Heydər
Əliyev və Azərbaycan kinosu
Mayın 7-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə gerçəkləşdi.
Konfransda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi qayğı və diqqətdən danışdı. Azərbaycanda kinonun inkişafında, tarixi filmlərin çəkilməsində, bu sahədə gənc nəslin yetişməsində ulu öndərin misilsiz xidmətlərinin olduğunu qeyd etdi: “Ümummilli lider bir çox gənclərimizi Moskvaya kino sahəsində təhsil almağa göndərirdi. Belə xoşbəxt gənclərdən biri də mən olmuşam”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova ulu öndərlə bağlı xoş xatirələrini dilə gətirərək onun haqqında danışmağın şərəfli olduğunu vurğuladı. Bildirdi ki, ulu öndərin qayğısı nəticəsində yeni-yeni filmlər çəkilib, filmlərimizin bir çox festivallarda iştirakı təmin edilib: “Böyük şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkəmizin bütün sahələrində olduğu kimi, mədəniyyət, incəsənət sahəsində də canlanma yarandı. Məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın tarixi şəxsiyyətləri haqqında filmlərin çəkilməsi geniş vüsət aldı”.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin Azərbaycan kinosunun inkişafında xidmətlərini yüksək qiymətləndirdi. Vurğuladı ki, 70-ci illərdə məhz ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycanda kino istehsalının maddi-texniki təchizatı gücləndirilib, iş şəraiti yaxşılaşdırılıb, bir çox kino işçilərinə fəxri adlar verilib. Qeyd olundu ki, Azərbaycanda kinonun yarandığı 1898-ci ilin 2 avqust tarixinin rəsmən qeyd edilməsi də ulu öndərin tarixi xidmətidir. Onun 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
Yazıçı-dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə milli liderin kino xadimlərinə göstərdiyi diqqətdən söz açdı. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə olduğu kimi, ikinci dəfə hakimiyyətə gəldikdən sonra da elmin, təhsilin, ədəbiyyat və mədəniyyətin inkişafına böyük töhfələr verdiyini vurğuladı.
Digər çıxış edənlər bildirdilər ki, ulu öndərin mədəniyyətin inkişafı istiqamətində əsasını qoyduğu böyük işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında lentə alınmış Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sənədli film nümayiş olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 9 may.-
S. 6.