Ölkəmizin uğurları onun adı ilə bağlıdır

 

Mayın 7-də Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və kitabmövzusunda konfrans keçirildi.

Polis Akademiyasının Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbir ulu öndərin abidəsinin önünə əklil qoyulması ilə başlandı. Sonra iştirakçılar mərkəzin foyesində ümummilli liderin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgi ilə tanış oldular. Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən film nümayiş etdirildi.

Akademiyanın rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev və Milli Kitabxananın direktoru Kərim Tahirov ümummilli liderin müasir Azərbaycan dövlətinin tarixində, ölkəmizin beynəlxalq arenada rolunun yüksəlməsində əvəzsiz xidmətlərindən danışdılar. Bildirildi ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrüdür. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünüb, onun intellektual potensialının formalaşması üçün bilikli kadrların hazırlanmasına şərait yaradıb. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan dəfələrlə ağır siyasiiqtisadi böhrandan üzüağ çıxıb. Bu gün ölkəmizin dinamik inkişafı ümummilli liderin bizə miras qoyduğu siyasətin sayəsində mümkün olub.

Milli Kitabxananın direktoru Kərim Tahirov onu da diqqətə çatdırdı ki, ulu öndər mədəni irsin təbliğinə xüsusi diqqətlə yanaşırdı. Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməyib.

Millət vəkili, yazıçı-publisist Elmira Axundova ümummilli lider haqqında yazdığı “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyindən bəzi fraqmentləri konfrans iştirakçılarının nəzərinə çatdırdı, ulu öndərlə bağlı xatirələrini bölüşdü.

Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti Rasim Süleymanov ümummilli liderin Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs etdi, böyük siyasətçinin kitaba, kitabxanalara böyük qiymət verdiyini vurğuladı. Qeyd olundu ki, dövlətin bu sahədə apardığı islahatlar nəticəsində kitabxanaların sayı artıb, maddi-texniki bazası möhkəmləndirilib. Kitab fondları zənginləşdirilib, metodik təminat və oxuculara xidmət sistemi yenidən qurulub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi iştirak edirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 4.