Türk dünyası naşirləri və
yazıçıları Əskişəhərdə bir araya gəliblər
Türkiyədə Avrasiya türk dünyası kitab sərgisi keçirilir. 2013-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Əskişəhərdə keçirilən sərgi Avrasiya Yazarlar Birliyi və “Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyi tərəfindən təşkil olunub.
Mayın 5-də gerçəkləşən açılışda Əskişəhər valisi Güngör Azim Tuna, Türkiyənin təhsil naziri Nəbi Avcı, Azərbaycanın Xalq yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, “Azərbaycan Naşirlər və Poliqrafçılar” Birliyinin sədri Bəhruz Axundov, Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, digər tanınmış müəlliflər iştirak ediblər.
Çıxışlarda sərginin qardaş xalqlar arasında
mədəni əlaqələrin möhkəmlənməsində
rolundan söz
açılıb. Yüzə yaxın stendin
qurulduğu sərgi mayın 10-dək davam edəcək. Burada türkdilli xalq və
toplumların nəşriyyatlarının çap
məhsulları, müxtəlif dərgilər, türk sənət nümunələri, elmi-publisistik məzmunlu kitablar
nümayiş etdirilir.
Həmçinin tanınmış yazıçıların imza günləri keçirilir,
yeni kitablar təqdim olunur. Azərbaycan kitab
bayramında beş nəşriyyatla təmsil
olunur.
Mədəniyyət.- 2014.- 9 may.-
S. 3.