“Festival
qədim atçılıq ənənələrinin bərpasına
xidmət edir”
“Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində ənənəvi olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı və Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Sevindirici haldır ki, bu tədbirlərin coğrafiyası ildən-ilə genişlənir, daha kütləvi xarakter alır. Bu tədbirlər xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, atçılıq turizminin inkişaf etdirilməsi məqsədi daşıyır. Oyunların keçirildiyi Atçılıq Turizm Mərkəzi ölkəmizdə atçılıq turizminin inkişafına göstərilən qayğının bariz nümunəsidir”.
Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini, festivalın keçirilməsi üzrə təşkilat komitəsinin üzvü Cavanşir Cəfərov AzərTAc-a müsahibəsində deyib.
O diqqətə çatdırıb ki, ötən ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində çövkən oyunu təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınıb: “Bəşəriyyətin qorunmaya ehtiyacı olan mədəni ənənələri siyahısına Azərbaycanın milli atüstü oyununun daxil edilməsi ölkəmiz üçün çox önəmlidir”.
Nazirliyin təmsilçisi bildirib ki, festivalın
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr
olunması təsadüfi deyil: “Ulu öndər bütün
fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinin
inkişafına, milli-mənəvi dəyərlərimizin
qorunmasına böyük diqqət və
qayğı göstərib. Bu ənənə
indi də davam etdirilir. Mədəniyyətimizin,
incəsənətimizin inkişafında, əcdadlarımızın
bizə miras qoyduğu
mədəni dəyərlərimizin qorunması və təbliğində
dövlətimizin başçısı İlham
Əliyevin, həmçinin Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın xidmətləri
danılmazdır”.
Mədəniyyət.- 2014.- 9 may.-
S. 8.