«Skal Bakı» bölgələrdə fəaliyyətini gücləndirəcək

 

Turizm peşəkarları klubunun növbəti toplantısı keçirilib

 

Mayın 6-da «Emerald Hotel»də «Skal Bakı» təşkilatının (Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyası - «Skal İnternational»ın Bakı klubu) 16-cı toplantısı keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi nümayəndələrinin, ölkənin turizm təmsilçilərinin iştirak etdiyi tədbiri qurumun prezidenti, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov açdı. Qeyd olundu ki, yay turizm mövsümü ərəfəsində belə bir toplantının keçirilməsi önəmlidir. Çünki «Skal» turizm sahəsində çalışan peşəkar insanların yaratdığı bir qurumdur: “Bu toplantılar ünsiyyətin qurulmasına xidmət edir. Keçmiş SSRİ məkanında yeganə skal klubu Bakıdadır. Hesab edirik ki, birgə fəaliyyətimizlə Azərbaycanın turizm potensialını daha geniş təbliğ etmək mümkündür».

Ötən ilin Azərbaycan turizmi üçün uğurlu hadisələrlə yadda qaldığını deyən Cəfər Cəfərov həyata keçirilən beynəlxalq və yerli tədbirlərdən, əldə edilən nailiyyətlərdən söz açdı: «Bu yaxınlarda İsveçrənin turizm universitetlərindən bir neçəsinin rəhbərləri ATİ-nin qonağı olmuşdu. Onlar bildirdilər ki, regionda Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur».

Bunlarla bərabər, görüləsi işlər də çoxdur: «Bu, ilk növbədə turizm kadrlarının yetişdirilməsi ilə bağlıdır. Mədəniyyət və Turizm NazirliyiATİ-nin ekspertlərinin apardıqları araşdırmalar göstərir ki, hazırkı tendensiya ilə getsək, qarşıdakı 10 ildə turizmin ayrı-ayrı sahələri üzrə ehtiyac və tələbatın beşdə birini ödəmək mümkün olacaq. Bu səbəbdən obyektiv reallıqdır ki, turizm sənayesi ATİ-yə dəstək verməlidir”.

Cəfər Cəfərovun sözlərinə görə, «Skal» şəbəkəsinə üzv olanlar təmsil etdikləri şirkətin məhsul və xidmətlərini digər üzvlərə təqdim edə bilər. Eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən skal klublarının təklif etdikləri xidmətlərdən güzəştli formada yararlana bilər. Bu isə öz növbəsində turizmin inkişafına xidmət edən bir faktordur. Qeyd olundu ki, yaxın vaxtlarda skal üzvlərinə təlimlərin keçirilməsi nəzərdə tutulur.

«Skal Bakı»nın vitse-prezidenti Ceyhun Aşurov qurumun fəaliyyət planları barədə məlumat verdi. Bildirdi ki, bu il aprelin 28-də «Skal İnternational» təşkilatının 80 yaşı tamam olub: «Skal hamımızın təşkilatıdır. Burada fəaliyyət göstərməyimiz bizim özümüz üçün faydalıdır. Çünki bizim aktivliyimiz ümumilikdə turizmin inkişafına gətirib çıxarır. İl ərzində klubumuz London, Paris, Berlin, bu günlərdə isə Dubay sərgisində təmsil olunub. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən skalçılarla tanış ola bilirik. Bütün bunlar yeni əlaqələr, təcrübə mübadiləsi deməkdir».

«Emerald Hotel»in baş meneceri Faiq Əliyev hotel haqqında məlumat verdi. İki aydır fəaliyyət göstərən mehmanxanada 71 nömrə var. Eyni zamanda 120 qonaq yerləşdirmək mümkündür. Hoteldəki sauna, fitnes, spa salonundan istifadə müştərilərə təklif edilən qiymətə daxildir. Burada qonaqlara Azərbaycan Avropa mətbəxinin ən gözəl nümunələri təklif olunur.

«Young Skal» haqqında məlumat verən Tərlan Quliyev bildirdi ki, qurum bir ildir yaradılıb. Təşkilata əsasən turizm sahəsi üzrə təhsil alan bu sahədə çalışan gənclər qəbul olunur.

Türkiyə Boğaziçi Aşçılar Dərnəyinin başqanı Fırat Dursun skal təşkilatına üzv olmağın faydalarından danışdı qeyd etdi ki, təmsil etdiyi qurum İstanbul klubunun üzvüdür.

Skal Bakı”nın fəxri prezidenti Ruslan Quliyev bildirdi ki, bundan sonra qurum bölgələrdə daha sıx fəaliyyət göstərəcək. O, may-iyun aylarında idarə heyəti üzvlərinin Qərb zonasına Qəbələyə səfərlər edərək təşkilatın tanıtımını keçirəcəklərini diqqətə çatdırdı.

Sonra «Emerald Hotel»ə tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə «Skal Bakı» adından təşəkkürnamə təqdim edildi.

Rəsmi hissədən sonra Türkiyə Boğaziçi Aşçılar Dərnəyi başqanının kulinariya bacarığı nümayiş olundu.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 9.