ATİ-də ulu öndərə həsr olunmuş tədbir

 

Mayın 7-də Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil ocağının və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə «Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və inkişafında Heydər Əliyevin rolu» mövzusunda tədbir-sərgi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbirdə tarixçilər, institutun professor-müəllim heyəti və tələbələr iştirak edib.

İştirakçılar əvvəlcə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan, ulu öndərin fəaliyyətini əks etdirən fotoşəkil və kitablardan ibarət sərgi ilə tanış olublar.

ATİ-nin rektoru, professor Cəfər Cəfərov dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıb, respublikada həyatın bütün sahələrində, o cümlədən turizm sahəsində qazanılan uğurların ulu öndərin adı ilə bağlı olduğunu vurğulayıb.

İnstitutun ictimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev «Müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təntənəsi», turizm biznesi kafedrasının müdiri Bahadur Bilalovİlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda turizmin inkişafı Heydər Əliyev kursunun davamıdır” mövzularında geniş məruzələrlə çıxış ediblər.

Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi şöbəsinin müdiri Sədi Mirseyibli və digər çıxış edənlər xalqımızın xilaskar oğlu Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, inkişafında, möhkəmləndirilməsində əvəzolunmaz xidmətlərindən danışaraq böyük öndərin dövlət idarəetmə ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 6.