoxları gənc kolleksiyaçı və həvəskar diyarşünas kimi tanıyır. 26 yaşlı gənc on ildən çoxdur kolleksiya toplayır. Onun kolleksiyasında mis qablar, tətbiqi sənət nümunələri, qədim parçalar, kitablar, görkəmli şəxsiyyətlərə aid eksponatlar, tanınmış rəssamların tabloları yer alır.

Siyavuş Əlizadə Azərbaycan Universitetini bitirdikdən sonra Dövlət Pantomima Teatrında bədii quruluş hissə müdiri, daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kütləvi tədbirlərin təşkili üzrə mütəxəssis vəzifəsində çalışıb. Hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əməkdaşıdır.

 

300 yaşlı parça

 

Söhbətimiz zamanı bildirdi ki, kolleksiya toplamağa ailə yadigarlarını yığmaqla başlayıb. İlk topladığı qədim pullar, mis qablar və kəlağayılar olub: “Nənəm çox maraqlı qadın olub. Onun örpəyinin kolleksiyamda yer alması da təsadüfi deyil. O dövrdə “düşbərə örpəyi” adlanan bu örpəyi çox az adam örtürmüş. Bir qohumum mənə qədim bir parça verdi, öyrəndim ki, onun 300 il tarixi var. Əsas həvəs isə son illərdə yarandı. Əvvəllər kolleksiya nümunələrini qohumlardan, dostlardan toplamağa başlamışam. Kolleksiyamda mənim üçün dəyərli olan kitablar da var. İlk illərdə kitabları toplamağı düşünmürdüm. Amma qədim kitablar get-gedə marağımı çəkdi. Artıq XIX əsrə aid 20-30 daşbasma kitab toplamışam. XVI-XVIII əsrlərə aid əlyazma kitablarım da var. Sonra tətbiqi sənət nümunələrini toplamağa başladım”.

Gənc kolleksiyaçı muzeylərə gedəndə düşünürmüş ki, bunlardan niyə onda olmasın: “Aylıq məvacibim o qədər imkan vermir ki, kolleksiyamı zənginləşdirim. Amma bacardığım qədər müxtəlif nümunələr toplamağa çalışıram. Burada ölkəmizin bir çox bölgələrindən nümunələr var. Xüsusilə Cənubi Azərbaycana aid eksponatlarımın olması ilə fəxr edirəm”.

 

“Ən böyük arzum muzey açmaqdır”

 

Siyavuş bir çox yaşıdlarından fərqlənir. Onun aləmində dəbdəbəyə, vaxt itkisinə yer yoxdur. O, axtarışlar aparır, kitab yazır. Ərsəyə gətirdiyi kitablardan biriböyüyüb boya-başa çatdığı qəsəbənin tarixini əks etdirən “Şağannamə”dir. Deyir ki, bu kitabla qədim tarixə malik kəndləri haqqında geniş oxucu kütləsini məlumatlandırmaq istəyir. Digər nəşr isə tanınmış yazıçı Qılman İlkinin baş məsləhətçisi olduğu “Bakılı belə danışır (Bakı ləhcəsi)” kitabıdır: “Nənəmdən eşitdiyim, mənasını bilmədiyim sözləri ara-sıra oturub qeyd edirdim. 1400-ə yaxın söz toplamışdım. Sonra görkəmli nasirimiz Qılman İlkinlə söhbətim zamanı ona bu barədə məlumat verdim. Mənə dedi ki, topladıqlarını gətir, redaktə edim. Topladığımız sözlərdən 700-ü kitabda əksini tapdı, mənaları izah olundu. Hazırda ilklərə imza atan Azərbaycan qadınları haqqında kitab üzərində işləyirəm”.

Həmsöhbətim bu istiqamətdə fəaliyyət göstərməsinə səbəb olan nənəsini minnətdarlıqla yad edir: “Bu cür əşyaları toplamağıma səbəb rəhmətlik nənəmin qədim adət-ənənələrimizə bağlılığı olub. Düzdür, hərdən yoruluram. Amma bu yolda tək olduğumu görəndə elə bil kimsə “Sən tək olsan da, hər kəs sənlədir!” - deyir... Qarşıma məqsəd qoymuşam ki, muzey açam. İnanıram ki, muzey açılana qədər Azərbaycanın tarixinə, mədəniyyətinə aid daha çox eksponat toplayacağam. Qrafika və eskizlərə xüsusi marağım var. Yaxın zamanlarda eskizlərdən ibarət sərgi təşkil etmək istəyirəm. Biz öz tariximizə “çox sağ ol” deməliyik ki, bunları bizə yadigar qoyub”.

Siyavuş ixtisasca iqtisadçı olsa da, bu sahəyə olan marağı onu öz ixtisasından tamamilə uzaqlaşdırıb. Deyir ki, çalışdığım “Qalaqoruğu mənim mənəvi dayağımdır. İndiyə qədər 100-ə yaxın eksponatım burada nümayiş olunub.

Qeyd etmək yerinə düşər ki, ötən ilin dekabrında “Baku Creative Center”də kolleksiyaçının “İlkSon” adlı sərgisi də böyük maraqla qarşılanmışdı. Sərgidə Siyavuş Əlizadənin topladığı müxtəlif eksponatlar nümayiş olunmuşdu.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 15.